Logo
news content
User
Kateqoriyalar

Xəbər

Anası Vasif Tağıyevin igidliyindən danışdı: “İstəsə, terrorçunu öldürə də bilərdi”

İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunun cənab Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsinə görə təəssüratını bölüşüb.

T.Tağıyeva müsahibəsində Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Allah Prezidentimizə can sağlığı versin, Vasifin igidliyinə qiymət verdi. Çox sağ olsun. Vasifin ən böyük mükafatı həm də budur ki, təyyarədə Vətənə gələrkən səfirlikdə həyatını xilas etdiyi ailələrin uşaqlarının səsini eşitmişdi. Vasifin ən çox kövrəldiyi an o idi. O, həmin ailələrlə eyni təyyarədə gəlmişdi. Vasif deyir ki, uzanıqlı vəziyyətdə uşaqların səsini eşitdim, özümü saxlaya bilmədim, həyəcandan ağladım…”, - deyə o vurğulayıb.

Təranə Tağıyeva Vasif Tağıyevə Milli Qəhrəman adının verilməsi barədə təkliflərə də münasibət bildirib:

“Bilirəm ki, Vasif xalqımın qəhrəmanıdır. Səfirlik ərazisi bizim suveren torpağımız sayılır. Vasif o torpağı xilas etdi. Milli Qəhrəman adı verilsə də, verilməsə də, o, hamımızın qəhrəmanıdır. Bizə Vasifin sağlığı lazımdır. Allaha şükür ki, o qədər canı xilas etdi. O, İranda həm də dövlətimizi qorudu. Terrorçunu öldürmədi. İstəsə, öldürə də bilərdi. Amma dövlətimizin adını uca tutmaq üçün terrorçunu zərərsizləşdirib, qapıdan çölə çıxarıb ki, getsin, xətası bizdən uzaq olsun. Yoxsa Vasif onu rahat öldürərdi ki, canı qurtarsın. Amma belə etmədi ki, qoy dövlətimizin başı uca olsun. Oğlum hamısını düşünərək edib. O boyda həyəcan keçirməsinə baxmayaraq, ağıllı addım atıb…”

T.Tağıyeva Vasif Tağıyevin səhhəti ilə də bağlı məlumat verib:

“Allaha şükür, indi vəziyyəti yaxşıdır. Yavaş-yavaş sağalır. Xəstəxanadadır. Allahın izni ilə beş-on günə evimizə gələr. Rahat danışmaq olmur. Görüntülü danışırıq, bir-birimizi başa düşürük. Güllə yarasına görə üzündə, çənəsində bir az problem var. Güllə çənəsindən dəyib, yanağından çıxıb. Ona görə də damaqlarını bir-birinə tikiblər, ağzını tərpədə bilmir. Yenə də əlimizlə, gözümüzlə də olsa, bir-birimizi başa düşürük. “Rəşadət” ordeni ilə təltif edilməsini də Vasif özü bizə dedi. Xəstəxanadan görüntülü zəng etdi. Elə həyəcanlanıb kövrəlmişdi ki. Dedik ki, nə olub? Dili ilə deyə bilmir axı. Əli ilə işarə etdi ki, hər şey yaxşıdır, cənab Prezident məni mükafatlandırıb. Təbii ki, biz də sevindik…”. (Pravda.az)