Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Abortların bir çoxu ikinci və ya üçüncü uşaqdır"



Azərbaycanda abortların sayı artır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə isə bu göstərici 46 min 877 olmuşdu. 2020-ci ildə isə bu rəqəm 35 mindən də az (34 min 719) idi.

Azərbaycanda qanunvericilik selektiv abortlar istisna, digər abortlara qadağa qoymur. Lakin kriminal abortlarla bağlı məsələ Cinayət Məcəlləsində yerini tapıb. Xəstəxanadan kənar aborta görə cərimə nəzərdə tutulur. Hətta bu zaman ehtiyatsızlıqdan ölüm halı baş verərsə, 5 ilə qədər həbs cəzası da verilə bilər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan"a bildirib ki, ən təhlükəlisi elə selektiv abortların olmasıdır: "Bu, həm də qeyri-qanuni nikahlarla bağlı məsələni də gündəmə gətirir. Bir sıra hallarda əsas səbəb bununla bağlıdır".

Onun sözlərinə görə, məsələ ciddi sosial araşdırma tələb edir: "Bu kimi məsələlər ixtisaslaşmış qeyri-hökumət təşkilatları, yaxud da hansısa fondlar tərəfindən mütləq tədqiq olunmalı və nəticələr barədə ictimaiyyətə maarifləndirici şərhlər verilməlidir. Bu olarsa, daha çox insanlar bunun zərərini anlamış olarlar və qərar verməzdən öncə daha çox düşünərlər".

Sosioloq Əhməd Qəşəmoğlu isə abortların artmasını ailədaxili gərginliklərlə izah edir: "Abortların bir çoxu ikinci və ya üçüncü uşaqdır. Bu da onunla bağlıdır ki, ailələrin çoxunda gərginlik var. Gərginlik olan ailələr də boşanma ərəfəsində olurlar, ona görə də istəmirlər ikinci və ya üçüncü uşaq olsun... Boşanmalar artdıqca abortların sayı da artacaq".

Sosial Xidmətlər Mərkəzinin rəhbəri Sənubər Heydərovanın isə AzadlıqRadiosuna deməsinə görə, Azərbaycan artıq bir neçə ildir ki, selektiv abortların sayına görə dünyada birinci yerdədir: "Buna baxmayaraq, hökumət bununla bağlı heç bir tədbir görmür. Nə maarifləndirmə var, nə də ciddi mübarizə. Qadağaları da pulla asanlıqla aradan qaldırmaq olar. Məsələn, bu qadağaları pozan heç bir həkim indiyədək həbs olunmayıb, işdən çıxarılmayıb. Qadağanın sadəcə adı var".

Onun sözlərinə görə, gənclərin seksual azadlıq məsələsi var ki, bu, cəmiyyətdə tabudur. Onun fikrincə, cinsi tərbiyə, reproduktiv sağlamlıq haqqında məlumatlar gənclərə verilmir: "Buna məktəb yaşından başlamaq lazımdır. Bu, olmadığına görə fəsadları böyükdür".

Ekspertlər hesab edirlər ki, həm anaların, həm də uşaqların sosial müdafiəsinin gücləndirilməsi abortların sayının azalmasına təsir göstərə bilər. Onlar vurğulayırlar ki, bu məsələdə çoxuşaqlı analara qayğının artırılması çox vacibdir. Hətta bəzi ekspertlər "çoxuşaqlı ana" adının verilməsi üçün uşaqların da sayının azaldılmasını təklif edirlər. Hazırda Azərbaycanda beş uşağı olan analara bu status verilir.