Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-ın sanksiya siyahısına salınan Azərbaycan bankının sahibi hara qaçıb?

ABŞ-ın fəaliyyətini blokladığı banklar siyahısına Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən Bankoff da daxil edilib. Ondan sonra minlərlə Azərbaycan vətəndaşı bankdakı vəsaitinin taleyi barəsində məlumat ala bilmir.

Qeyd edək ki, Bankoff ABŞ tərəfindən bloklanan ilk Azərbaycan bankıdır və bank rəsmi olaraq bloklandığını təsdiq edərək müştərilərindən üzrxahlıq edib.

Bəs ABŞ-ın Azəbaycan bankını bloklamasına nə səbəb oldu?

Mövzu ilə bağlı açıqlama verən START UP üzrə layihə meneceri, ekspert Cəmil Hüseynzadə bildirib ki, Bankoff START UP layihəsi əsasında yaranmış milli onlayn bankdır.

“Bank bir ildən çoxdur ki, online olaraq fəaliyyət göstərirdi. Mobil tətbiq əsasında çalışırdı. Fəaliyyəti təkcə Azərbaycana deyil, bütün qlobal dünyaya fokuslanmışdı”.

Ekspertin sözlərinə görə Rusiyanın böyük banklarına sanksiya tətbiq olunduqdan sonra onlar alternativlər axtarmağa başladılar.

Bu alternativi isə online Azərbaycan bankı olan Bankoff öz üzərinə götürdü və ondan sonra olanlar oldu:

“Son zamanlar Bankoff-a Rusiyadan xeyli visa və mastercard sifarişləri gəlməyə başladı və bu ölkədə yaşayan müştəriləri vasitəsilə bankın gəlirləri birə-beş artdı. Məhz Rusiyanın bloklanan şirkətləri ilə əməkdaşlıq etdiyi və Rusiya vətəndaşlarına xidmət göstərdiyi üçün Amerika online fəaliyyət göstərən Azərbaycan Bankının fəaliyyətini blokladı”.

Ekspertin söylədiyinə görə, layihə Amerikalı investrların dəstəyi əsasında yaradılıb və onların müraciətləri əsasında da bloklanıb:

“Aprel ayının sonu və may ayının əvvəlində şirkət bloklandığnı açıqlamağa başladı. Bloklanma isə bankın xidmətlərindən istifadə edən bütün şəxslərə şamil edilir”.

Əldə etdiyimiz məlumata görə, bank Elmir Əliyev adlı şəxsə məxsusdur. Bankın fəaliyyəti bloklandıqdan sonra Elmir Əliyev bütün əlaqə nömrələrini və sosial-media hesablarını donduraraq Azərbaycanı tərk edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də sözügedən START UP layihəsini dəstəkləyənlər arasında olub. Nazirlik bankın fəaliyyətinin dayandırması ilə bağlı hələ ki, heç bir məlumat açıqlamayıb. (Bizim.Media)