
"130 milyonun yarısı 2 "Boeing" idi" - Yeni tariflərin Azərbaycana mümkün təsiri
04 Aprel 2025
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp “İqtisadi müstəqillik bəyannaməsi” adlandırdığı qərarını açıqlayıb. Qərara əsasən, ABŞ-yə idxal olunan mallara gömrük rüsumu tətbiq ediləcək.
Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək ki, bu ötən əsrin əvvəllərindən görülməmiş rüsum kimi dəyərləndirilir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyir ki, yeni tariflər bütün dünyada istehlakçılara zərər verəcək.
Bəs, Azərbaycanı nə gözləyir?
2024-cü ilin rəsmi rəqəmlərində Azərbaycan-ABŞ arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artaraq 1.75 milyard dollara çatıb.
“Bəzi məhsullar üçün bu, əksinə sərfəlidir”
İqtisadçı Toğrul Vəliyev deyir ki, ABŞ-yə idxal ixracı üstələdiyi üçün Azərbaycana birbaşa təsir proqnozlaşdırılmır:
“Keçən il 2 milyard dollara yaxın məhsul idxal etmişiksə, ixrac etdiyimiz məhsulun həcmi 130 milyon dollar olub. 130 milyonun da yarısı 2 "Boeing" idi, yəni "Boeing" satmışıq. ABŞ-nin istehsal etdiyi "Boeing"i ABŞ şirkətinə satmışdıq deyə, ona görə böyük dövriyyə etmişdi – təxminən 70 milyon dollarlıq. Ümumilikdə, xüsusi bir şey deyil. Ona görə birbaşa təsiri haqda nəsə demək çətindir. Düzdür, məhsullarımıza daha çox 2.5-3.5 arası gömrük rüsumu tətbiq olunur, indi 10 faiz olacaq 4 dəfə çox. Amma bəzi məhsullar üçün bu, əksinə sərfəlidir. Çünki bəzi məhsullarda gömrük rüsumu daha yüksək idi və indi aşağı düşəcək”.
“Artım dinamikası çox yüksəkdir”
Parlamentin iqtisadiyyat komitəsindən Vüqar Bayramov Facebook hesabında yazır ki, ixracatın az olmasına baxmayaraq, artım dinamikası müşahidə olunurdu.
“Xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik. Bütün bunlar ilə yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dən idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracatına ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər”.
“Enerjiyə tələbat aşağı düşsə, qiymətlər ensə...”
İqtisadçılar düşünürlər ki, Trampın təyin etdiyi tariflərə qarşılıq verilə və perspektivdəki ticarət müharibəsi Azərbaycanı da öz ağuşuna ala bilər. Yəni, ölkələr də əks tariflər tətbiq edə bilərlər.
İqtisadçı Xalid Kərimli 2 faktora diqqət çəkir:
“Birincisi, dünya ticarətinin həcminin aşağı düşməsi, bu, ümumi iqtisadi artıma mənfi təsir göstərə bilər, ikincisi, inflyasiyanı təhdid edən amildir. Dünyada qlobal inflyasiya arta bilər, onun artması da mərkəzi bankların faiz dərəcələrin kəskinləşməsinə gətirib çıxaracaq. İqtisadi artımın ləngiməsinin əmtəə bazarına təsiri olacaq, xüsusən də enerji qiymətlərinin aşağı düşməsi baş verəcək. Enerjiyə tələbat aşağı düşsə, qiymətlər ensə, bu, Azərbaycana da təsir edəcək. Bu təsir daha vacibdir, nəinki 10 faizlik rüsum”.
Avropa Komissiyasının prezidenti bu tariflərin milyonlarla insanı yüksək ərzaq ödənişləri, nəqliyyat və tibb xərcləri ilə üzbəüz qoyacağını deyir.