Logo
news content
User
Kateqoriyalar

Xəbər

Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının məşqlərinə başlanılıb - FOTO

Mayın 4-də Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim olunacaq.


Pressklub.az-ın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.


Yeni yaradıcılıq işində Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), xalq artisti Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), xalq artisti Əli Nur (Süleyman bəy), əməkdar artistlər Elşən Rüstəmov (Mircəfər Bağırov), Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Şəhla Əliqızı (Fatma), Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova (Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi), aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino), Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov və Tural İbrahimov (Nəzarətçilər) çıxış edəcəklər.


Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.


Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. 59 gün sonra – dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - 26 nömrəli əmək koloniyasına göndərilib. 3105 gün sonra – 1945-ci ildə azad olunub. 1955-ci ildə ona tam bəraət verilib.


Tamaşanın premyerasının iyun ayında olacağı planlaşdırılır.