Logo
news content
User
Kateqoriyalar

İcmal

Fransa prezidenti Ukrayna ilə riskli oyun oynayır
Makronun Rusiya ilə bağlı bəyanatları və Putinlə tez-tez telefonla danışması təəccüb doğurur

Mənbə: Financial Times

Tərcümə: Novator

Böyük Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Con Soersin “Financial Times” qəzetində “Makron Ukrayna ilə riskli oyun oynayır” başlıqlı məqaləsi dərc olunub. Məqalənin ingiliscədən tərcüməsini təqdim edirik.

Qərbin Ukrayna müharibəsində iki məqsədi var: Ukraynanın suverenliyini qorumaq və gələcəkdə Rusiyanı Avropa ölkələrinə oxşar hücumlardan çəkindirmək.

Ancaq hazırda Donbasda elə idbar hərbi əməliyyatlar aparılır ki, bu döyüşlərə son qoya biləcək istənilən addımı dəstəkləmək yerinə düşərdi.

Fransa prezidenti Emmanuel Makronun Rusiyanı işğala görə təhqiramiz vəziyyətə salmamaq, alçaltmamaq barədə çağırışı və tez bir zamanda sülhə nail olmaq təşəbbüsü, eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenskinin bu açıqlamaya soyuq reaksiyası təəccüb doğurmur.

Problem ondadır ki, hazırda atəşkəs elan olunsa, bu, Rusiyanın hərbi qələbəsi kimi qeyd ediləcək. Rusiya prezidenti Vladimir Putinin geri çəkilməyə razılaşacağına inanmaq üçün heç bir əsas yoxdur. Çünki işğalçılar zəbt etdikləri əraziləri “ruslaşdırmaqla”, həmin bölgələrdə məktəbləri rus məktəblərinə çevirməklə, yerli mediaya nəzarəti ələ keçirməklə, yerli hakimiyyət oqranlarına marionet fiqurlar təyin etməklə məşğuldur.

Putin artıq atəşkəs oyununu oynayıb. 2008-ci ildə Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü, vasitəçiliyi nəticəsində Gürcüstanla Rusiya arasında atəşkəs əldə olundu. Bu atəşkəs Gürcüstanın iki bölgəsini işğal edən rus qoşunlarının həmin ərazilərdən çıxması hesabına baş verdi. Amma Gürcüstan o vaxtdan nə ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilib.

Eyni vəziyyət 2014-cü ildə Ukraynada yaradıldı. Ukraynanın Rusiyayönlü hökuməti xalq etirazları qarşısında süqut etdikdən sonra rus qoşunları Krımı və Donbasın bir hissəsini zəbt etdi. Sarkozinin varisi Fransua Olland və Almaniyanın o zamankı kansleri Angela Merkel Vladimir Putinlə belə razılığa gəldilər ki, Donbasla bağlı Rusiya ilə dostcasına danışıqlar prosesi getsin, Krıma kimin nəzarət etməli olduğuna isə toxunulmasın. Məsələnin belə qoyuluşu Ukraynanın o dövrkü inadkar prezidentinin təkidinin nəticəsi idi və bu, Rusiyaya yenə hərbi qələbəsini elan etməyə imkan verməmişdi.

Bu gün Ukrayna liderləri mübarizəni davam etdirmək niyyətindədirlər və qəti şəkildə atəşkəs istəmirlər. Çünki atəşkəs Rusiyanın hərbi hücumunun kulminasiya nöqtəsi ola bilər.

Makronun Putini aşağılamamaq çağırışının kökündə duran məqsəd aydın deyil. Bu yaxınlarda ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukrayna üzrə sülh prosesinin hazırlanmasını təklif edib.

Ukrayna liderləri belə çağırışlara ehtiyatla yanaşırlar. Çünki bu, vaxtından qabaq atəşkəs elan etmək məqsədi güdən siyasətin növbəti raundu ola və Ukraynanı sarsıtmaq bahasına Putinin simasını xilas etməyə yönələ bilər.

Putinin mövqeyi barədə nə demək olar? Müharibənin ilk həftəsindən onun işğala başlamaqda böyük səhvə yol verdiyi bəllidir. Putinin təhlükəsizlik sahəsinə cavabdeh məmurları ona səcdə edə-edə dəstək verir və bir çoxları onun Ukraynanı ram etmək cəhdinə şərik çıxır.

Ancaq gec-tez onlar da Putinin Rusiyanın maraqlarına zərbə vurduğunu görəcəklər. Nə qədər ki, Putin hakimiyyətdədir, Rusiya iqtisadiyyatı sanksiyalar altında qalacaq. Avropa tədricən Rusiyanın enerji daşıyıcılarından asılılığına son qoyacaq və bir daha bu boyunduruğa qayıtmayacaq. Putinin ətrafındakı adamlar qanunsuz yolla əldə etdikləri sərvətlərdən yararlana bilməyəcəklər. Yekunda Putinin mövqeyi zəifləyəcək. Uğursuz müharibə hökmdarın gücünü artırmır.

Hansısa məqamda Putin aradan götürülə də bilər, hərçənd mən bunun tezliklə baş verəcəyinə inanmıram. Rusiya liderinin təhlükəsizlik sahəsinə cavabdeh məmurların fəal dəstəyinə ehtiyacı var. Ancaq Ukraynadakı uğursuzluqlar onun rejiminin iki sütununü – Federal Təhlükəsizlik Bürosunu (“KQB”nin varisi) və ordunu ağır ittihamlar girdabına salıb. Rusiyanın köhnə üslubudur: bəzi rəhbər şəxslər vəzifədən uzaqlaşdırıla, qurban verilə bilər. Amma kütləvi narazılıqların və fərdi tənqidlərin baş qaldırmasının qarşısını almaq çətin olar.

Ukrayna Rusiyanı məğlub etməyə çağırır. Məğlubiyyət dedikdə konkret nəyin nəzərdə tutulduğu tam aydın deyil, amma aydın olan odur ki, bu çağırış Makronun Putini alçaltmamaq ideyasına ziddir.

Fransa Ukraynaya mühüm hərbi dəstək verir və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını müdafiə edir. Amma müharibənin başlanmasından 100 gündən çox keçsə də, Makronun Kiyevə səfər etməyə vaxt tapmaması, eyni zamanda Putinlə tez-tez telefon əlaqəsi saxlaması təəccüb doğurur.

Rusiyanı ən könülsüz tərk edən Fransa şirkətləri olub. Bəlkə də onlar ümid bəsləyiblər ki, Rusiyada qalsalar gələcəkdə bunun bəhrəsini görə bilərlər. Ona görə Ukrayna rəhbərliyinin Makronun niyyətindən ehtiyatlanmasına təəccüb etmək lazım deyil.

Avropa diplomatiyasının növbəti raundunda da Rusiya Ukraynada hərbi uğurlar qazansa, Putin öz ölkəsində siyasi nüfuzunu möhkəmlədəcək və gələcəkdə yeni hərbi avantüralar üçün özündə güc duyacaq.

Ukraynalılar savaşı davam etdirmək istəyirlər və onların bizim müasir silahlara, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyimizə, yəni dəstəyi davam etdirməyimizə ehtiyacı var. Bu, qanlı müharibənin daha bir neçə ay uzanması deməkdir. Amma vaxtından əvvəl atəşkəs elan olunsa, Putin qələbəni məğlubiyyətin cəngindən çəkib çıxara bilər. Heç bir Qərb lideri Putinin yardımçısına çevrilməməlidir.