Logo
news content
User
Kateqoriyalar

İcmal

Pornoulduz Trampın yolunu kəsir
Keçmiş prezidentin yenidən Ağ evə qayıtması niyə mümkün görünmür?

Aprelin 15-də Nyu Yorkda ABŞ tarixində ilk dəfə keçmiş prezidentin (eyni zamanda prezidentliyə namizəd) cinayət işi üzrə məhkəmə prosesi başladı. Donald Tramp pornoulduz Stormi Denielsə ödənişlər haqqında sənədləri saxtalaşdırmaqda günahlandırılır. İttiham tərəfi israr edir ki, Tramp aralarındakı seksual əlaqəni ictimailəşdirməməsi üçün Denielsə pul ödənişini sənədləşdirərkən vergi qanunvericiliyini və seçki kampaniyasını maliyyələşdirmə qaydalarını pozub. Bu, Trampa qarşı qaldırılan dörd cinayət işindən biri və noyabrdakı prezident seçkilərinə qədər yekunlaşa bilən yeganə işdir. Tramp yaxın aylarda mütəmadi olaraq məhkəməyə gəlməli olacaq, deməli, KİV də onun öz həyat yoldaşına xəyanətinin yeni təfərrüatlarını öyrənəcək. Bu işdə isə prezidentin imici üçün zərərli olan xeyli hallar var (ən məsumu: pornoulduz üzərində Trampın portreti “Forbes” jurnalı ilə onun çılpaq yanını döyəcləyirmiş). Çoxsaylı cinayət işləri indiyə qədər Trampın reytinqinə ciddi zərər vurmayıb, amma sorğular göstərir ki, günahı sübut edilsə, tərəfdarlarının xeyli hissəsi ona səs verməyəcək. 

Daha az pisin seçimi

Partiyadaxili praymerizlər formal olaraq davam etsə də (yayın əvvəlinə qədər gedəcək), artıq aydındır ki, demokratların namizədi Co Bayden, respublikaçıların namizədi Donald Tramp olacaq. 

1968-ci ildən bəri ilk dəfədir ki, daha əvvəlki seçkilərdə məğlub olmuş namizəd yenidən iştirak edir. Riçard Nikson 1960-cı ildə Con Kennediyə uduzdu, amma 8 il sonra Hubert Hamfriyə qalib gəldi. Eləcə də 1956-cı ildən sonra ilk dəfədir ki, 4 il əvvəlki rəqiblər yenidən mübarizə aparacaqlar. Həmin il respublikaçı Duayt Ayzenhauer demokrat namizəd Edlay Stivensona ikinci dəfə qalib gəldi. 

2016-cı ildə olduğu kimi, seçiciləri iki qeyri-populyar siyasətçi arasında seçim gözləyir. Sorğulara görə, Bayden də, Tramp da əhəmiyyətli antireytinqə malikdirlər, seçicilərin 15 faizindən 25 faizinə qədəri isə hər iki siyasətçiyə neqativ yanaşır. Amerikalıların təxminən 50-70 faizi bu seçkilərdə Tramp və Baydenin namizəd olmasını istəmir. 

Seçicilərin narazılığını izah etmək asandır. Co Baydenin prezidentliyi dövrünə postkovid resessiyasından ağır çıxış, böyük miqyaslı miqrasiya böhranı, Amerika qoşunlarının Əfqanıstandan təcili təxliyəsi, Ukraynada və Qəzza sektorunda hərbi konfliktlərin başlaması tuş gəldi. İqtisadiyyat indi inamla böyüsə də, Bayden hakimiyyətinin ilk iki ilində inflyasiya son yarım əsrdə ən yüksək həddə çatdı və amerikalılar qiymət artımını indi də hiss edirlər. Bundan əlavə, 81 yaşlı Baydenin səhhəti seçicilərin əksəriyyətini narahat edir: amerikalıların 70 faizi hesab edir ki, o, ölkəyə rəhbərlik etmək üçün çox qocadır. Co artıq ABŞ tarixində ən yaşlı prezidentdir, yenidən seçiləcəyi halda ikinci kadensiyasının sonunda 86 yaşı olacaq. 

Donal Trampın yaşı amerikalıları daha az qayğılandırır, hərçənd, rəqibindən cəmi 4 il kiçikdir. Özü də sorğular zamanı respondentlər Trampı Baydenə nisbətən daha qeyri-dürüst və etimada layiq olmayan adlandırırlar. Seçicilər onun prezidentliyinin də neqativ aspektlərini xatırlayırlar: koronavirus pandemiyasının başlamasından tutmuş Kapitoliyə hücuma qədər. Trampın təyin etdiyi hakimlər sayəsində Ali məhkəmənin 2022-ci ildə abort hüququnu ləğv etməsi də seçicilər üçün önəmlidir: bu, seçki kampaniyasının əsas mövzularından biridir. 

İstintaq altındakı ilk prezident

Donald Trampın qanunla çoxsaylı problemləri də reytinqinə mənfi təsir göstərir. O, böhtana və dələduzluq haqqında iki mülki iş çərçivəsində günahkar bilinib və cəmi 500 milyon dollar məbləğində cərimə edilib. Son bir il ərzində isə keçmiş prezidentə qarşı dörd cinayət işi qaldırılıb, 88 maddə üzrə ittiham irəli sürülüb. Onlardan bəziləri həbs cəzası nəzərdə tutur:

  • Vaşinqtonda Tramp hakimiyyəti əlində saxlamaq və Baydenin qalib gəldiyi prezident seçkilərinin nəticələrinin təsdiqinə mane olmaq cəhdində günahlandırılır. Bu iş çərçivəsində Trampa 4 maddə üzrə ittiham irəli sürülüb. Məhkəmənin tarixi məlum deyil. Tramp təqibdən immunitetə malik olduğunu deyir. Məhkəmələr bu arqumentlə razılaşmayıb, indi iş Ali məhkəmənin icraatındadır: aprelin 25-də tərəflərin dəlilləri dinləniləcək; 

  • Floridada başqa iş aparılır: Trampın Mar-a-Laqodakı iqamətgahında məxfi sənədlərin tapılması haqqında. 40 maddə üzrə irəli sürülən ittiham həmin sənədlərin gizlədilməsini və ədalət mühakiməsinə maneçilik törətməni əhatə edir. Prosesin başlaması mayın 20-ə təyin olunub, amma yəqin ki, qeyri-müəyyən müddətə təxirə salınacaq;

  • Corciyada Trampı və daha 18 nəfəri ştatdakı prezident seçkilərinin nəticələrini ləğv etmək üçün cinayətkar sövdələşmədə ittiham edirlər. İşin əsasını Trampın Corciya ştatının katibi, seçkilərin keçirilməsinə məsul olan Bred Raffenspergerə zəngi təşkil edir. Zəng zamanı Tramp Baydenə qalib gəlmək üçün Raffenspergerdən 12 min səs “tapmağı” tələb edir. İttiham elan olunandan sonra Trampın dörd ehtimali ortağı özlərini günahkar bilib və ona qarşı ifadə verməyə hazırdır. Prosesin nə vaxt başlayacağı bilinmir;

  • Nyu Yorkda isə Tramp aralarındakı seksual əlaqəni ictimailəşdirməməsi üçün Denielsə pul ödənişini (130 min dollar) gizlətmək üçün sənədləri saxtalaşdırmaqda günahlandırılır. Bu, yeganə işdir ki, prezident seçkilərinə qədər yekunlaşması ehtimalı böyükdür: məhkəmə prosesi aprelin 15-də başlayıb. 

Trampın vəkilləri cinayət işlərinə baxılmasını hələ ki, uzada bilirlər. Mümkündür ki, noyabra qədər yalnız Nyu Yorkdakı iş yekunlaşsın, amma buradakı ittiham ən zəifidir. Bundan əlavə, Tramp yenidən prezident olduğu təqdirdə nəzəri cəhətdən özünü  əfv edə bilər, hərçənd, hüquqşünaslar bu addımın konstitusiyaya uyğunluğa barədə mübahisə edirlər. Lakin bu səlahiyyət yalnız federal ittihamlara şamil olunur, Nyu Yorkda və Corciyadakı ittihamlara tətbiq edilə bilməz. 

Onu da qeyd etmək lazımdır ki, nə istintaq altında olması, nə hökm, nə də həbsə salınması Donald Trampa seçkilərdə iştirak etməyə və prezident olmağa mane ola bilməz: əgər məhkəmə Trampa seçkilərdə iştirakı qadağan edən ayrıca hökm çıxarmasa, nə Konstitusiyada, nə başqa qanunlarda bununla bağlı məhdudiyyət yoxdur. ABŞ tarixində barmaqlıqlar arasında olan ən azı üç adamın seçkilərdə iştirakı məlumdur, onlardan biri, sosialist Yucin Debs isə 1912-ci ildə təxminən 1 milyon səs toplaya bildi. Trampın hətta həbsxananı müvəqqəti iqamətgah edərək ölkəni oradan idarə etməsi də mümkündür. 

“Əcinnə ovu” və qurban effekti

Bəs ittihamlar Trampın ikinci dəfə prezident olmaq şansına nə qədər təsir edir? İndi birmənalı demək olar ki, onlar keçmiş prezidentə nəinki mane olmadılar, hətta Respublikaçılar partiyasında praymerizdə inamlı qələbə çalmağa kömək etdilər. Sorğuların nəticələrinə baxsaq, Trampın ən aşağı reytinqi 2022-ci ilin sonlarında və 2023-cü ilin əvvəllərində olub. Konqresə aralıq seçkilər respublikaçılar üçün uğursuz nəticələnəndən sonra Trampın bəzi partiyadaşları bildirdilər ki, bunun günahı onun radikalizmində və partiyanın abort məsələsində mövqeyindədir. 

Bunun fonunda Floridanın qubernatoru Ron Desantis Trampın parlaq alternativinə çevrilir, bəzi sorğuların nəticələrinə görə onu hətta qabaqlayırdı. Amma 2023-cü ilin yayında Trampa qarşı iki federal istintaqın aparılması məlum olanda, xüsusən də iqamətgahında FBI agentləri axtarış aparıb məxfi sənədləri götürəndə, hər şey dəyişdi. Keçmiş prezident sorğularda səsini sürətlə artırmağa başladı, hətta praymeriz rəqibləri belə Baydeni siyasi təqibdə günahlandıraraq, onun müdafiəsinə qalxmalı oldular. Tramp da bundan fəal yararlandı, ittihamları onu seçkiyə buraxmamaq üçün “əcinnə ovu” adlandırdı. Özünü o qədər inamlı hiss etdi ki, hətta praymeriz çərçivəsində debatlardan imtina etdi. 

Yanvarın 15-də Ayovada ilk praymeriz keçirilən gün yarışda Tramp və Desantisdən başqa özünü Tramp işinin davamçısı kimi qələmə verən sahibkar Vivek Ramasvami və əvvəllər Cənubi Karolinanın qubernatoru postunu tutan meynstrimçi respublikaçı Nikki Heyli iştirak edirdi. Trampın inamlı qələbəsindən sonra Desantis və Ramasvami yarışdan çəkildilər, Heyli isə mübarizəni tək apardı. O, keçmiş prezidenti qızğın tənqid edirdi, amma ilkin seçkilərdə bircə qələbə belə qazana bilmədi. Qələbə üçün hətta riyazi şansı qalmayan xanım martda kampaniyasını dayandırdı, özü də rəqibini dəstəkləməkdən imtina etdi. 

Amma o, yarışdan çəkiləndən sonra da səs almaqda davam etdi: sonrakı praymerizlərdə respublikaçıların 15 faizi ona səs verdi. Bu da o deməkdir ki, Respublikaçılar partiyasının daxilində Donald Trampı bəyənməyən kiçik seçicilər seqmenti mövcuddur. Bütövlükdə isə partiyanı uğurla özünə tabe etdirdi və irəli sürülən ittihamlar bu işdə ona ciddi kömək etdi.

Femidanın məhkəməsi və ictimaiyyətin məhkəməsi

Amma ümumi seçkilərlə bağlı hər şey belə birmənalı deyil. Praymerizdə namizədlər öz partiyalarının nüvəsinin və motivasiyalı fəalların dəstəyini qazanmalıdırlarsa, noyabrda Trampa daha mülayim və mütərəddid seçicilərin səsi lazımdır. Onların arasında da keçmiş prezidentə qarşı cinayət ittihamları yəqin ki, neqativ qarşılanır. 

Sorğulara görə, amerikalıların yarısından çoxu Trampa elan olunan ittihamları dəstəkləyir və onun qanunsuz olaraq seçkilərin nəticələrini ləğv etməyə cəhd göstərdiyini düşünür. Çoxluq həmçinin düşünür ki, məhkəmələr seçkilərə qədər keçirilməlidir və Tramp müqəssir bilindiyi halda həbsxanaya salınmalıdır. “Ipsos”un aprel sorğusuna görə, Tramp müqəssir bilindiyi halda respondentlərin yalnız 23 faizi, həbs cəzası kəsildiyi halda isə yalnız 19 faizi ona səs verməyə hazırdır. 

Buradan da aydın olur ki, Trampın hüquqşünasları məhkəmə baxışını təxirə salmaq üçün niyə bu qədər çalışırlar. Amma bir sual yaranır: bu nəticələr Bayden və Trampın, demək olar, bərabər getdiklərini göstərən sorğularla necə uyğun gəlir? Ən sadə izah ondan ibarətdir ki, amerikalılar ənənəvi olaraq siyasəti diqqətlə izləmirlər və seçkilərə ancaq 2-3 ay qalmış namizədlərə diqqət yetirirlər. Sosioloji sorğular da məhz bu zaman yekun nəticə baxımından daha dəqiq olurlar. “New York Times” keçirən sorğunun nəticələrinə görə, respondentlərin 37 faizi keçmiş prezidentin məhkəmə proseslərini izləmir və ya demək olar ki, izləmir. 

Bununla belə, hətta Donald Trampa qarşı işlərin heç birində noyabr seçkilərinə qədər andlıların hökm çıxrmayacaqlarını ehtimal etsək, seçicilər tərəfindən artan maraq, eləcə də bu mövzunun mediada daha fəal işıqlandırılması keçmiş prezidentin reytinqinə də, Ağ evə qayıtmaq şanslarına da mənfi təsir göstərəcək.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/politika/270907