Logo
news content
User
Kateqoriyalar

Xəbər

Arman Sarkisyan: "Ən pis danışıqlar belə, hərbi əməliyyatlardan yaxşıdır"

Ermənistan-Azərbaycan delimitasiya komissiyasının işi davam etdirilməlidir.

Bunu mayın 31-də Azadlıq Radiosunun erməni xidmətinin sualına cavab verərkən Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.



Ötən həftə sərhəd gərginliyi nəticəsində Syunikdə Ermənistanın hərbi qulluqçusu David Vardanyan ölüb.

Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, Azərbaycan tərəfi snayper tüfəngləri də daxil müxtəlif çaplı silahlardan Ermənistanın mövqelərini atəşə tutub.

Azadlıq Radiosunun erməni xidməti ki, bundan bir həftə əvvəl iki ölkənin milli delimitasiya komissiyaları sədrlərinin - baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılığı ilə nümayəndə heyətləri sərhədin Yerasx sektorunda görüşüblər.

Hansı xəritələrlə

Elə həmin gün dərc olunmuş məlumatda deyilirdi ki, “tərəflər sərhəddə təhlükəsizliyin təminatı da daxil delimitasiya və başqa məsələlərin üzərində komissiyaların çərçivəsində işləmək barədə razılığa gəldiklərini bildiriblər”.

Bu da xəbər verilmişdi ki, komissiyaların növbəti iclası Moskvada keçiriləcək. Ermənistanın delimitasiya komissiyasının üzvü olan Arman Sarkisyan bu görüşün konkret tarixini deməyib.

O bildirib ki, bu görüşün keçiriləcəyindən əmindir:

“Təbii ki, komissiyanın işi davam etdirilməlidir. Çünki danışıqlar bütün mənalarda ən yaxşı həldir. Ən pis danışıqlar da hərbi əməliyyatlardan daha çox arzuolunandır”.

Azatutyun yazır ki, buna baxmayaraq mayın 31-də parlamentə büdcə müzakirəsinə qatılmaq üçün gəlmiş Arman Sarkisyan və milli təhlükəsizlik xidmətinin başçısı Aram Akopyan delimitasiyanın hansı xəritələrlə aparılacağına dair suallara konkret cavab verməyiblər.

Arman Sarkisyan deyib: “Bunlar müzakirəsi zəruri olan məsələlərdir. Hələki bir görüş olub. O görüşdə təşkilat məsələləri, sonrakı addımlar müzakirə olunub”.

Aram Akopyan isə xəritələr barədə suala belə cavab verib: “Müxtəlif xəritələr. Hansılar varsa. Ortaya qoyulacaq və üzərində iş gedəcək”.