Logo
news content
User
Kateqoriyalar

İcmal

The National İnterest: ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hələ də töhfə verə bilər

Müəllif: Robert Sekuta, ABŞ-ın Azərbaycanda keçmiş səfiri 

The National İnterest (ABŞ), 29/09/2021: Ötən ilin noyabrında Ermənistanla Azərbaycan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalanıb. Üçtərəfli bəyanat iki Avropa dövləti arasında genişmiqyaslı müharibəni dayandırsa da, onların hərbçilərinin sərhədi keçərək bir-birilərinin ərazilərinə daxil olmasının qarşısını almayıb. Bundan başqa, bəyannamə nə tam atəşkəsi təmin edib, nə də tərəflər arasındakı nifrəti azaldıb.

Azərbaycanlılar dünyaya insanların yaşamadığı və demək olar tamamilə dağıdılmış, təxminən 28 il ərzində ermənilərin işğal altında saxladığı Ağdam və digər şəhərlərin nə hala salındığını nümayiş etdirir, Ermənistan isə Azərbaycandan  Beynəlxalq Məhkəməyə şikayət edir. Yerevan iddia edir ki, Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən proqramlar “etnik ermənilər”ə qarşıdır və Bakı İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanı pozur.

Atəşkəs müqaviləsi Rusiya birləşmələrinin Azərbaycan ərazisinə daxil olmasına və Moskvanın Ermənistanda mövcudluğunu genişləndirməsinə səbəb olub. Tərəflər arasında toqquşmaların davam etməsi, dayanıqlı sülhün olmaması əslində, Kremlin maraqlarına uyğundur. Sirr deyil ki, Rusiya qonşu dövlətlərin daxilində və bu ölkələr arasında münaqişələrdən istifadə edir, hətta onları stimullaşdırır. Bununla o, postsovet ölkələri üzərində nəzarəti bərpa etməyə, ABŞ-ı nüfuzdan salmağa, qaydalara əsaslanan beynəlxalq düzəni pozmağa və qlobal statusunu artırmağa çalışır. Moskva Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdəki problemlərdən olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsindən də öz maraqları üçün istifadə edib və edir.

ABŞ liderləri Rusiya, İran və Çinin iddialarından danışırar, onların qarşısını almağa çalışırlar. Sözügedən regionun rəsmiləri, akademik çevrə və ictimai fiqurlar isə bildirirlər ki, bölgədə ABŞ-ın iştirakına ehtiyac duyulsa da, Vaşinqton özünü bu regiondan uzaq tutur. Nəticədə bölgə ölkələrinin əksəriyyətində düşünürlər ki, onların Moskva ilə əməkdaşlıqdan başqa yolları yoxdur. Amma vəziyyət belə davam edə bilməz.

ABŞ-ın Ermənistanla Azərbaycana təsir göstərmək imkanları var. O, bu məsələdə təcrübəyə malikdir. Odur ki, Vaşinqton Bakı ilə Yerevanın sülh yolunda irəliləməsinə, təhlükəsizliklərini yüksəltməsinə, inkişafına yardım göstərə bilər. Amerikalılar uzun illər ərzində qaydalara əsaslanan beynəlxalq sistemin qurulması uğrunda mübarizə aparıb və onu dəstəkləyib. Odur ki, indi Vaşinqton beynəlxalq sistemin gücünü və üstünlüklərini nümayiş etdirməlidir.

Məsələn, ABŞ asanlıqla bir neçə konkret addım ata bilər. Bunlardan biri fəal diplomatiyadır. Məsələn, Birləşmiş Ştatların yüksək rütbəli rəsmilərinin regiona səfərləri ideal variantdır. COVID-19 pandemiyası dönəminin reallıqlarını nəzərə alsaq, telefon danışıqları ilə də əla nəticələr əldə etmək olar. Əslində, diplomatiyada ünsiyyyətin bu forması da çoxdan təsdiqlənib və ondan geniş istifadə olunur. ABŞ auditoriyası üçün belə məsələlər adi hal kimi görünə bilər. Amma məsələn, ABŞ və Rusiya liderlərinin və digər yüksək rütbəli rəsmilərin telefon danışığı, həmçinin görüşləri bir çox ölkədə əsas xəbərə çevrilir.

Yüksək rütbəli rəsmilərin danışıqları ilə Vaşinqtonun ismarıclarını daha geniş auditoriyaya çatdırıla bilər. Bu da son deyil. ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxardığını nəzərə alsaq, yüksək səviyyəli, açıq, mütəmadi kontaktlar bölgədə etimadı bərpa edə bilər.

İkincisi, Vaşinqton öz nüfuzundan həm Bakıya, həm Yerevana yardım göstərməklə də istifadə etməlidir. ABŞ bu ölkələrdə müsbət abu-havanın yaradılmasına kömək etməlidir. Söhbət iki ölkənin liderlərinin sülh, firavanlıq və dayanıqlı təhlükəsizliklə bağlı qəbul edəcəkləri qərarların tərəfindən dəstəklənməsindən gedir. Ermənistanla Azərbaycan arasında münaqişə uzun illərdir davam edir. Bu dövrdə qızışdırıcı bəyanatlar verilib, nifrət və qorxu hissi yaranıb. Odur ki, azərbaycanlılarla ermənilərin əksəriyyəti bir-birini tanımır. Bu insanlar arasında təbii ki, qarşılıqlı inam yoxdur. Nəticədə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması imkanları məhdudlaşır. Odur ki, ABŞ xalqlar arasında əlaqələrin qurulması üçün hər iki tərəflə işləməlidir. Yeri gəlmişkən, Şimali İrlandiya və digər münaqişələrlə bağlı təcrübələr göstərir ki, “Track II” proqramları faydalı ola bilir.

Üçüncüsü, ABŞ bu iki ölkəni, həmçinin Cənubi Qafqazı birləşdirəcək yeni nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına da çalışmalı, Bakı və Yerevanla bu istiqamətdə də işləməlidir. Bu səylər biznes üçün yaxşı imkanlar yaradacaq, hər iki ölkənin iqtisadiyyatını inkişaf etdirəcək, insanların həyat şəraitini yüksəldəcək. Əslində, bölgədə nəqliyyat və kommunikasiya əlaqələrinin açılması Dağlıq Qarabağ münaqişəsinə görə özünü həm Azərbaycan, həm də Türkiyədən uzaqlaşdıran Ermənistan üçün xüsusilə mühüm əhəmiyyət kəsb edə bilər. Bu layihələr Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol”a cavab olacaq və Qafqaz, Mərkəzi Asiya regionunun inkişafını stimullaşdıracaq.

ABŞ-ın bu addımları atması üçün o qədər də böyük resurslara ehtiyac yoxdur. Amma nəticə böyük olacaq. Bunu Vaşinqtonun 2021-ci ilin yazında atdığı addım da təsdiqləyir. Ölkə prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın telefon danışıqları, daha sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin bölgəyə səfəri, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti bir qrup erməni hərbçinin Ermənistana qaytarılmasına, Yerevanın Bakıya mina xəritələrini təhvil verməsinə yol açmışdı. Xatırladaq ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə bölgəyə çox sayda mina yerləşdirib.

O zaman bu addımları həm azərbaycanlılar, həm də ermənilər yüksək qiymətləndirmişdi. Amma Rusiya bunlara ya nail ola bilmir, ya da olmaq istəmirdi...

Bir sözlə, regionu təmsil edən yüksək rütbəli rəsmilərdən birinin dediyi kimi, “əgər ABŞ Rusiyaya müqavimət göstərmək, ona zərbə vurmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına yardım göstərməlidir”. ABŞ-ın bundan böyük marağı nə ola bilər ki?

(İngilis dilindən tərcümə - WorldMedia.Az. Mənbə: The National Interest)