Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər?
Ankaranın əməkdaşlığa cəlb edilməsi Ukraynanın müharibədə qalib gəlməsində həlledici amilə çevrilə bilər
04 İyul 2022
Mənbə: Washington Post
Tərcümə: Novator
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Vaşinqtonla Ankara arasında buzların əriməsi Ukraynanın müharibədə qalib gəlməsinə necə kömək edə bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə icmalçısı Coş Roqindir. Məqalənin tərcüməsini təqdim edirik.
Ötən həftə NATO-nun İspaniya paytaxtı Madriddə keçirilən sammitində ABŞ prezidenti Cozef Bayden xeyli vaxtdır davam edən fikir ayrılığını bir qırağa qoyub, son ildə ilk dəfə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla görüşdü.
Türkiyə Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfin xeyrinə oynamaqda davam edir. İndi Vaşinqton Ankara ilə iş görməyə hazırdırsa, o zaman növbəti sövdələşmə Ukrayna məsələsində Ərdoğanı Qərbin tərəfinə keçməyə inandırmaq olmalıdır.
Baydenlə Ərdoğanın bir-birinə münasibəti xoş deyil. Hələ Senatın üzvü olduğu vaxtlar Bayden xüsusən doğma ştatı Delaverdə yunan əsilli elektorata görə daima Türkiyəni tənqid edib. ABŞ-ın vitse-prezidenti postunu tutduğu dövrdə isə Bayden Ərdoğanla demokratiya və insan haqları sahəsindəki geriləmələrə görə toqquşub.
Münasibətləri xoş olmasa da, Ərdoğan çoxdan Baydenin rəğbətini qazanmağa çalışır. NATO sammiti ərəfəsində ABŞ prezidenti ilə telefon söhbəti və Madriddə Baydenlə ikitərəfli görüşü Ərdoğana imkan verib ki, özünü xalqına dünya miqyaslı lider kimi təqdim edə bilsin.
Ağ ev israr edir ki, bu əlaqələr “əl əli yuyar, əl də üzü” prinsipinə əsaslanmır. Bununla belə, məmurlar qeyri-rəsmi söhbətlərində etiraf edirlər ki, Bayden administrasiyasının Türkiyəyə F-16 qırıcı təyyarələri satmağa həvəslənməsi və Ərdoğanın İsveçlə Finlandiyanın NATO-ya üzvlünə mane olmaması təsadüfi deyil.
Deməli, Amerika tərəfi münasibətlərin xarakterinə realistik yanaşır. Ərdoğan həmişə düzgün davranış üçün güzəşt tələb edən problemli müttəfiq olub və yəqin belə olaraq da qalacaq.
Madriddə Baydenlə Ərdoğan arasında ikitərəfli müsbət təmas illərlə hökm sürən qarşılıqlı etinasızlıq və etimadsızlıqdan sonra münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa fürsət verir.
Əgər hər iki tərəf ortaya siyasi iradə qoyub münasibətləri bu istiqamətdə davam etdirsə, növbəti addım Türkiyəni Ukrayna böhranında iştiraka cəlb etmək olacaq.
Türkiyə Ukraynaya böyük dəstək verə bilər, buna xeyli imkanlar var. Ancaq həmin dəstəyin gerçəkləşməsi üçün ABŞ və Qərb Ərdoğanı inandırmalıdır ki, bu onun da marağına uyğundur.
Türkiyə nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib, üstəlik, həmin sanksiyalardan yayınanların əsas məkanına çevrilib. Buna son qoyulmalıdır.
Ərdoğanın ailəsinə yaxın türk şirkəti Ukraynanı qabaqcıl pilotsuz təyyarələrlə təmin edir. Bu, yaxşı haldır, lakin aylardır Ukrayna Türkiyədən daha çox silah, o cümlədən raket əleyhinə sistemlər, raketlər və radioelektron mübarizə vasitələri də əldə etməyə çalışır.
Türkiyə Rusiyanın yaratdığı maneəni – Odessadakı dəniz blokadasını yarmağa daha çox yardım edə bilər. Taxıl ixracını əngəlləməklə ruslar Ukrayna iqtisadiyyatını sarsıdır və qlobal ərzaq böhranını gücləndirirlər.
Beynəlxalq Əlaqələr Şurasının baş elmi işçisi Stiven Kuk deyir ki, Bayden administrasiyasının F-16 qırıcıları ilə bağlı Türkiyəyə göstərdiyi açıq dəstək Ankaranı Moskva ilə diplomatiyadan əl çəkməyə və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını təmin etmək üçün beynəlxalq səylərə qoşulmağa hesablanmış bir strategiyanın yalnız başlanğıcı ola bilər.
Ərdoğan artıq öz hökumətinin taxıl ixracı üçün dəhlizlərin açılması məqsədilə Moskva ilə danışıqlara başlayacağını bildirib. Amma güman ki, bu, Rusiyanın taktikasıdır. Çünki belə səylər nəticəsiz qalanda Türkiyə Rusiyanın izn vermədiyi ixracı asanlaşdırmaq üçün düşünməli olacaq: Ukraynanın tərəfdaşlarına qoşulsun, ya yox.
Stiven Kuk hesab edir ki, limanların açılması üçün ABŞ və NATO-nun birbaşa müdaxiləsinə daha çox ehtiyac yarana bilər: “Onda Türkiyə Qara dəniz dövləti, Bosfor boğazına nəzarət edən bir ölkə kimi bu prosesdə mühüm rol oynayacaq”.
Əlbəttə, Ərdoğanın dostu Putinlə tam üzüləşəcəyini gözləmək yanlış olardı. Gələn il Türkiyədə prezident seçkisi keçiriləcək. Bu, vətəndə siyasi təlatümlərlə üzləşən Türkiyə liderinə dövlətin nəzarətində olan media vasitəsilə ABŞ-dan düşmən obrazı yaradıb millətçi kəsimi öz ətrafında daha sıx birləşdirmək stimulu verir.
Lakin Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan uzun müddətdir ABŞ-la Türkiyə arasında ikitərəfli münasibətlərə daha işgüzar yanaşmağın tərəfdarıdır. Sallivan bu mövqeyini hələ 2018-ci ildə ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelmanla müştərək məqaləsində ifadə edib.
Sallivan həmin məqalədə vurğulayıb ki, Edelman ona ABŞ-ın Türkiyə ilə heç vaxt tam yaxınlaşa bilməyəcəyini deyib. Edelman Sallivana bildirib ki, Türkiyə ilə yalnız bəzi birdəfəlik sövdələşmələr ola bilər və əlavə edib ki, əslində bu da pis nəticə deyil.
Ərdoğanın Putinlə uzun müddət oyun oynamasının ona qazanc gətirmədiyini düşünməyə kifayət qədər əsas var. Türkiyə artıq Rusiyaya etibarlı silah təchizatçısı kimi baxmamalıdır. Ukrayna müharibəsi Türkiyənin onsuz da sarsılmış iqtisadiyyatını zəiflədərək ölkədə inflyasiyanı görünməmiş həddə çatdırır. Türkiyə həm də Suriya, Liviya və Dağlıq Qarabağ da daxil olmaqla bir neçə bölgədə Rusiya silahlı qüvvələri ilə qarşı-qarşıya gəlmiş bir ölkədir.
Təbii ki, Birləşmiş Ştatlar Ərdoğan hakimiyyətdən gedənə qədər gözləyə də bilər. Ancaq heç bir zəmanət yoxdur ki, ondan sonra gələcək hər hansı hökumət təhlükəsizlik sahəsində Ukraynanın ən yaxşı tərəfdaşı olacaq. Ərdoğan problemli müttəfiqdir, amma biz onu tanıyırıq və belə görürük ki, bu dəqiqə o, sövdələşməyə hazırdır.
Ona görə yaxşı olardı ki, Bayden administrasiyası öz məhdud diplomatik vaxtını və enerjisini bir o qədər də yardım əli uzatmaq gücündə və istəyində olmayan Səudiyyə Ərəbistanı kimi tərəfdaşlara sərf etməkdənsə, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində irəliləsin, vaxtını, enerjisini buna yönəltsin.
Ankaranın əməkdaşlığa cəlb edilməsi Ukraynanın dalandan çıxmasına və müharibədə qalib gəlməsinə kömək etmək işində həlledici amilə çevrilə bilər.