Logo
news content
User
Kateqoriyalar

İcmal

Qlobal nüvə fəlakətindən kimlər sağ çıxa bilər?
Qlobal nüvə fəlakəti baş versə ada dövlətlərdə insanların ən azı bir müddətə sağ qalacağı ehtimalı var

Mənbə: Yerusəlim Post

Tərcümə: Novator

Qlobal nüvə fəlakəti baş versə, dünyanın bəzi yerlərində, xüsusilə ada dövlətlərdə insanların ən azı bir müddətə sağ qalacağı ehtimalı var. İsrailin “Yerusəlim Post” qəzetində dərc edilən yazıda belə deyilir.

Yazı “Risk Analysis” beynəlxalq elmi jurnalında işıq üzü görmüş tədqiqatın nəticələri əsasında hazırlanıb.

Tədqiqat zamanı diqqət nüvə partlayışından sonra ortaya çıxacaq problemlər, ilk növbədə “nüvə qışı” adlandırılan günəş tutulması hadisəsinə ayrı-ayrı ölkələrin, xalqların nə dərəcədə dözümlü ola biləcəyi məsələsinə yönəldilib.

Qlobal nüvə fəlakətinə az-çox ada dövlətlərin dözümlü olacağı qənaətinə gələn alimlər bu sırada Yeni Zelandiya, Avstraliya, Solomon adaları, İslandiya və Vanuatunu xüsusi qeyd ediblər.

Ada dövlətlərdə yaşayan insanların nüvə fəlakəti zamanı özlərini ərzaqla təmin etmək, digər sosial problemlərin öhdəsindən gəlmək imkanlarını təhlil edən alimlər adaların əlverişli coğrafi mövqe ilə yanaşı başqa üstünlüklərə malik olduğunu da vurğulayıblar. Məsələn, Avstraliya özünə lazım olduğundan daha artıq miqdarda ərzaq, daha iri həcmdə enerji istehsal edir. Dünyanın ən böyük ada ölkəsi İndoneziya da özünü enerji ilə tam təmin edə bilir.

Qlobal nüvə fəlakətinin sağlamlığa, infrastruktura, enerjiyə, qidaya, suya, iqlimə, ətraf mühitə potensial təsirlərini hesablayan, bu təsirlərin dünyanın hər yerində eyni olmayacağını bildirən alimlər ən çox Şimal yarımkürəsinin (Yer kürəsinin ekvatordan şimalda olan hissəsi) ziyan çəkəcəyi qənaətinə gəliblər. Mütəxəssislər bunu nüvə partlayışlarının əsasən Şimal yarımkürəsindəki yaşayış məntəqələri yaxınlığında baş verəcəyi ilə izah ediblər.

Alimlərin fikrincə, qlobal nüvə partlayışı Şimal yarımkürəsində temperaturun daha aşağı düşməsi, daha faciəvi nəticələrə gətirib çıxarması, ərzaqla təminatın çox acınacaqlı vəziyyət alması ilə nəticələnə bilər.