Aİ Ukraynaya 106 milyard dollarlıq kredit ayırır
20 Dekabr 2025
Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avro (106 milyard dollar) məbləğində faizsiz kredit verəcək. Amma blok Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsində razılığa gələ bilməyib. Bu aktivlərdən qarşıdakı illərdə Ukraynanın iqtisadi və hərbi ehtiyaclarını dəstəkləmək üçün istifadə təklif olunurdu.
Aİ Şurasının sədri Antoniu Koşta dekabrın 19-da X platformasında yazıb ki, bu vəsait 2026 və 2027-ci illər üçün nəzərdə tutulur.
"Öhdəlik götürdük, həyata keçirdik", – o qeyd edib.
"Reparasiya kreditləri daha çox iş tələb edir"
Dekabrın 18-də başlayan danışıqlarda Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq üçün dondurulmuş Rusiya suveren aktivlərindən on milyardlarla avronun istifadəsi müzakirə olunurdu.
Aİ-nin bəzi üzvləri hüquqi narahatlıqlardan dolayı bu təklifi dəstəkləməyib. Əvəzində "Aİ-nin büdcə ehtiyatı" əsasında kapital bazarlarından borclanma yolu ilə kredit verilməsi üzrə razılıq əldə olunub.
"Uzun müzakirələrdən sonra aydın oldu ki, reparasiya kreditləri daha çox iş tələb edir, çünki liderlərin detalları nəzərdən keçirməsindən ötrü daha çox zamana ehtiyacı var", – Aİ rəsmisi AzadlıqRadiosuna deyib.
Ukraynanın maliyyələşdirilməsi blokun 27 üzvü üçün böyük problemə çevrilib. Bu arada ABŞ maliyyə dəstəyini məhdudlaşdırır, Macarıstan kimi ölkələr də maliyyəni azaltmağa çağırır.
Polşa isə durumu "bu gün pul" ilə "sabah qan" arasında seçim ilə müqayisə edib.
Pul gəlməsə, dron istehsalı azalacaq
Ukrayna prezidenti Volodimir Zelenski sammitdə iştirak edib. O, liderlərə deyib ki, Aİ-də saxlanılan dondurulmuş Rusiya aktivləri ilə təmin olunan kredit təklifinə üstünlük verilir. Amma əsas məsələ vəsaitlərin necə istifadə olunması deyil, bir həllin tapılmasıdır.
"Sülh olarsa, bu vəsait ölkənin bərpasına, müharibə davam edərsə digər prioritetlərə, dron istehsalına yönəldiləcək. Əgər yazda Ukrayna müvafiq tranşı almasa, dron istehsalı bir neçə dəfə azalacaq", – o bildirib.
Hazırda Rusiyanın 140 milyard avroluq (165 milyard dollar) dövlət aktivləri Belçikanın "Euroclear" maliyyə şirkətində, daha 25 milyardlıq aktivlər isə Aİ banklarında saxlanılır.
Aİ-nin 27 üzvünün əksəriyyəti kreditin təminatı üçün aktivlərdən istifadəni dəstəkləyib. Belçika isə planın onu hüquqi baxımdan risk altına sala biləcəyindən ehtiyat edir.
Putindən kobud tənqid
Aİ sammitindən öncə Rusiya prezidenti Vladimir Putin blokun liderlərini "çoşqa" (donuz balası) sözü ilə kobud tənqid edib. O deyib ki, ABŞ-nin sülh təşəbbüsü Moskvanın tələblərinə cavab verməsə, Rusiya Ukraynada müharibədə məqsədlərinə güc yolu ilə çatacaq.
Putin dekabrın 17-də Müdafiə Nazirliyinin illik tədbirində Avropanı və Ukraynanı sülh səylərinin uğursuzluğuna görə günahlandırmağa çalışıb. "Qarşı tərəf və xarici himayədarları ciddi danışıqlara getməkdən imtina edərsə, Rusiya hərbi vasitələrlə öz tarixi torpaqlarının azad edəcək", – Putin deyib.
Putin dekabrın 19-da illik mətbuat konfransı keçirəcək. Onun aktivlərlə bağlı təklifə də toxunacağı gözlənilir. Rusiya dondurulmuş aktivlərindən hər hansı istifadəyə qarşı böyük hüquqi addımlarla hədələmişdi.
Hazırda Moskva Ukrayna ərazisinin beşdə birinə nəzarət edir. Rusiya rəsmiləri Ukraynanın beş bölgəsi ilə bağlı kompromisə getməyəcəklərini dəfələrlə bildiriblər. Putin həmin bölgələri Rusiya ərazisi olduğunu iddia edir.
ABŞ, Ukrayna, Avropa və Rusiya həftələrdir intensiv danışıqlar aparırlar. Əsas mübahisə mövzularından biri Ukrayna qüvvələrinin Donetsk vilayətində hələ də nəzarətdə saxladığı ərazidir.