AzadlıqRadiosunun Özbək xidməti - Ozodlik xəbər verir ki, Daşkənddə 30-dan çox putinyönlü müğənninin iştirakilə keçirilməsi nəzərdə tutulan “Jara” beynəlxalq musiqi festivalı ləğv olunub.
Bundan əvvəl bu festivalın keçirilməsindən Azərbaycan və Qazaxıstan imtina etmişdilər.
Özbəkistanda bu festivalın bilet satışı ilə məşğul olan təşkilat aprelin 3-də elan edib ki, mayın 20-21-ə planlaşdırılan böyük konsert olmayacaq.
iTicket provayderinin bəyanatında deyilir:
“Təəssüf ki, dünyanın hazırkı vəziyyəti genişmiqyaslı musiqi tədbirləri üçün münasib deyil”.
iTicket-in “Günəşin, ölkələri və nəsilləri birləşdirən dostluğun bayramı” kimi reklam etdiyi tədbir tənqidçilərin dediyinə görə “Z-Batalyon” və “Putinçi banda” ayamalarını qazanıb.
Bu festivalda iştirakı nəzərdə tutulan müğənnilər Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək vermiş sənətçilərdir.
“Rusofob sentiment”
Bundan əvvəl festivalın guya başqa vaxta keçiriləcəyinə dair şayiələr dolaşsa da, polisin sözçüsü festivalın Daxili İşlər Nazirliyinin əmri ilə ləğv olunduğunu bildirib.
Sözçü əlavə edib ki, bu qərar bu konsertdə Rusiyanın Ukrayna müharibəsinə dəstək verən müğənnilərin iştirakı ilə bağlı verilib.
Festivalın təşkilatçıları bundan əvvəl onun martın 9-12-də Qazaxıstanın ən böyük şəhəri Almatıda keçiriləcəyini elan etmişdilər. Lakin onlar daha sonra bildirmişdilər ki, tədbir Daşkəndin “Özbəkistan” parkında keçiriləcək.
Həmin vaxt təşkilatçılar bu dəyişikliyi “rusofob sentimentin məcburiyyəti” ilə izah etmişdilər.
İlk dəfə 2016-cı ildə Bakıda keçirilmiş bu festival sonradan illik tədbirə çevrilmişdi, lakin Azərbaycan ötən il bu festivalın keçirilməməsi barədə qərar qəbul edib.
Sanksiya siyahısındakı müğənnilər
Daşkənddə bu konsert üçün hazırlanmış afişalarda əvvəlcə onun həmtəsisçilərindən müğənni Qriqori Lepsin şəkilləri vardı.
O Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək verdiyinə görə Avropa İttifaqının sanksiya siyahısına salınıb.
Leps 2013-cü ildə transmilli cinayətkar qruplaşma ilə əlaqələrinə görə habelə ABŞ Maliyyə Nazirliyinin xüsusi qara siyahısına əlavə olunmuşdu, lakin həmin siyahıdan ötən fevralda çıxarılıb.
Müğənni ötən il Putinin də iştirak etdiyi bayram tədbirini açmışdı.
Bundan əvvəlki tədbirlərin afişalarında olan iştirakçılardan Dima Bilan və pop müğənnisi Lolita da Kremlin təbliğatçısı olmaqda ittiham edilirlər.
Amma Daşkənd üçün hazırlanan afişalarda Lolita və Bilan olmasa da, Olqa Buzava vardı. O 2022-ci ildə Rusiya qoşunlarını əyləndirmək üçün Ukraynanın işğal olunmuş Donetsk vilayətində konsert vermişdi.
Pandemiya, “dünyadakı vəziyyət” və sair
2018-ci ildə Bakıda keçirilən Jara konsertində ABŞ aktyoru, özünü Putinin dostu kimi təqdim edən Stiven Siqal da çıxış etmişdi. O Rusiya vətəndaşlığını qəbul edib və özünü “rusofil” adlandırır.
2021-ci ildə “Jara” festivalının Moskvada keçirilməsi planlaşdırılsa da tədbir koronavirus pandemiyasına görə təxirə salınmışdı.
Festivalın həmtəsisçisi Emin Ağalarov 2022-ci ildə demişdi ki, iyul ayında Bakıda keçirilməli olan konsert “dünyada hazırkı vəziyyətə” görə ləğv olunub.
Amma o bu ilin yanvarında festivalın Qazaxıstan və Özbəkistanla yanaşı Azərbaycanda da kerçiriləcəyini bildirib.
“Jara” konsertinin Özbəkistanda keçiriləcəyinə dair xəbərlər bu ölkənin sosial medialarında etiraz və boykot çağırışları ilə qarşılanmışdı.