Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ali təhsil 3 ilə endirilə bilər?

Azərbaycanda "Ali Təhsil haqqında" Qanun qəbul oluna bilər. Milli Məclisdən verilən məlumata görə, bu adda qanun layihəsinin yaxın günlərdə parlamentdə müzakirəsi gözlənilir. Layihə qəbul olunarsa, bu, Azərbaycanda ilk ali təhsil haqqında qanun olacaq. Hazırda isə 2009-cu ildə qəbul olunmuş ümumi "Təhsil haqqında" Qanun mövcuddur.
Layihədə olanlar...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, hər il təhsildə müxtəlif inkişaf gedir, dünyanın ayrı-ayrı ölkələrində təhsil sistemlərinə yenidən baxırlar: "Azərbaycanda da artıq bir müddətdir ali təhsil haqqında ayrıca bir qanuna zərurət yaranmışdır".

Onun sözlərinə görə, parlamentin Elm və təhsil komitəsində işçi qrup yaradılıb və onlar yekun olaraq qanun layihəsini hazırlayıb ayrı-ayrı qurumlarla müzakirə ediblər.
"Bakalavrların təhsil müddəti 3 il..."

Komitə üzvü qeyd edib ki, layihənin əvvəlində ali təhsilə aid anlayışlara aydınlıq gətirilir: "Bir çox məsələlər var. Bizim üçün ən önəmli məsələlərdən biri təklif kimi nəzərdən keçirilir. Bakalavrların təhsil müddəti 3 il (hazırda 4 ildir), magistratura üçün isə 1 il olmasıdır. Dünya təcrübəsində belə bir praktika var".

Lakin C.Məmmədovun fikrincə, bunun birdən-birə tətbiqi hazırda qeyri-mümkündür: "Bu, uzun bir prosesdir. Burada kredit sistemi var, proqramlar məsələsi var. Gələcəkdə zərurət yaranarsa, müəyyən prosedurlar həyata keçirildikdən sonra baxıla bilər".

Onun vurğulamasına görə, qanun layihəsində vacib məqamlardan biri məsafədən təhsildir: "Bir neçə ildir dünyada tədris distant üsulu ilə aparılır. Bizim layihədə də məsafədən təhsil məsələsi əksini tapıb".
"Sosial yataqxanalar da nəzərdə tutulur"

C.Məmmədov bildirib ki, qanun layihəsində həmçinin sosial yataqxanalar da nəzərdə tutulur: "Uzun illərdir Azərbaycanda müxtəlif obyektiv və subyektiv səbəblərdən tələbə yataqxanaları ilə bağlı bir sıra problemlər yaşanır. Bu baxımından nəzərdə tutulur ki, hər hansı universitet yaradılarkən mütləq onun yataqxanasının olması şərti irəli sürülsün. Bundan əlavə, tələbələrimizin gələcəkdə yataqxana ilə təminatının gücləndirilməsi üçün sosial yataqxanalar məsələsi nəzərdə tutulub".

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, ayrıca "Ali Təhsil haqqında" Qanuna ehtiyac var: "Çünki hazırda ali təhsilə aid olan məsələlər "Təhsil haqqında" Qanunla və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Ona görə də bəzi məsələlər mübahisəli olur".
"Bunlar layihədə öz əksini tapmayıb"

Onun fikrincə, qanun layihəsi yaxşı hazırlansa da, müəyyən qədər çatışmazlıqlar var: "Amma yeni qanun ali təhsilin inkişafına təsir göstərəcək. Çünki orada ali təhsil müəssisələrinin müəyyən muxtariyyəti, idarə edilməsi, rektorların təyinatı kimi məsələlər öz əksini tapıb".

Lakin ekspert hesab edir ki, layihədə universitetlərin beynəlxalq əməkdaşlığı, tələbə qəbulu qaydalarında ali məktəblərə müəyyən qədər müstəqilliyin verilməsi məsələləri də əksini tapmalı idi: "Bunlar layihədə öz əksini tapmayıb".
"Sinif nümayəndəsini belə tələbələr seçə bilmir"

"Tələbə Güc Mərkəzi" İctimai Birliyinin sədri Fərid İmanov isə prosesin manipulyasiya xarakteri daşıdığını düşünür. Onun sözlərinə görə, əgər hökumət təhsil müəssisələrinin dünya standartlarına uyğun idarə olunmasını istəyirsə, rektoru tələbələrin seçməsi ilə bağlı qanun qəbul edilməlidir: "Halbuki, universitetlərdə nəinki rektoru, hətta sinif nümayəndəsini belə tələbələr özü seçə bilmir".

F.İmanovun vurğulamasına görə, hazırda təhsildən böyük ölçüdə maddi imkanı olanlar yararlana bilir: "Dövlət universitetlərində təhsil pulsuz deyilsə, qanunun, sadəcə, manipulyasiya olduğu açıq-aydın ortada olacaq".

O, yaşam təqaüdünün müəyyən edilməsini də vacib sayır. (Azadlıq Radiosu)