Amerika Gürcüstanda demokratiyanın geriləməsindən məyus olub
01 Mart 2023
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə keçmiş direktoru Fiona Hill Brukinqs İnstitutunda keçirilən müzakirələrdə Gürcüstanda demokratiyanın geriləməsindən narahatlıq ifadə ediblər.
Pressklub.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Rays Gürcüstan sarıdan çox narahat olduğunu deyib: “Biz fokusu itirmişik. İnsan hüquqlarının pozulması və media azadlığı çağırışlarına cavab olaraq çox az iş görmüşük. Mən Gürcüstanın yenidən ABŞ-ın gündəliyinə qayıtmasını istəyirəm. 2008-10-cu illərdə biz çox şey əldə etdik, lakin bu nailiyyətlər geriyə gedib”.
Fiona Hill isə qeyd edib ki, “biz Gürcüstan haqqında əvvəlki kimi danışmırıq”.
“İndi Mixail Saakaşvili həbsdədir, sağlamlığı təhlükə altındadır. 2013-cü ildə hakimiyyətdən getdi, Gürcüstan tamam başqa istiqamətə yönəldi. Ona görə də Putin düşünəcək ki, döyüş meydanında (Ukraynada- red.) qalib gələ bilməsə, sonda məqsədinə çata bilər. Biz artıq Gürcüstandan əvvəlki kimi danışmırıq. Bu, böyük faciədir.
On il ötüb, Gürcüstan artıq başqa bir yerdir. Putin üçün rahat, müdafiəsiz və zəifdir. Gürcüstan artıq 2008-ci ildə reklam etdiyimiz demokratiya şüası ola bilmir”.