Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa İttifaqının monitorinq missiyası region üçün nə vəd edir?


Rəsmi Bakı hesab edir ki, Avropa İttifaqı (Aİ) Şurası Ermənistanda monitorinq missiyası yerləşdirərkən onun “legitim maraqları nəzərə alınmalıdır”, Ermənistan isə bu missiya ilə “əməkdaşlıq edəcəyini” deyib.





Avropa İttifaqı Şurası bazar ertəsi sərhəd ərazilərdə “sabitliyə tövhə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.





Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək, qurum açıqlayıb.





Beynəlxalq Böhran Qrupunun şərhçiləri hesab edirlər ki, belə bir missiyanın mövcudluğu iki ölkə arasında gərginliyi azalda bilər, amma uğurlu nəticə əldə olunması üçün missiyanın mandatı və maliyyə imkanları məhdud olmamalıdır.




Azərbaycan və Ermənistanın gözləntisi




Azərbaycan Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, monitorinq missiyasından sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə “xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir” və monitorinqlər “qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməli”dir.





Ermənistan Aİ Şurasının missiya yaradılması ilə bağlı qərarını müsbət qarşılayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Twitter hesabında bildirib ki, Yerevan “missiya ilə əməkdaşlıq edəcək və onun bütün fəaliyyətini dəstəkləyəcək”.





“Bu missiya regionda sülhə, sabitliyə və təhlükəsizliyə tövhə verəcək”, - Mirzoyan əlavə edib.





Beynəlxalq Böhran Qrupunun gözləntisi




Bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında 2023-cü ildə daha bir müharibənin başlayacağı ehtimalından söz açan Beynəlxalq Böhran Qrupu isə Aİ missiyasının bölgədə müharibə riskini azaldacağı qənaətindədir.





Təşkilatın Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan bildirib ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində mülki monitorinq missiyası aparmaqla bağlı qərarı iki ölkə arasında mövcud gərginliklərin yeni münaqişəyə çevrilməməsi baxımından olduqca əhəmiyyətli və təqdiredici addımdır.





“Bu yolla Avropa İttifaqı həm də özünün vasitəçiliyi ilə aparılan sülh danışıqlarını yenidən davam etdirəcək”, - Olesya Vartanyan bildirib.





Bununla belə, o hesab edir ki, bu prosesə hər kəs qoşulsa belə, əgər iki illik monitorinq missiyasının kiçik büdcəsi, məhdud giriş imkanları və ya məhdud mandatı olarsa, bu fəaliyyət “səmərə verməyəcək”.





Onun fikrincə, missiya iştirakçıları monitorinq aparmaq və insidentləri qeydə almaqla yanaşı, həm də tərəflər arasında yerli səviyyədə dialoqun gücləndirilməsində fəal iştirak etməlidir.





Hələlik Azərbaycan, eləcə də regiondakı proseslərdə yaxından iştirak edən Rusiya bu missiya ilə əməkdaşlıq edib etməyəcəyini açıq şəkildə bildirməyib. Olesya Vartanyan bu amili də missiyanın effektiv olması baxımından mühüm hesab edir.





“Bu işdə Azərbaycanın əməkdaşlığı, eləcə də sərhədboyu yerləşmə üçün razılığı olmasa, missiyanın fəaliyyəti yarımçıq olacaq. Nəzərə alsaq ki, hazırda Rusiyanın sülhməramlıları 2020-ci ildən etibarən Dağlıq Qarabağa yerləşib və Ermənistanın bəzi sərhəd rayonlarında onun sərhəd keşikçiləri və hərbçiləri var, o zaman Rusiyanın da prosesə qoşulmaması monitorinq qrupunun işini daha da çətinləşdirə bilər”, - baş analitik qeyd edib.





Beynəlxalq Böhran Qrupunun region üzrə digər analitiki Zaur Şiriyev hesab edir ki, monitorinq missiyası ilə əməkdaşlıq Azərbaycanın da maraqları çərçivəsindədir.





“Rəsmi Bakının Aİ missiyasını dəstək kimi görüb-görməməsi, eləcə də əməkdaşlıq edib-etməməsi missiyanın uğurlu olmasında həlledici faktor olacaq. Əlaqələrin qurulması və Ermənistanla sərhəddə mümkün insidentlərin qarşısının alınması baxmından Aİ missiyası Bakının da maraqları ilə üst-üstə düşür”, - Zaur Şiriyev bildirib.





Onun sözlərinə görə, belə bir fəalliyyətin həyata keçməsi rəsmi Bakı və Yerevan arasında sərhədlə bağlı məsələlər ətrafında əməkdaşlığı daha da təşviq edə bilər.





Avropa İttifaqının gözləntisi




Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bu missiyanı qurumun Cənub Qafqazla münasibətlərində “yeni mərhələ” adlandırıb.





“Aİ de-eskalasiya cəhdlərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsi üçün hər iki tərəflə yaxından işləmək öhdəliyinə sadiqdir”, - Josep Borrell bildirib.





Aİ Şurasının yaydığı məlumata görə, missiya Ermənistanda sərhəd ərazilərdə müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək.





“Missiya, həmçinin Avropa Şurasının Prezidenti Charles Michel-in rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, - qurumun məlumatında qeyd olunub.





Fransanın xarici işlər naziri Catherine Colonna bu qərarın “çox vacib” olduğunu və Fransanın EUMA missiyasında iştirak etməkdən “məmnun olduğunu” bildirib.





Aİ-nin Ermənistan ərazisində ilk monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan sonra mükmün olmuş və iki ay davam etmişdi.