112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 May 2026
Müxtəlif sahələr üzrə 112 Nobel laureatı birgə bəyanat yayaraq iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, ona qarşı irəli sürülən bütün ittihamların ləğv olunmasını tələb edib. Məhəmmədi bugünlərdə Tehranda xəstəxanaya yerləşdirilib.
Bəyanatda "Nərgiz Fondu" və digər mötəbər mənbələrə istinadən Məhəmmədinin fiziki vəziyyətinin kritik həddə çatdığı bildirilir. Hüquq müdafiəçisinin kəskin çəki itirdiyi, qan təzyiqinin qeyri-sabit olduğu və ürəklə bağlı ağır simptomlardan əziyyət çəkdiyi vurğulanır.
Nobel laureatları xəbərdarlıq edir ki, Məhəmmədinin həyatı birbaşa təhlükə altındadır. Onlar hüquq müdafiəçisinin aylardır peşəkar tibbi xidmət ala bilmədiyini xüsusi qeyd edirlər.
"Heç kim dinc etiraz və ya insan hüquqlarını müdafiə etdiyinə görə həbs olunmamalıdır", — deyə 1997-ci il Nobel Sülh Mükafatı laureatı Codi Uilyams bildirib.
Bəyanat müəllifləri İran hakimiyyətini və beynəlxalq birliyi Məhəmmədinin azadlığa buraxılması, eləcə də onun təxirəsalınmaz tibbi yardımla təmin edilməsi üçün təcili addımlar atmağa çağırırlar.