Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya silahlı qüvvələrini dəstəkləyənlərə qarşı yeni sanksiyalar tətbiq edib

Çərşənbə günü Bayden administrasiyası ötən il Kremlə və onun müttəfiqlərinə qarşı əvvəllər tətbiq edilmiş sanksiyalardan yan keçərək, Rusiyanın silah almasına kömək edən 22 nəfərə qarşı yeni sanksiyalar elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ administrasiyası bildirib ki, əsasən sanksiyalar Rusiyaya “yüksək texnologiyalı cihazlar” göndərdiyinə görə İqor Vladimiroviç Zimenkova - Rusiya və Kiprdə yerləşən silah alverçisinə, həmçinin onun oğlu və onun şəbəkəsinin bir neçə üzvünə aiddir.

Həmin şəxslər Ukraynada müharibə üçün Rusiyaya yüksək texnologiyalı hərbi qurğular tədarük ediblər. Onlar həmçinin Rusiyanın kibertəhlükəsizlik və vertolyot satışı üzrə çoxsaylı sövdələşmələrində iştirak ediblər və Rusiyanın “Rosoboroneksport” silah ixracatçısı ilə sıx əməkdaşlıq edirlər.

Zimenkovun şəbəkəsi Sinqapur, Belarus, Bolqarıstan və İsrail vasitəsilə də fəaliyyət göstərir. ABŞ sanksiyaları Zimenkovun və onun tərəfdaşlarının ABŞ ərazisindəki bütün mülkiyyət və maliyyəyə çıxışını əngəlləyir.

“ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya şəraitində Rusiya hərbi maşınına və onu dəstəkləyənlərə qarşı sanksiyaları tətbiq etməyə davam edəcək”, - dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir. Bu hərəkətlər Rusiyanın müharibə aparmaq imkanlarını azaldacaq və onun hərbi sənaye kompleksini zəiflədəcək”.

Onun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksi üçün silah ehtiyatlarının yerini  doldurmaq “getdikcə çətinləşir” və bu, Kremli İran və Şimali Koreya kimi ölkələrə arxalanmağa məcbur edir.