Logo
news content
User
Kateqoriyalar

Xəbər

Aşqabad köçü. Pasport növbələri

İşsizliyin sürətlə artdığı, cilovlanmayan inflyasiya, ərzaq qıtlığı, korrupsiya, hökumətin vətəndaşların həyatına nəzarəti fonunda türkmənistanlıların ölkədən getmək istəyi təəccüblü deyil.

AzadlıqRadiosunun türkmən xidməti xəbər verir ki, ölkə rəsmiləri pasport müraciətləri selini nizamlamağa çalışırlar, çünki minlərlə türkmən daha yaxşı həyat ümidiylə ölkədən gedir.

Ölkənin ikinci böyük şəhəri Türkmənabadda Dövlət Miqrasiya Agentliyindən yeni pasport almaq üçün sənəd vermək saatları mayın ortasınadək dolub. Bunu ərizəçilər deyirlər.

Şikayətlər, videolar yayılıb


Hələ ötən il Aşqabad 2020-ci ilin martından koronavirus pandemiyasına görə beynəlxalq uçuşlara qoyulmuş qadağaları qaldıranda minlərlə insan səfirliklərə və aeroportlara axışmışdı. Onlar ölkədən getmək istəyirdilər.

Amma işlək pasport, viza, təyyarə bileti olmadan Türkmənistan vətəndaşının ölkədən çıxa biləcəyinə zəmanət yoxdur. Avtoritar hökumətsə əhalinin ölkədən çıxışını önləmək üçün tədbirlər görür. Orta Asiyanın təcrid olunmuş bu ölkəsi son onillikdə əhali sayında azalma ilə üzləşib.

Dövlət sektoru işçilərinə yeni pasport verilməməsi, bəzilərinin bütün sənədləri olmasına baxmayaraq aeroportda təyyarəyə buraxılmamasına dair saysız şikayətlər, videolar yayılıb.

Tələbələr, yaşı 40-dan aşağı qadınlar


Ötən ilin sentyabr-noyabrında Aşqabaq Beynəlxalq Aeroportunun miqrasiya rəsmiləri bir çox tələbənin təyyarəyə minməsinin qarşısını alıblar. Bunu tələbələrin valideynləri, şahidlər deyirdilər.

Tələbələrin xaricdə təhsilinə hər hansı qadağayla bağlı rəsmi açıqlama, izah olmamışdı. Şahidlərə görə, miqrasiya rəsmiləri iddia ediblər ki, onlar Türkmənistan Təhsil Nazirliyinin rəsmən tanımadığı universitetlərə gedənləri buraxmırlar.

Türkmənistanda çoxları bu məhdudiyyətləri adamların ölkədən getməsini önləmək üçün bəhanə kimi görürlər.

Son həftələr yayılan daha bir xəbərə görə, paytaxtın miqrasiya rəsmiləri yaşı 40-dan az qadınların təyyarələrə minməsinin qarşısını alıb.

Dövlət sektoru işçiləri


Dövlət sektorunun işçiləri vaxtı keçmiş pasportlarını təzələyə bilmədiklərini deyirlər. Son illər yayılan məlumatlara görə, bəzi dövlət işçilərinin biometrik pasportlarını işəgötürənlər heç bir izahat vermədən alıblar.

Lebap vilayətində dövlət agentlikləri işçilərinə xəbərdarlıq ediblər ki, pasport almaq üçün müraciət etməsinlər, yaxud əllərində olandan da imtina etsinlər.

2013-cü ildə tətbiq olunan biometrik pasportla türkmənistanlılar ölkədən çıxa, yenidən daxil ola bilərlər.

Xarici səfirliklərə tapşırıq


Türkmənistan həmçinin səfirliklərinə xaricdə yaşayan vətəndaşlarına pasport verməyi qadağan edib. Həmin şəxslərin pasportunu yeniləmək, itirilən sənədlərini bərpa etməkdən ötrü Türkmənistana qayıtmaqdan başqa yolu qalmır.

Ötən sentyabrdan isə Xarici İşlər Nazirliyi gözlənilməyən bir addım atıb, türkmən miqrantların əsas üz tutduğu ölkə olan Türkiyədən xahiş edib ki, türmənistanlılar üçün vizasız rejimi “müvəqqəti” dayandırsın.

Türkiyə bu xahişə əməl edərək türkmənlərin Türkiyədə vizasız 30 gün qalmasına icazə verən qaydanı ləğv edib.

O zaman Türkiyə dövlət Miqrasiya Xidməti bildirirdi ki, ölkədə 230 minədək türkmənistanlı daimi yaşayır. Ancaq bu rəqəmin daha çox olduğu güman edilir, çünki vaxtı keçmiş pasportla, vizasız qalan türkmən mühacirlərin sayı çoxdur.

Rüşvət


Türkmənabadda bəri sakinlərin AzadlıqRadiosuna dediyinə görə, növbədə qabağa keçmək və bir neçə həftəyə yeni pasport almaq üçün 200 dollaradək rüşvət veriblər.

Aşqabadda da bəzi valideynlər övladlarının Rusiya və digər ölkələrə oxumağa getmək üçün təyyarəyə minməsindən ötrü aeroportda miqrasiya işçilərinə rüşvət verdiklərini söyləyirdilər.

Elə yaşı 40-dan az qadınların təyyarə minmək qadağasından yayınması üçün aeroportda kömək təklif edən şəxslərin olduğu deyilir. Belə bir kömək üçün nə qədər rüşvətin gərəkdiyi bəlli deyil.

AzadlıqRadiosunun türkmən xidməti Türkmənabad və Aşqabadda rəsmilərə müraciət edərək səyahət qadağalarına dair şərh istəyiblər, ancaq cavab almayıblar.