Ukraynada Çeçenistanı işğaldan azad edəcək çeçen ordusu yaradılır - Zakayev
İçkeriya Respublikasının hökumət başçısı bildirib ki, bu bölmələr müharibənin sonuna qədər Ukraynada olacaq və rus işğalçısını məğlub etməyə kömək edəcək.
09 Mart 2024
Ukraynada indi çeçen ordusu bərpa olunur və o, sonradan Çeçenistan İçkeriya Respublikasını işğaldan azad edəcək. Bu barədə mühacirətdə olan Çeçenistan hökumətinin sədri Əhməd Zakayev TSN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı təcavüzə başlamasından dərhal sonra İçkeriya hökuməti Ukraynaya göndəriləcək dəstələrin yaradıldığını elan edib. İlk çeçen könüllüləri bölmələri isə 2014-cü ildə Ukraynada peyda olub.
“İndiki mərhələdə Ukraynadakı müharibə ilə əlaqədar Çeçenistan İçkeriya Respublikası Silahlı Qüvvələrinin bərpası burada başlayır. Müdafiə Nazirliyi formalaşıb, bölmələr cəlb olunur, batalyonlar yaradılır”, - deyən Zakayev əlavə edib ki, bu bölmələr “ikili statusa malikdirlər – onlar Xarici legionun bir hissəsidir və eyni zamanda İçkeriya Çeçenistan Respublikasının Silahlı Qüvvələrin döyüşçüləridir”.
Eyni zamanda, o, əmin edib ki, bu birləşmələr müharibənin sonuna qədər Ukraynada olacaq və rus təcavüzkarını məğlub etməyə kömək edəcək, daha sonra "Çeçenistan ərazisinə köçmək və oranı işğaldan azad etməyə başlamaq imkanı var".
“Gələcəkdə Ukraynanın Çeçenistanın Kadırov rejiminin işğalından azad edilməsinə kömək edəcəyi gözləntisi varmı” sualına cavabında Zakayev deyib ki, “Ukrayna artıq kömək edir”.
“Bu gün Avropa İttifaqı səviyyəsində Qafqaz Xalqlarının və Dövlətçiliyinin Bərpası üzrə Dövlət Komitəsinin yaradılmasına nail olduq. Bu, Rusiyanın və Rusiya imperiyasının deinteqrasiyasına böyük töhfə verəcək hüquqi və siyasi platformadır. Bütün bunlar isə Ukraynanın və Ukrayna dövlətinin köməyi və dəstəyi ilə baş verir”, - deyə o vurğulayıb.
Bundan əvvəl Zakayev bəyan etmişdi ki, Rusiya hakimiyyəti Kadırovu öldürməyəcək, çünki ona hələ də ehtiyacları var. Zakayev əlavə edib ki, Kadırov sistem üçün faydalıdır, çünki o, çeçen cəmiyyətini məhv edir. Eyni zamanda, İçkeriya Respublikasının hökumət başçısı bildirir ki, Rusiya hakimiyyəti Ukraynada uduzduqları zaman Üçüncü Çeçen Müharibəsinə başlaya bilər.