Logo
news content
User
Kateqoriyalar

Xəbər

10 manat cərimə əvəzinə 2500 avro təzminat - AİHM Azərbaycana qarşı qərar çıxardı

Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı fəal Əbülfəz Qurbanlının (2009-2013-cü illərdə AXCP Gənclər Komitəsinin sədri olub) şikayəti üzrə qərarını elan edib. İyunun 2-də açıqlanan qərarda Əbülfəz Qurbanlının Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan sərbəst toplaşmaq hüququnun pozulduğu bildirilir, Azərbaycan dövlətinin ona 2500 avro təzminat ödəməsi hökm edilir.

Əbülfəz Qurbanlı 6 mart 2012-ci ildə Bakıda keçirilən etiraz aksiyasında tutularaq 10 manat məbləğində cərimələnib. Bundan narazı qalan fəal məhkəmə çəkişmələri aparıb, ancaq proseslər onun xeyrinə bitməyib.

Xəbəri hüquqşünas Xalid Ağalıyev yayıb.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir. (Novator)