Logo
news content
User
Kateqoriyalar

Reportaj

Dirilər üçün qəbir yerləri - REPORTAJ
“Meyit ortada qalası deyil... amma neyləyək, bu da bir biznesdir”

Pensiyasını qəpik-qəpik yığıb, hələ sağ ikən özünə qəbir yeri alan, əbədiyyətə qovuşandan sonra cisminə yuva olacaq yeri bəzəyən, hətta baş daşının necə olacağını, hansı şəklini orada çəkdirəcəyini seçən və bunu varislərinə vəsiyyət edənlər az deyil. Necə də qəribədir, insanın öz ölümü üçün canfəşanlıqla tədarük görməsi... Bu, işin bir tərəfidir. Biz başqa tərəfindən danışacağıq. Qəbir yerlərinin qiymətinin gün-gündən artması bəzi insanların bu arzusunu da ürəyində qoyur. Elə hey pul yığsalar da çatmır ki, çatmır. Axırda da öz cismlərinin əbədi yerini almadan dünyadan köçürlər. 

Maraqlıdır, öncədən qəbir yeri alıb saxlamaq qanunidirmi? Qəbir yerləri kimin mülkiyyətindədir? Ümumiyyətlə, qəbirlərlə bağlı məsələlər qanunla necə tənzimlənir?

Bununla bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, Azərbaycan Respublikasında qəbiristanlıqlar və dəfn mərasimi ilə bağlı qaydalar "Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin qəbiristanların idarə olunması qaydaları haqqında Əsasnamə"sində qeyd olunub. Bu qaydalar dəfnin keçirilməsi, qəbiristanların qurulması, istifadəsi və idarə olunması ilə bağlı təlimatlardan ibarətdir. 

Müsahibimizin sözlərinə görə, qəbiristanlar bələdiyyə torpağı sayılır. Torpağın zəbti məsələsi cinayət məcəlləsinin 188-ci maddəsi ilə tənzimlənir. 

Hüquqşünas bildirib ki, qaydalara görə qəbiristanların qurulması və fəaliyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Dəfn mərasimi müxtəlif dinlərə məxsus rituallara uyğun şəkildə keçirilə bilər: “Qəbirlər dəfn edilən şəxslərin dininə və etiqadına uyğun qurulmalı və saxlanılmalıdır. Hər bir qəbiristanlıqda qeydiyyat aparılmalı və dəfn edilənlərin adları, dəfn tarixləri qeydə alınmalıdır. Qəbiristanlarda qanunsuz tikinti işlərinə, qəbirlərin dağıdılmasına və digər qanunsuz əməllərə yol verilmir. Həmçinin qəbiristanlarda sanitar və ekoloji təmizlik qorunmalı, mütəmadi olaraq təmizlik işləri aparılmalıdır. Qəbiristanların ərazisində abadlaşdırma, yaşıllıqların salınması və qorunması işləri həyata keçirilməlidir”. 

Müsahibimiz deyib ki, qəbiristanlarda qəbirlərin təmiri və baxımı mərhumun qohumları tərəfindən həyata keçirilir. Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin dəfnindən 25 il keçdikdən sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. 

Hüquqşünas qeyd edib ki, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

Müsahibimiz son olaraq bildirib ki, bu qaydaların pozulmasına görə qanunvericilikdəki cəza tədbirləri qarışıqdır - müəyyən boşluqlar var və onlar doldurulmalı, qanunvericilik yenilənməlidir.  

Qanunun qadağan etdiyi çox şeylər qəbiristanların qapısından kənarda qalıb. İndi məzarlıqlarımız ölülərlə yanaşı, həm də qanunsuzluq yuvasına çevrilib. Bir çox məsələlərdə olduğu kimi, burada da əndazədən çıxmağı bacarmışıq. 

***

Geniş ərazisi olan Sumqayıt şəhər qəbiristanını təkcə ölülərin evi deyil - girişindən ortalarına qədər xeyli həyət evləri tikilib. Girişdə gül dükanı, bulaq var. Bir-birindən uca başdaşıları insanı vahimələndirir. Eyni cərgədə olsalar da, ölçüləri fərqlidir - biri qısa, biri orta, biri hündür, biri isə lap hündür... 


Qəbirlərin arasından labirint kimi yolları keçib bulağın yanında əyləşən mollaya yaxınlaşdıq. Salam-kəlamsız başsağlığı verib, tez-tələsik məzarın yerini soruşdu. Quran oxutmaq üçün gəlmədiyimi dedim. Dərhal da mətləbə keçdim: 

  • Qəbir qiymətləri ilə maraqlanırıq. Kimdən öyrənə bilərik?

  • Elə məndən. Hər şeyi ovcumun içi kimi bilirəm. İndi burada məndən başqa heç kim yoxdu. Nə istəyirsiniz, soruşa bilərsiniz.

  • Qəbir yerinin qiymətləri ilə maraqlanıram... 

  • Yol kənarındakı, yəni qabaq tərəfdəki yerlər 2 min manatdır. Arxa tərəflər isə 1500 manatdır.

  • Qiymətlər nəyə əsasən dəyişir?

  • Yerinə görə. Bahalıların yeri yaxşıdır. Ucuzlarınkı isə pis. Onlar qəbiristanın kənarlarında, arxalarda olur. Yaxınlığında da nə bulaq olur, nə gül satan. Bahalılarda isə əksinə, hər şey var yaxınlıqda.

  • Bəs hansının alıcısı çox olur?

  • Görürsən, qəbiristanlığın hər tərəfi doludur. Hətta demək olar, yer qalmayıb. Əlbəttə, gələn yaxşı yer istəyir. Amma qiymətini öyrəndikdən sonra bəziləri  bu istəyindən imtina edir. Ucuzu seçir. Amma eləsi də olur ki, qiymətə baxmır. Deyir, əsas odur, yaxşı yer olsun. Nə qədər olsa, gözünü qırpmadan verir.

  • Bəs öncədən gəlib yer alanlar olurmu?

  • Təbii ki. Elə qəbiristanın dolmasında onların da rolu böyükdür. Gələn baxıb deyir, filan yer boşdur, oranı istəyirəm. Biləndə ki, yiyəsi var, kor-peşman qayıdır geri. 

Deyəsən, ürəyi açılıb, növbəti suala keçməyə imkan vermədən sözünə davam edir:

  • Eləsi var, gəlib tək özü üçün alır, eləsi də var bütün ailəsi üçün. Hələ bu da bəs deyilmiş kimi aldığı yeri yaxşıca hasarlayıb, çardaq da tikdirir. Kənardan baxanda istirahət guşəsinə bənzəyir. Heç bilmir necə öləcək, cəsədi itəcəkmi, qalacaqmı, indidən özünə yer düzəldir. Ay bədbəxt, bəlkə heç qəbirdə yatmaq qismətində yoxdur? Bilmirlər başlarına nə gələcək. Gətirib o boyda pul tökürlər daşa, torpağa.

  • Sizcə də qiymətlər çox baha deyilmi? Bunun səbəbi nədir?

  • Bahadır, hər adamın da pulu çatmır yaxşı yeri almağa. Amma bu elə bir şeydir ki, ac da qalsan, borc da götürsən, eləməlisən. Edirsən də. Meyit ortada qalası deyil ki. Hələ dua edək, qiymətlər daha da artmasın. Könül istəyərdi ki, pulsuz olsun. Amma neyləmək olar, bu da bir biznesdir. 

Doğrudur, bu da bir biznesdir. Yoxsa, tək nəfərlik yer satmamaq, minimum üç nəfərlik yer almağı şərt qoymaq, toplu (5-6 - red.) yeri birdən alana şirnikləndirici endirim təklif etmək və s. bütün bunlar biznes deyil, nədir?  Bu sadalananların tətbiq edildiyi qəbiristanlar az deyil. 

Təsəvvür edin, paytaxtdakı qəbir yerləri bölgələrdəkindən iki dəfə çoxdur. Hələ bunun ehsanı, baş daşı, molla pulu da var. Nə qədər bu adətlərin əleyhinə olsaq da, vaxtı gələndə heç birimiz onlardan kənara çıxmağı bacarmırıq. 

Paytaxtın müxtəlif yerlərindəki qəbiristanlarda məzar yerlərinin fərqli qiymətləri var:

Qurd qapısı– 2000-3000 AZN

Badamdar – 800-2000 AZN

Zabrat – 500-700 AZN

Maştağa – 800-1000 AZN

Hövsan – 400-500 AZN

Əmircan – 300 AZN (iki nəfərlik məzar yeri 500 AZN)

Bülbülə – 150-200 AZN

Günəşli – 600-1500 AZN

Xırdalan – 800-2000 AZN

Təbii ki, bu qiymətlər stabil deyil. İnflyasiyadan, tələb və təklifdən asılı olaraq, arta bilər. Azaldığını görən olmayıb.

İlahiyyatçılar deyir ki, islam dini yarandığı gündən məzar yerləri mövcud olub, lakin heç vaxt pulla satılmayıb. Çünki məzar yeri xalqın torpağıdır. Hər kəs axır-əvvəl o torpağa qarışır. Bir sözlə, məzar yerləri satılmamalıdır. Hətta bəzi deputatlar da bu fikri təsdiqləyir. Düzdür, bəzi bələdiyyələr qazi, şəhid ailələrinə, ahıl insanlara pulsuz qəbir yeri verir. Ancaq bu hər kəsə aid edilsə və qəbirlər standart formada olsa daha gözəl olmazmı?

Görəsən, nə vaxtsa qəbir yerləri ödənişsiz olacaqmı?

Yaşayıb, görəcəyik. Çünki bütün bunları ölüb gedənlərimizə zərrə qədər də aidiyyəti yoxdur. O çardaqlar, o təmtəraqlı baş daşları, o geniş, bərbəzəkli qəbir yerləri... bu dünyada qalanlar üçündür. Özümüzü aldatmayaq...

Günay Elşən