ABŞ Dövlət Departamenti mayın 15-də “2022-ci ildə Beynəlxalq Din Azadlığı” hesabatını yayıb.
Bu hesabatda Azərbaycan Türkiyə, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Şri Lanka və Özbəkistanla birlikdə Din Azadlığı Qanununa uyğun olaraq dini azadlıqların kobud şəkildə pozulması ilə bağlı Xüsusi Nəzarət Siyahısına daxil edilib.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, bu ölkədə dini azadlıq şəraiti ümumən neqativ qiymətləndirilib.
Bu da qeyd olunur ki, Azərbaycanda bütün dini fəaliyyət üzərində hökumətin nəzarəti gücləndirilib.
Sənəddə bildirilir ki, Azərbaycan qanunu bütün dini icmaların dövlət qeydiyyatından keçməsini tələb edir, istifadə olunan dini ədəbiyyata və başqa materiallara hökumətin icazəsi tələb olunur.
Hesabatda deyilir ki, prezident İlham Əliyev mart ayında din qanununa bəzi düzəlişləri imzalayıb.
Bu düzəlişlərdən birinə görə imamların təyin edilməsi nominal baxımdan müstəqil Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Birliklərlə İş üzrə Dövlət Komitəsinə verilib və beləliklə də hökumətin dini işlərə müdaxiləsi rəsmiləşdirilib.
Sənəddə qeyd olunur ki, artıq may ayında sözü gedən dövlət komitəsi şiə imam Mirseymur Əliyevi Ramazan ibadətini dövlətin təyin etdiyi gündən fərqli gündə apardığına görə vəzifəsindən çıxarıb. Elə həmin Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti üçün 65 yaş hüdudu müəyyən edib.
Heç bir qeyri-müsəlman icma qeydiyyata alınmayıb
Bu da bildirilir ki, ötən il ərzində ölkə boyunca 20-dək müsəlman ibadətin şəxsi evlərdə aparılmasına və dini mərasimlərdə uşaqların iştirakına görə reydlər, dini ədəbiyyatın müsadirəsi və cərimələrlə üzləşib.
Hesabatda bildirilir ki, dini azlıq nümayəndələri paytaxt Bakıda din azadlığı sahəsində pozitiv dəyişikliklər hiss etdiklərini bildiriblər, amma paytaxtdan kənarda xristianların izləndiyi qeydə alınıb.
Sənəddə deyilir ki, Azərbaycan hökuməti ötən il də heç bir qeyri-müsəlman icmasını qeydiyyatdan keçirməyib və bu, protestant xristianların və Yəhva şahidlərinin fəaliyyətini qeyri-legitim edib.
Bu da vurğulanır ki, Konstitusiyada belə bir müddəanın olmasına baxmayaraq hərbi xidmətə alternativ xidmət üçün şəraiti yaradılmayıb və buna görə də Yəhva şahidləri hədəflənib.
İyul ayında hakimiyyət orqanları Royal Kərimovu üç aydan çox həbsdə saxlayıb. Yerli məhkəmə Seymur Məmmədova hərbi xidmətdən imtina etdiyinə görə 9 ay iş kəsib, lakin sonradan bu hökm şərti cəza ilə əvəzlənib.
Həbslər
Bu da qeyd olunur ki, QHT-lər ötən il ərzində 19 nəfərin dini fəaliyyətinə görə həbs edildiyini bildiriblər və onların əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvləridir.
İyun ayında MBH üzvü Elgiz Məmmədov polisdə olarkən zorlandığını iddia edib.
Lakin hesabatda bu da qeyd olunur ki, hakimiyyət ilahiyyatçı Elşən Mustafaoğlunu 7 il yarımdan sonra vaxtından əvvəl azad edib. Ona 10 il iş kəsilmişdi.
Hesabatda deyilir ki, beynəlxalq qurumlar və təşkilatlar Azərbaycan hakimiyyətinin Qarabağda və Azərbaycanın nəzarətində olan başqa ərazilərdəki dini və mədəni irsin qorunması və saxlanması sahəsində istəyinin olmasını sual edirlər.
Hesabatda deyilir ki, fevral ayında ovaxtkı mədəniyyət naziri kilsələrdəki erməni yazılarının “saxta” olduğuna görə pozulması üçün işçi qrupun yaradılacağını elan etmişdi, lakin sonradan beynəlxalq tənqid və təzyiqlərə görə bu ideyadan əl çəkilib.
Bu da bildirilir ki, hesabat ilində Kornel Universitetinin dəstəyi ilə araşdırma təşəbbüsü peyk şəkilləri vasitəsilə müqəddəs Sərkis Kilsəsinin dağıdılmasını sənədləşdirib.
Hesabatda bu da qeyd olunur ki, Azərbaycan erməni qüvvələrinin çox sayda dini obyektləri dağıtdığını bildirib.
Tövsiyələr
Sənəddə ABŞ hökumətinə bəzi tövsiyələr də verilir. Bu tövsiyələrdən birinə görə Azərbaycanda 2009-cu ildə qəbul olunmuş din qanununa yenidən baxılması və beynəlxalq standartlara və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması üçün rəsmi Bakı ilə işbirliyi tövsiyə olunur.
Bu da bildirilir ki, ABŞ hökuməti beynəlxalq partnyorlarla birlikdə Azərbaycana alternativ hərbi xidmətin yaradılmasında dəstək verməlidir.
Qarabağda və ətraf ərazilərdə ibadət yerlərinin və başqa dini-mədəni obyektlərin bərpası və qorunması üçün ABŞ-ın USAID təşkilatına və Azərbaycandakı ABŞ səfirliyinə xüsusi fond ayrılması tövsiyə edilir.
Hesabatda deyilir ki, ABŞ Konqresi öz dinləmələrində və başqa fəaliyyətində Azərbaycanda dini və insan azadlıqlarının pozulması halları barədə narahatlığını bildirməli və iradları ABŞ-dakı Azərbaycan səfirliyinə və Azərbaycan rəsmilərinə çatdırmalı, Azərbaycandakı bütün vicdan məhbuslarının azad olunmasına çalışmalıdır.