Logo
news content
User
Kateqoriyalar

İcmal

Qarabağ: Azərbaycanla Türkiyənin Asiya alyansı arzusu

Ötən həftə Azərbaycanda Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

İsrailli ekspert Arye Qut hesab edir ki, Füzulidə beynəlxalq aeroportun açılması mühüm hadisədir: “Bu, əslində, Qarabağ regionunun bərpasında dönüş nöqtəsidir. Füzuli Beynəlxalq Hava Limanı bu rayonu inkişaf edən infrastruktura, güclü iqtisadiyyata malik çiçəklənən məkana çevirəcək”. Qutun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı müharibədən sonra regionda bir dənə də ev, bağça, məktəb, kitabxana, muzey salamat qalmayıb. Bir sözlə, ermənilər buarda daşı daş üzərində qoymayıblar: “Ermənistanın 30 illik işğalı dövründə bölgə yerlə-yeksan edilib”.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, nəhayət, regionun dirçəlməsinə imkan yaradıb. Bu mənada, işğaldan azad olunmuş regionda Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi son dərəcə önəmli hadisədir.

“Azərbaycan dövləti gecə-gündüz bilmədən, həftənin 7 günü Qarabağı bərpa edir, bölgədə quruculuq işləri aparır. Beləliklə, Azərbaycan Ermənistanın işğalı dövründə dağıdılmış bölgənin bərpasına sadiq olduğunu nümayiş etdirir”, - deyə israilli ekspert vurğulayır.

Füzuli Beynəlxalq Hava Limanının yeri təsadüfən seçilməyib. Bu günlərdə Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfəri zamanı Azərbaycan və Türkiyə liderləri Zəngilanda “Dost Aqroparkı”nın təməlini də qoyublar. Qutun sözlərinə görə, Türkiyənin dövlət başçısının son səfəri zamanı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməli qoyulub, prezidentlər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar: “Baş verənlər göstərir ki, Türkiyə ilə Azərbaycan Zəngəzur dəhlizinin tikintisinə israrlıdırlar”.

Prezident İlham Əliyev əldə edilən nailiyyətlərlə kifayətlənmək fikrində deyil. O, bu yaxınlarda bəyan etmişdi ki, “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq”.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində təxminən 1 milyon azərbaycanlı məcburi köçkünə çevrilib.

A.Qutun fikrincə, Zəngəzur dəhlizinin açılması nəticəsində Ankara təkcə Naxçıvan vasitəsilə Azərbaycanın digər ərazilərinə deyil, həm də Mərkəzi Asiyanın türkdilli dövlətləri və onların bazarına birbaşa çıxış əldə edəcək: “Bu, ən qısa və ucuz marşrutdur. Hazırda Türkiyənin yük maşınları Mərkəzi Asiya ölkələrinə Gürcüstan və Rusiya vasitəsilə gedir”.

Yeri gəlmişkən, Zəngəzur dəhlizi sosial-iqtisadi, geosiyasi və geostrateji nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir. Bu dəhliz Türkiyə, Azərbaycan, Ermənistan, Mərkəzi Asiya və Sakit okeanı hövzəsini birləşdirəcək, regional ticarət əlaqələrinə müsbət təsir göstərəcək. 

“Azərbaycan həm döyüş meydanında, həm də danışıqlarda qələbə qazanıb – həm diplomatik, həm də geosiyasi qələbə. Əldə edilmiş naziliyyətlərə Azərbaycanı Ermənistan vasitəsilə Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması haqda razılaşma da daxildir. Üstəlik, bölgədə bütün nəqliyyat marşrutları açılacaq. Əlbəttə, Zəngəzur dəhlizi sosial-iqtisadi, geosiyasi və geostrateji nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir. Bu dəhliz Türkiyə, Azərbaycan, Ermənistan, Mərkəzi Asiya və Sakit okeanı hövzəsini birləşdirəcək, regional ticarət əlaqələrinə müsbət təsir göstərəcək”, - deyə Arye Qut sonda vurğulayıb.

İndi Azərbaycan prezidenti İlham Əliyev Ermənistana sülh şəraitində birgəyaşayış təklif edir. O, Zəngəzur dəhlizinin üçtərəfli bəyanata daxil edilməsini “Azərbaycanın böyük siyasi qələbəsi” adlandırıb. Əliyevin sözlərinə görə, əgər yaxın gələcəkdə bu dəhliz açılarsa, Ermənistan tranzit ölkə kimi bundan fayda qazanacaq. Üstəlik, Ermənistan Azərbaycanın regional dəmir yolları şəbəkəsinin bərpasına qoyacağı investisiyalardan da faydalana bilər.

Bir sözlə, Zəngəzur dəhlizindən regionda sülhün bərqərar olması üçün istifadə olunması həm Azərbaycan, həm də Ermənistan üçün uzunmüddətli sabitliyi təmin edəcək.

Müəllif: Reyçl Abraham

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JewishPress.com