Logo
news content
User
Kateqoriyalar

Xəbər

Alqışlayırıq, amma istəmirik - Moskva Bakı və İrəvan arasında vasitəçilik səylərinin təkrarlanmasını lazımsız hesab edir

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsü alqışlayır.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsü alqışlayırıq. Artıq dediyim kimi, Bakı ilə İrəvan arasında barışıq səylərinin əsasında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər durur. Mən nəqliyyat-iqtisadi əlaqələrin bərpa edilməsi, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tuturam. İctimai fəalların və ekspertlərin təmasları vasitəsilə etimadın möhkəmləndirilməsi, sülh müqaviləsinin hazırlanması lazımdır. Əsas odur ki, davam edən vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır”.

O, bu barədə Moskvanın Misirin İrəvan və Bakı arasında vasitəçilik təşəbbüsünə münasibəti ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz Misir kimi böyük və nüfuzlu ölkənin Bakı ilə Yerevan arasında sülh prosesinə kömək etmək təşəbbüsünü məhz bu mənada qəbul edirik”, - Qaluzin əlavə edib.

Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Misir bu ölkələr arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır.