Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropadan Birləşmiş Ştatların gömrük tariflərinə cavab

Avropa İttifaqı apreldən etibarən 26 milyard avro (28 milyard dollar) dəyərində ABŞ məhsullarına cavab tarifləri tətbiq edəcək. Avropa Komissiyası martın 12-də verdiyi bəyanatında bildirib ki, bu qərar ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq qəbul edilib.

Fevralda prezident Donald Tramp ABŞ-yə idxal olunan bütün polad və alüminium məhsullarına 25 faiz tarif tətbiq olunacağı barədə qərar qəbul edib. Bu gün, martın 12-də bu qərar qüvvəyə minib və bununla da bu məhsulların idxalı ilə bağlı əvvəlki istisnalar, vergisiz kvotalar ləğv olunub.

Avropa Komissiyası bildirib ki, ABŞ məhsullarına tətbiq olunan mövcud tariflər 1 aprel tarixində sona çatacaq və yeni tariflər 13 aprelə qədər tam qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, "bu müddət ərzində Aİ həmişə danışıqlara açıq olacaq".

"Reuters" yazır ki, mövcud tariflərin dayandırılması qayıqlardan motosikletlərə qədər müxtəlif məhsullara şamil edilir və Aİ indi digər məhsul kateqoriyalarını seçmək üçün ikihəftəlik məsləhətləşməyə başlayacaq.

Tariflərin tətbiqi təklif olunan hədəf məhsullar arasında sənaye və kənd təsərrüfatı məhsulları, məsələn, tekstil, ev əşyaları, plastiklər, toyuq, mal əti, yumurta, süd məhsulları, şəkər və tərəvəzlər də var.