Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ admiralı: "Türkiyə NATO-nu seçim qarşısında qoymamalıdır"

Finlandiyanın xarici işlər naziri yanvarın 24-də deyib ki, onun ölkəsi və İsveçin Türkiyə ilə apardığı danışıqlarda bir neçə həftəlik taym-auta ehtiyac var.

Bu danışıqlarda Ankaranın bu iki Skandinaviya ölkəsinin NATO-ya üzv olması məqsədilə Türkiyənin irad və tələbləri müzakirə olunur.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan bir gün əvvəl bəyan etmişdi ki, Stokholmda keçirilən bir anti-Türkiyə mitinqində müqəddəs Quran yandırıldıqdan sonra İsveç şimal alyansına üzvlükdə Ankaradan dəstək gözləməməlidir.

Finladiyanın xarici işlər naziri Pekka Haavisto Reuters agentliyinə deyib:

"Taym-aut üçtərəfli danışıqlara təkrar qayıtmağımız və bu danışıqların hansı mərhələsində olduğumuzu dərk etməyimiz, habelə hazırkı vəziyyətdən sonra tozanağın yatması üçün lazımdır. Hələlik bu istiqamətdə bir nəticə yoxdur”.

Seçkidən sonranı gözləmək lazımdır


İsveç və Finlandiya NATO üzvlüyü üçün ərizəni ötən il, Rusiya Ukraynaya hücum edəndən az sonra veriblər.

Hər hansı ölkənin NATO üzvlüyünə qəbul olunması üçün bütün alyans üzlərinin razılığı olmalııdır.

Hələlik belə bir razılığı yalnız Türkiyə vermir. Ankara İsveç və Finlandiyadan onun terrorçu hesab etdiyi şəxslərin təslim edilməsini tələb edir.

Haavisto ümid etdiyini bildirib ki, bu məsələyə çox güman Türkiyədə mayın ortalarına təyin edilmiş seçkidən sonra aydınlıq gətiriləcək.

Bundan sonra Finlandiya və İsveçin üzvlük məsələsinə iyulun 11-12-də NATO-nun Vilnüsdə keçiriləcək sammitində baxıla bilər.

Keçmiş NATO komandanının yazdıqları


“Heç kəs NATO üzvü Türkiyə ilə Finlandiya və İsveç arasında seçim etmək istəmir, lakin belə bir seçimin ortaya çıxmaması Türkiyə prezidenti Recep Tayyip Ərdoğandan asılıdır”.

Bunu NATO müttəfiq qüvvələrinin keçmiş komandanı, admiral Ceyms Stavridis (James Stavridis) Bloomberq üçün məqaləsində yazıb:

“Biz Şimali Atlantika Müqaviləsi Təşkilatının 70 illik tarixində ən mühüm anlardan birinə çatmışıq: İsveç və Finlandiya alyansa qoşulmaq üzrədir. Bu arada Rusiyanın Ukraynaya qarşı müharibəsinin də birinci ildönümüdür. Amma üzv ölkələrin arasında yalnız Türkiyə Stokholm və Helsinkinin bu ailəyə qoşulmasını ləngidir. Məncə bu birtərəfli maneçiliyə son qoymağın və razılıq verməyin vaxtıdır. Amma prezident Recep Tayyip Ərdoğanın başçılığı ilə Türkiyənin razılıq verməməsi mənfur hərbi cani, Rusiya prezidenti Vladimir Putinə hədiyyədir”.

“Mən NATO-nun komandanı olanda...”


Stavridis daha sonra yazır:

“Mən 2009-cu ildə NATO birləşmiş qüvvələrinin komandanı təyin olunanda, ilk səfərim üçün Birləşmiş Krallığın bizim Əfqanıstandakı kollektiv səylərimizə ən böyük dəstəyi verməsinə baxmayaraq, Londonu seçmədim. Mən Parisə, Berlinə, Romaya və Madridə, hətta əcdadlarımın torpağı Afinaya da getmədim. Mənim səfər etdiyim ilk yer Türkiyə, Ankara oldu. Mən türklərə Sovet İttifaqı çökənədək və ondan sonra NATO üçün etdiklərinə görə minnətdaram”.

Stavridis daha sonra qeyd edir ki, türklər NATO-nun Əfqanıstanda, Balkanlarda apardığı bütün sülhməramlı missiyalarda ordusu, təyyarələri və gəmiləri ilə iştirak ediblər.

Admiral yada salır ki, 2011-ci ildə Liviyaya müdaxilə zamanı da Türkiyə, başqa üzvlərin imtina etdiyi halda NATO-ya hərbi dəstək verib.

Hazırda Tafts Universitetinin fəxri professoru olan hərbçi Türkiyənin müdafiə naziri Hulusi Akarla, ovaxtkı xarici işlər naziri Ahmet Davutoğlu ilə yaxın münasibərindən söz açır və bildirir ki, Ərdoğan özünün düzgün bildiyi yolla sonadək gedən inadkar bir siyasətçidir.

“Təhlükə terror yox, Rusiyanın hədələridir”


Məqalədə deyilir ki, Türkiyə Skandinaviya ölkələrindən Ankaranın kürd milli azlığı arasında terrorçu hesab etdiyi şəxslərin ekstradisiyasını tələb etməklə əks-nəticə verən yol tutub.

Stavridisin fikrincə xüsusilə də İsveç Türkiyəyə onun bir çox tələblərində güzəştə gedib:

“İndi alyansın ən böyük problemi terrorizm yox, Rusiyanın Uklraynaya vicdansız müdaxiləsidir. Putin NATO üzvü Estoniyanı gözümçıxdıya salıb. O Avropanı və ayrılıqda NATO-nu qorxutmaq üçün dəfələrlə nüvə hədələri səsləndirib. Neytrallıqları ilə məşhur olan iki ölkəni NATO üzvlüyü üçün müraciətə bu vadar edib. Hər iki ölkə əsrlər boyunca Rusiyaya qarşı döyüşməli olub. Onlar indi neytrallıqlarını atmaqla Putinin qlobal təhlükəsinə necə ciddi yanaşdıqlarını göstəriblər”.

Admiral xatırladır ki, İsveçin istehsal etdiyi beşinci nəsil Saab Gripen qırıcılarından Liviyadakı əməliyyatlarda istifadə edilib və 5 milyonluq əhalisi olan Finlandiya lazım gələrsə meydana yüz minlərlə yaxşı təlim görmüş döyüşçü çıxara bilər:

“Biz onların komandamızda olmasını istəyirik. NATO Türkiyənin də aktiv və pozitiv üzv olaraq qalmasını istəyir. Amma NATO bu komandaya Finlandiya və İsveçin də daxil olmasını arzu edir. Heç kəs onların arasında seçim etmək istəmir. İndi belə bir seçimin olmaması Ərdoğandan asılıdır”.