Logo
news content
User
Kateqoriyalar

Xəbər

2 milyardın sirri... - Hamı gözünü bu pula dikib

Avropa Birliyinin Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayıracağı bildirilir. Fevralın 4-də Bakıda səfərdə olan Avropa Birliyinin (AB) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheli deyib ki, təmsil etdiyi qurum üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətləri əhəmiyyət kəsb edir. O qeyd edib ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşması nəzərdən keçirilir.

Cənab O.Varheli deyib ki, Azərbaycanda bu vəsaitlə bağlı xalqın investisiyalardan birbaşa bəhrələnə biləcəyi layihələri müzakirə ediblər. O, misal olaraq, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, biznesə, habelə tədqiqat və inkişafa dəstək kimi sahələri qeyd edib.

Deputat Vüqar Bayramov da "Turan"a deyib ki, həmin vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

V.Bayramov əlavə edib ki, bu səfərdə əldə edilən uğurlu nəticələr Avropa Birliyi ilə Azərbaycan arasında son illər müzakirə edilən və tamamlanmaqda olan Tərəfdaşlıq Sazişinin daha qısa müddətdə imzalanmasına səbəb ola bilər:

"500 milyon istehlakçısı olan, dünyanın alıcılıq qabiliyyətinin yüksək olduğu bazarlarından hesab edilən Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycan üçün qeyri-neft ixracının artırılması və iqtisadiyyatın şaxələnməsi baxımından da vacibdir. İxrac istiqamətlərinin şaxələnməsi valyuta daxilolmalarında risklərin minimumlaşdırılması aspektindən də aktualdır".

Onun sözlərinə görə, bütövlükdə, Azərbaycanın AB ilə münasibətləri yeni mərhələyə qədəm qoyur: "İnanırıq ki, bu əməkdaşlıqdan hər iki tərəf faydalanacaq".

İqtisadçı Nemət Əliyev də bildirib ki, sözügedən vəsait nəzərdə tutulmuş sahələrə təyinat üzrə xərclənəcəksə, bu, yaxşı məqsəddən xəbər verir: "Vəsaitin ayrılması hər bir halda yaxşıdır. Çünki Azərbaycanın maliyyə imkanlarını yaxşılaşdırır, ehtiyacların ödənilmə vəziyyətini müsbətə dəyişir".

Lakin iqtisadçı vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı ortalığa çoxlu suallar çıxdığını düşünür: "Çünki Azərbaycan hökuməti maliyyə vəsaitlərinin xərclənməsi istiqamətində çox böyük boşluqlar buraxıb. Biz dövlət büdcə vəsaitlərinin xərclənməsinə diqqət yetirsək, görəcəyik ki, hökumət bunu da normal şəkildə təmin edə bilmir. 2021-ci ilə baxsaq, yanvar-noyabr dövründə hər ay orta hesabla 2 milyard manat xərclənib, amma dekabr ayında birdən-birə xərclər 5 milyard üzərinə qalxıb. Bu onu göstərir ki, büdcə vəsaitləri talanır".

Onun sözlərinə görə, hökumət belə olan halda Avropa Birliyinin ayırdığı maliyyə vəsaitlərinin xərclənməsini normal şəkildə heç təmin edə bilməz: "O vəsaitlərin korrupsiyanın yeminə çevrilməsi üçün sanki gözlər dikilib. Azərbaycan hökumətində indiyə qədər pulları talan etmək sahəsində cürbəcür üsullar hazırlamış məmurlar artıq hazır vəziyyətdədirlər. Bu baxımından vəsaitlərin təyinatı üzrə xərclənməsi üçün Avropa Birliyi monitorinqlər təşkil etməlidir".

Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, ölkədə korrupsiya ilə mübarizədə ciddi siyasi iradə mövcuddur.

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna bir müddət sonra AB ilə Assosiasiya sazişləri imzalayıb. 2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, belə sazişin imzalanması indiyə kimi mümkün olmayıb. (Azadlıq Radiosu)