Logo
news content
User
Kateqoriyalar

İcmal

SEPAH Avropanın qara siyahısı yolunda
Adı qara siyahıda olanlar aktivlərin dondurulmasından tutmuş səyahət qadağalarınadək çox məhdudiyyətlə üzləşirlər

Mənbə: Deutsche Welle

Tərcümə: Novator

İran rejiminin dayağı sayılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) adının Avropada terrorçular siyahısına daxil edilməsi gözlənir. Söhbət 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirən Avropa İttifaqının qara siyahısından gedir.

Avropa İttifaqının terrorçular siyahısı nə deməkdir? Ayrı-ayrı təşkilatların və şəxslərin adları bu qara siyahıya necə, hansı əsaslarla daxil edilir? Hazırda siyahıda neçə adamın və qrupun adı var? Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsinin ingilisdilli versiyasında bu və digər suallara aydınlıq gətirən yazı dərc olunub. Məqalənin tərcüməsini diqqətə çatdırır.

Avropa İttifaqının tərtib etdiyi terrorçular siyahısına tezliklə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da daxil edilə bilər. Adı bu qara siyahıda olanlar aktivlərin dondurulmasından tutmuş səyahət qadağalarınadək çox məhdudiyyətlə üzləşirlər.

İranda son aylar rejimə qarşı keçirilmiş etiraz aksiyalarının ən azı dörd iştirakçısı edam ediləndən sonra Almaniya və Fransada SEPAH-ı terrorçu qrup kimi tanımaq məsələsi qaldırılıb. Çox güman, qərar Avropanın ümumi təhlükəsizliyi siyasəti çərçivəsində, Avropa İttifaqına üzv olan digər ölkələrlə birgə qəbul ediləcək.

Avropa İttifaqı terrorçular siyahısını ilk dəfə 2001-ci ilin dekabrında, həmin il sentyabrın 11-i ABŞ-da törədilmiş terror aktlarından sonra tərtib edib, beləliklə, terrorla əlaqəli insanların, qrupların və təşkilatların qara siyahısını hazırlayıb. Başlanğıcda bu sənəd BMT Təhlükəsizlik Şurasının 11 sentyabr terrorundan bir neçə həftə sonra qəbul etdiyi qətnaməyə əlavə kimi nəzərdə tutulub. Məqsəd terrorçuları və onları maliyyələşdirənləri müəyyən etmək, maliyyə mənbələrini məhdudlaşdırmaqla yekunda terroru dayandırmaq olub.

Avropa İttifaqının qara siyahısı müntəzəm nəzərdən keçirilir və hər altı aydan bir yenilənir. Hazırda siyahıda Avropa İttifaqı məkanında və xaricdə fəaliyyət göstərən, partlayışlardan tutmuş sui-qəsd planlarınadək hər növ terrorda və ya terrora cəhddə əli olan 13 şəxsin və 21 qrupun adı var.

İstər ayrı-ayrı şəxslər olsun, istərsə də qruplar, adı siyahıya düşdüsə, bu o deməkdir ki, onların Avropa İttifaqındakı vəsaitləri, həmçinin digər maliyyə aktivləri dondurulacaq. SEPAH-ın adı siyahıya düşərsə, bu qurumun üzvləri Avropa İttifaqına daxil olan ölkələrin heç birində öz aktivlərinə giriş əldə edə bilməyəcəklər. Onların səyahətlərinə də məhdudiyyət qoyulacaq.

Bəzi hallarda siyahıdakı şəxslərə və qruplara polis və məhkəmə sistemi ilə əməkdaşlığa görə nəzərdə tutulan əlavə tədbirlər də tətbiq oluna bilər. Avropa İttifaqında yaşayan insanlara və fəaliyyət göstərən təşkilatlara da qara siyahıya düşənləri maliyyələşdirmək, onlara yardım etmək yasaq olunur. Bu qadağaya əməl etməyənləri isə ayrıca sanksiya gözləyir.

Bir qayda olaraq Avropa İttifaqı terror aktı törətdiyinə və ya terrora cəhd göstərdiyinə görə istintaq altına alınan, yaxud bu cinayətlərdə təqsirli bilinərək məsuliyyətə cəlb edilən şəxsləri və ya qrupları qara siyahıya salır. Barəsində Avropa İttifaqında ayrıca istintaq aparılmamış təşkilatların da siyahıya daxil edilməsi mümkündür.

Hazırda “Əl Qaidə” terror təşkilatının, onun ayrı-ayrı qanadlarının, o cümlədən İŞİD-in və onun törəmələrinin adları siyahıdadır. Yəni bunlar Avropa İttifaqında qadağan edilmiş qurumlardır.

2016-cı ildə Avropa İttifaqı qara siyahıya İŞİD-lə bağlı xüsusi müddəa daxil edib. Həmin müddəa İŞİD üzvlərinə və ya bu terror təşkilatı ilə əlaqəsi olan istənilən şəxsə silah-sursat, hərbi texnika satışını yasaqlayır. Eyni zamanda Avropa İttifaqı ölkələrinin vətəndaşı olmayan və öz ölkəsinə yox, başqa yerə gedən İŞİD üzvlərinə Avropa İttifaqı ərazisindən keçmək qadağan olunub.

Fələstinin hərbiləşdirilmiş islamçı “Həmas” qruplaşması, “Hizbullah”ın hərbi qanadı, Kürdüstan Fəhlə Partiyası (PKK), Şri-Lankanın “Tamil İlamın Azadlıq Pələngləri”, Kolumbiyanın “Milli Azadlıq Ordusu”, Filippin Kommunist Partiyası kimi bir sıra digər separatçı, inqilabçı qrup da Avropa İttifaqının qara siyahısındadır.

Avropa İttifaqı indiyədək heç bir suveren dövlətin rəsmi ordusunu terrorçular siyahısına daxil etməyib. SEPAH qara siyahıya salınsa, bu, Avropa İttifaqı təcrübəsində ilk belə hadisə olacaq. Hələ bütövlükdə SEPAH qara siyahıya salınmasa da, onun ayır-ayrı üzvlərinin adları siyahıda var. İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi də Avropanın qara siyahısındadır.

Bəs adı qara siyahıda olan adamlar və qruplar bu siyahıdan çıxa bilərmi? Bəli. Terrorçular siyahısında yer alan təşkilatlar və şəxslər siyahıdan çıxa, yaxud buna cəhd edə bilərlər. Proses həm ittifaqa üzv dövlətlərin, həm də üzv olmayan ölkələrin təklifi əsasında mümkündür. 2016-cı ildə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) Kolumbiya hökuməti ilə anlaşmaya gəlib tərksilah olmağa razılaşandan sonra onun adı Avropa İttifaqının qara siyahısından çıxarılıb.

Adı siyahıya salınan şəxslərin və qrupların Avropa İttifaqını məhkəməyə verməsi də mümkün variantdır, hərçənd bu, çox çətin məsələdir. Qanuni müqavimət qrupu olduğunu iddia edən “Həmas” onu terrorçular siyahısına saldığına görə 2014-cü ildə Avropa İttifaqını məhkəməyə vermişdi. İlkin məhkəmə instansiyası olan Avropa İttifaqı Məhkəməsi “Həmas”ın adının qara siyahıdan çıxarılması qərarına gəlmişdi. Məhkəmə hesab etmişdi ki, “Həmas”ın adı qara siyahıya lazımi araşdırmalar nəticəsində yox, KİV-də yayılan məlumatlar əsasında salınıb. Lakin 2017-ci ildə Avropa İttifaqının ali məhkəmə instansiyası olan Avropa Ədalət Məhkəməsi həmin qərarı ləğv etdi.