Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Qarabağda "uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyası" yaratmaq çağırışını təkrarlayıb

Çərşənbə axşamı ABŞ "Dağlıq Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyası"nın yaradılmasına çağırışını təsdiqləyib. Bu barədə  Dövlət Departamentinin mətbuat katibinin müavini Vedan Patel bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

ABŞ "layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyilə ən yüksək səviyyədə qarşılıqlı fəaliyyətdə rol oynamağa davam etməyi" planlaşdırır, - gündəlik brifinqdə Patel Turan-ın suallarını cavablandırarkən deyib.

"Siz də gördünüz ki, biz ötən həftə ərzində və sonra Dağlıq Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına çağırışımızı təkrarladıq. Məqsəd etnik ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına dair şəffaflığı və əminliyi təmin etməkdir”,- Patel deyib.

"Əsasən söhbət qayıtmaq istəyənlərdən, həmçinin mədəni irs obyektlərinin qorunmasından gedir ki, bu da, əlbəttə ki, Azərbaycanın açıq bəyanatlarına, eləcə də beynəlxalq öhdəliklərinə uyğundur", - o əlavə edib.

Patelin şərhləri çərşənbə axşamı günorta Ağ Ev Qarabağdakı humanitar vəziyyətə "çox diqqət yetirdiyini" və Vaşinqtonun bölgəyə təbii fəlakətlərə çevik reaksiya qrupu göndərdiyini bəyan etdikdən sonra səslənib.

"Biz yada salırıq ki, böyük əksəriyyət, zənnimcə, demək olar ki, bütün etnik ermənilər gediblər. Humanitar yardımla bağlı ciddi bir problem var, buna görə USAID administratoru Samanta Pauer bir neçə gün öncə orada olub", - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Jon Kirbi jurnalistlərə deyib.

O əlavə edib ki, ABŞ 11 milyon dollar humanitar yardım ayırıb.

Çərşənbə axşamı Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin  Roma Əsasnaməsinə qoşulmaq barədə qərar qəbul etməsi baxımından Bayden administrasiyası  Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmətini ifadə edib.

"Biz hər bir ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə  qoşulmaq hüququna hörmətlə yanaşırıq və Ermənistan da daxil olmaqla, ədalətin təminatı üzrə öhdəlik götürmüş, soyqırıma, müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət götürmüş bir çox dövləti təqdir edirik", - Patel deyib.

Eyni zamanda, o, Moskvanın Ermənistana qarşı artan ritorikası, eləcə də Rusiyanın Ermənistana qarşı cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-ın potensial dəstəyi barədə şərh verməkdən çəkinib.

Rusiyanın Qarabağ regionunda hərbi iştirakı barədə sualın cavabında Patel "keçən ay sülhməramlıların məhsuldar rol oynamaması" ilə bağlı Dövlət Departamentinin ilkin qiymətləndirməsini təkrarlayıb. "Belə iştirak əvvəlkitək narahatlıq doğurur", - o, Turan-ın müxbirinə deyib.