Logo
news content
User
Kateqoriyalar

Reportaj

“Onda Ələsgər ölümlə həyat arasında qalmışdı...”
Həbsdə olan tanınmış hüquqşünasın ad günündə ailə üzvləri xatirələrini bölüşdülər

Dünən – mayın 24-də hüquqşünas Ələsgər Məmmədlinin ad günü idi. 56 yaşı tamam oldu. Həbsxanada. Səhhətində ciddi problemlər olsa da, cəmiyyətdəki narahatlığa rəğmən, Ələsgər bəy azadlığa – normal müalicə şəraitinə buraxılmır. 

Doğum günündə Ələsgər bəyin evinə baş çəkdik. Sakit, təmtəraqsız bir gündür evdə. Ailə üzvləri, doğmaları, elə hamı üçün də bu günün ən böyük hədiyyəsi onun həbsdən azad edilməsi olardı. Lakin ad günündə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması barədə vəsatət belə təmin edilmədi. 

Həyat yoldaşı Günay xanım və qardaşı Nəsimi Məmmədli ilə söhbətləşməli olduq. 

***

- Baxın, - qardaşı dedi, - bura Bakının ən hündür nöqtələrindən biridir. 

Pəncərəyə yaxınlaşdıq. 18-ci mərtəbədə idik. Bütün Bakı ayaqlarımızın altında idi. Barmağı ilə uzaqları göstərib, Bakıdakı ərazilərin adını saymağa başladı. 

Səsi, onun səsinin eynisi idi. Hətta zəng edib gəlmək istədiyimi bildirəndə təəccüblənmişdim də - insan insana bənzər, bilirəm, bəs səs səsə bu qədər bənzəyərmi? 

Keçib əyləşdik. Qarşımda oturan gözəl və nəcib qadın onun həyat yoldaşıdır. 


- Günay xanım, bu gün Ələsgər Məmmədlinin ad günüdür. Öncə təbrik edirəm və ümid edirəm ki, yaxın günlərdə səsi öz ocağının başından gələr. Ələsgər Məmmədli öz ad günlərini necə keçirirdi? Ən yadda qalan ad günü necə olub?

- Çox sadə. O, xoşlayır ki, ailə üzvləri ilə süfrə başına yığışsın. Sadə ad günləri və sadəliyi sevən Ələsgər... Yaddaqalan... Bütün ad günləri yadda qalıb. Onunla bağlı xatirələrdə seçim edə bilmirəm. Elə onun özü də, atdığı addımlar da daim yaddaqalandı. 

- Biz Ələsgər bəyi mediadan, ictimai tərəfindən tanıyırıq. Bəs, sizə görə Ələsgər Məmmədli necə bir insandır?

- Ələsgər Məmmədlini siz və ictimaiyyət necə tanıyırsınızsa, elə ailədə də o cürdür. Səmimi, mehriban, evdə sərt şəkildə olmasa belə, qanunlara riayət edən biridir. Ailəsini, valideynlərini, bacı-qardaşlarını sevən, mehribanlığı ilə yadda qalan insandır. Ələsgər heç vaxt sərt, ədalətsiz, kobud olmayıb. 

- Uşaqlara, ailəsinə rəftarı necədir?

- Çox səmimi. Ümumiyyətlə, uşaqları sevir Ələsgər. Elə İlk görüşdən uşaqların rəğbətini qazanır. İndi nəslimizin ən kiçik, 4 yaşlı nəvəsi belə tez-tez onu axtarır. Ələsgərə “əmi-baba” deyir. Görüntülü danışdığımız zaman tez-tez onu soruşur. Deyirik, “əmi-baba gəzməyə gedib, gələcək”.  

Uşaqlara əl qaldıranları isə uşaq qatili adlandırır Ələsgər. Bir xatirə danışım. Qızımız balaca idi. Məktəbdən çıxanda bir uşaq yıxıldı. Valideyni də uşaq yıxıldığı üçün onu vurdu. Qızıma dönüb, “bax, gör necə valideynlər var” dedim. Qızım balaca canı ilə atasının dediklərini təkrarladı: “O, valideyn yox, uşaq qatilidir”.

- Bu gün məhkəmə Ələsgər Məmmədlini ev dustaqlığına buraxmadı. Necə qarşıladınız bu qərarı?

- Düzünü desəm, heç ümidim yox idi və ev dustaqlığına buraxılacağını da gözləmirdim. Çünki bu addımı atan şəxslərin gəlişindən onların necə qərarlı və qətiyyətli olduqlarını görmüşdüm. Sadəcə, səhhəti ilə bağlı ciddi problemləri var. Ona görə ümidlənirdim ki, bəlkə nəsə ola bilər. Amma yenə də əmin deyildim. Dəfələrlə məhkəmələr və önümüzə gətirilən bəhanələr oldu…

- Səhhəti ilə bağlı son vəziyyəti necədir?

- Səhhətində problemlər artır. Dünən də telefonla danışanda dedi ki, gecə boğularaq yuxudan oyanıb. Ən çox da bu, yatanda onu narahat edir, nəfəs alması çətinləşir. Ən böyük problem isə onun qalxanvari vəzində olan şişinin böyüməsidir. Şişlər də stress və əsəb olduğunda daha da böyüyür. 

- Müalicəsi davam edirmi?

- Ciddi müalicə olunmur orda. Ölçü böyük olduğu üçün müalicə effekt vermir və həkim tərəfindən biopsiya məsləhət görülmüşdü. O tip şişlərin əməliyyat yolu ilə götürülməsi daha məqsədəuyğundur. Çünki şiş 18mm-dən böyükdür.

- Əməliyyat olunması ehtimalı varmı?

- Təcridxanada belə bir şəraitin olmadığını özü vurğuladı. Hətta biopsiya üçün də şərait yoxdur. Haradasa 3 aya yaxındır, bir neçə dəfə səthi müayinə olunub. Amma onların əməliyyat etmək üçün şəraitləri yoxdur.

- Ələsgər bəy üçün sevgi nədir? 

- İşi və ailəsi onun üçün ən böyük sevgidir. Nəcib adamdır. Ələsgər qarışqanı belə incitməz. 

Söhbətimizi Ələsgər bəyin qardaşı Nəsimi Məmmədli ilə davam etdiririk. Gözlərindəki kədəri və üzündəki tutqun gülümsəməni görməmək mümkün deyil. Sual verməyimi gözləmədən özü başladı danışmağa. 


- Yuxa ürəkli adamdı Ələsgər. Kənd yerində yaşayırdıq, anam tapşıranda ki, çolpa kəs, onda belə toyuq kəsməzdi. Daxilən kövrək və yumşaq adamdır. Amma qanunsuzluğa, ədalətsizliyə münasibətdə olduqca sərtdir. Heç vaxt güzəştə getməz.

- Haqsızlığa qarşı sərt olduğunu sizin yanınızda hansı hərəkəti ilə büruzə verib?

- Bir dəfə bununla bağlı mənimlə küsülü də qalmışdı. Türkiyədə İstanbul Universitetinin hüquq fakültəsini bitirib gələndən sonra, 1998-ci il idi. O vaxt, sizin yaş nəsli xatırlamaz, jetonlar var idi. Metroya girəndə o jetonları metronun giriş hissəsində konduktorlara verib, keçirdik. Əməkhaqqı az idi. Mən də hər dəfə gəlib ora əlavə bir jeton qoyurdum ki, əlavə 5 qəpik heç olmasa orada işləyən yaşlı qadınların əməkhaqqının üzərinə gəlsin. Çünki onlar bu jetonları təhvil verib, pul götürürdülər. Bunu gördü və mənə dedi: “Sən dövlət büdcəsindən niyə 5 qəpik yayındırdın? Sən bu ölkədə ictimai-siyasi insanlardan birisən və 5 qəpiyin vergisini ölkədən qaçırırsansa, onda necə dürüst mübarizə apara bilərsən?” 

Məəttəl qalmışdım. Soruşdum ki, Azərbaycanda rüşvət vermədən və rüşvət almadan necə yaşayacaqsan? Yaşadı. Ələsgər sübut etdi ki, rüşvət vermədən necə yaşamaq olar. Amma bu gün özü çox ciddi hüquqsuzluqla üzləşdi.

- İndi aranızdakı münasibət necədir? Qardaşınız kimi yox, bir insan kimi Ələsgər Məmmədli necə biridir?

- Ələsgərin hər günü yaddaqalandır. Adətən, elə adamlar olur ki, onda 1, ya da 2 yaxşı xasiyyət olur və onu xatırlamağa məcbur qalırsan. Amma adam hər gün yaxşı olanda onunla bağlı yaddaqalan xatirələri xatırlamaqda çətinlik çəkirsən. Ələsgər də elədir. Biz bir-birimizə mehriban olmuşuq. Təkcə qardaş yox, yaxın dostuq həm də. Uşaqlığımız birlikdə keçib. Məndən 1 yaş kiçikdir. Demək olar ki, uşaq vaxtı da aramızda heç vaxt dava olmayıb. 

- Dediniz uşaqlığımız bir keçib. Ən yaddaqalan uşaqlıq xatirənizi danışa bilərsiniz?


- Uşaqlıqda barama saxlayırdıq. May ayı idi. Barama üçün tut yarpağı yığıb gətirməli idik. Böyük bir bağ var idi.  Ələsgərlə ora getdik. Hündür bir ağac vardı, Ələsgər əlində dəhrə haradasa 12-13 metr hündürlüyə qədər çıxdı. Dəhrə ilə yarpaqları kəsib atırdı, mən də yığırdım. Yuxarıdan da 3-5min voltluq elektrik xətti keçirdi. Budaqlardan biri yarpaq qarışıq qırıldı düşdü bu xəttin üzərinə və Ələsgəri ağacın başında cərəyan vurdu. Mən aşağıda, o yuxarıda. Əllərini artıq ağacdan aralayıb ki, cərəyanın zərbi onu yerə salmasın. Amma dəhrə də əlindədi. Yerdən nə qədər budaq atdım ki, yarpağı vurum, ayırım. Alınmadı. Çox çarəsiz vəziyyətdə idik. Bir çıxış yolu qalmışdı. Ələsgər dedi ki, dəhrəni atıram, yarpağa dəysə və düşsə, həyatım qurtulacaq, olmasa, cərəyan məni vuracaq, düşəcəm yerə. Əlimi ağaca atıb yuxarıya - Ələsgərin yanına dırmaşmaq istəyirdim, amma ağac məni də silkələyirdi. Ələsgər o dəhrəni atdı. Düşən kimi ağacı qırdı və elektriklə ara kəsildi. Bunu heç vaxt unutmuram. Bu, elə bir vəziyyət idi ki, insan ölümlə yaşam arasında mücadilə edir. 

Dərhal da başqa bir xatirəsini danışır:

- İkimiz də hərbi xidmətdə idik. Mən Almaniyada idim. Heç vaxt unutmaram ondan aldığım ilk məktubu. Həmin məktubu 3 gün cibimdə saxladım və aça bilmədim. O qədər kövrəlmişdim ki… 

Elə indi də kövrəlmişdi. Gözlərinin içi dolmuşdu və gözünü xalçadan çəkmirdi. Düşünürdü. Yəqin ki, elə həmin məktubda qardaşının yazdığı sözləri….

- Məktubda yazılanlar yadınızdadırmı?

- Yadımdadır. Amma onu demək istəmirəm. Ona yazdığım məktubların çoxunu indi də saxlayıram. Ələsgər həqiqətən çox dəyərli insandır. Onun yanımızda olmaması bizim üçün çox ağır, çox əziyyətlidir. 

- Bu gün Ələsgər bəyin ad günüdür. Onun ad günlərini necə keçirdiyinizi xatırlayırsınız?

- Əlbəttə. Gecə saat 12 olan kimi ilk mən zəng edib, təbrik edirdim. Elə o da məni həmçinin. Hər məclisimin başında Ələsgər olub. Hətta bir-birimizə Facebook üzərindən yazdığımız yazılar bu gün də qalır… Ümid edirəm ki, Ələsgər tezliklə azadlığa çıxar, öz süfrəsinin başında, bizim yanımızda daha gözəl ad günləri keçirər. 

***

Sağollaşıb, ayrıldıq. Bu mənzildə bir ata, bir həyat yoldaşı, bir qardaş həsrəti qoyub çıxdıq. Cəmiyyətimiz üçün isə vicdanlı vətəndaş, ziyalı, savadlı və ədalətli bir hüquqşünas çatışmazlığı. İndi o yeri Ələsgər bəyin özü doldura bilər. Azadlıqda görüşmək ümidi ilə...

Mədinə Useynova