Forbes (ABŞ): İran-Azərbaycan: söz müharibəsindən hərbi təlimlərədək
08 Oktyabr 2021
Müəllif: Dominik Dadli (Foto: AP)
Son həftələrdə İranla qonşusu Azərbaycan arasında münasibətlər davamlı şəkildə pisləşməkdədir. Səbəb hər iki dövlətin sərhəddə hərbi təlimlər keçirməsi, İsrailin regionda hərbi mövcudluğu haqda iddialar, Ermənistanla Azərbaycan arasındakı sərhədin kəsişməsində yerləşən yolda sərhədçilərin yoxlamalar aparmasıdır.
İran hərbi birləşmələri oktyabrın 1-də Azərbaycanla sərhədə yaxın ərazidə “Xeybər fatehləri” adlı hərbi təlimlərə başlayıb. Təlimlərə ad seçilərkən eramızın 628-ci ilində baş vermiş Xeybər döyüşünə istinad edilib. Xatırladaq ki, həmin döyüş müsəlmanlarla yəhudilər arasında indiki Səudiyyə Ərəbistanının cənubunda yerləşən ərazidə baş vermişdi.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində İranın keçirdiyi təlimləri tənqid edib: “Hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur... Bəs nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə?”.
Bu, iki dövlət arasında gərginliyə səbəb olmuş yeganə hərbi təlim deyil. Bu il sentyabrın 12-də Azərbaycan da öz növbəsində, Türkiyə və Pakistanla birgə hərbi təlim keçirib. Bundan sonra İranın ali dini lideri Əli Xameneinin Ərdəbil vilayəntindəki (Azərbaycanla sərhəddə yerləşir) nümayəndəsi Bakıya xəbərdarlıq mesajı göndərib: “şirin quyruğu ilə oynamayın”. Bu hədədən cəmi bir gün sonra Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Tehranla Bakı arasında mümkün münaqişəyə halında İranda yaşayan etnik azərbaycanlılar bu ölkəyə problem yarada bilər: “İranın Azərbaycanda separatçılığa birbaşa və dolayı yolla dəstək verməsi 30 milyon azərbaycanlı türkün və digər etnik azlıqların yaşadığı İranın ərazi bütövlüyü üçün yaxşı heç nə vəd etmir”.
İsraillə bağlı iddialar
İranlı rəsmilər İsrailin regionda hərbi fəaliyyəti ilə bağlı ittihamlar irəli sürür. Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 6-da Moskvaya səfəri zamanı bildirib ki, “Tehran İsrailin Qafqazda iştirakından dərin narahatlıq keçirir”.
Ötən il Azərbaycan Ermənistanla qısamüddətli müharibə zamanı İsrail istehsalı olan dronlardan istifadə edib. Həmin dövrdən bəri iki ölkə arasında əlaqələr daha da inkişaf edib. Bu yay Təl-Əvivdə Azərbaycanın Ticarət Nümayəndəliyi açılıb. İran iddia edir ki, indi İsraildən olan hərbi məsləhətçilər belə Azərbaycanda fəaliyyət göstərir. Lakin rəsmi Bakı bu ittihamları rədd edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, “Azərbaycan-İran sərhədi yaxınlığında guya hər hansı üçüncü qüvvələrin olması, onların təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik. Çünki bu fikirlərin heç bir əsası yoxdur”.
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin sentyabrın 1-də “Twitter” hesabında paylaşdığı video isə İranın tənqidlərini daha da gücləndirib. “Mən dəfələrlə bu sərhədin yaxınlığında olmuşam”, - deyə israilli səfir sosial şəbəkə hesabından bəyan edib.
Münaqişəyə aparan yol?
Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş 44 günlük müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatıb. Müharibə zamanı Azərbaycan ərazilərinin böyük hissəsini geri qaytarıb və yalnız bundan sonra tərəflər arasında bəyannamə imzalanıb. Nəticədə bir zamanlar Ermənistanın nəzarət etdiyi bəzi ərazilər indi Azərbaycanın nəzarətindədir. Buraya Ermənistanın cənubunda yerləşən, Qapanla Gorusu birləşdirən avtomobil magistralının 20 kilometrlik hissəsi də daxildir. Bu yol iki dövlət sərhədinin kəsişməsində yerləşir. O, Ermənistan-İran sərhədindən başlayır və paytaxt Yerevana qədər uzanır. Azərbaycan bu ilin əvvəllərində həmin yolun üzərində sərhəd məntəqələri yaradıb və yola nəzarət edir. Ötən aydan etibarən isə o, İranın bu magistraldan istifadə edən yük maşınlarından 130 dollar rüsum alır.
Azərbaycanın dövlət başçısı İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, avqustun 11-dən sentyabrın 11-nə qədər İrana məxsus 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib: “Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən maşınların sayı sıfra endi”. Prezident əlavə edib ki, əgər İrana məxsus TIR-lar Azərbaycan ərazilərindən keçirsə, onlara görə rüsum ödənməlidir.
Azərbaycan bu yoldan keçməyə çalışan iki iranlı sürücünü saxlayıb. Nəticədə Tehran Bakıya xəbərdarlıq mesajı ünvanlayıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib ki, Azərbaycan sərhədçiləri İran vətəndaşları ilə rəftar zamanı daha diqqətli olmalıdırlar.
Ermənistanla gərginliyin azalması
Baş verənlərin fonunda Tehranla Yerevan arasında münasibətlər yaxşılaşır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 4-də Tehrana səfər edərək iranlı həmkarı ilə görüşüb. Həmin gün Yerevanda İranın Ermənistandakı səfiri ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da görüş keçirilib.
İran Ermənistana Tatev kəndindən keçəcək alternativ yolun inşasına yardım təklif edib. Yolun 15 kilometrlik hissəsinin bərpasına ehtiyac var. Bu, İranın yük maşınlarına Azərbaycanın nəzarət etdiyi ərazidən yan keçmək imkan yaradacaq.
İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi bu layihə ilə tanış olmaq məqsədilə oktyabrın əvvəllərində Yerevana səfər edib.
Bakı ilə Tehran isə hələ də bir-birinə qarşı yeni iddialar irəli sürür. Bu, bölgədə geosiyasi dəyişikliklərin baş verdiyini təsdiqləyir. Elə bu həftə Azərbaycanın Daxili İşlər Nazirliyi İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisinin bağlandığını bəyan edib. Ofisin bağlanmasına səbəb kimi, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri göstərilir. Azərbaycanın İrandakı səfirliyi ofisin açılmasını istəyir.
Bütün bu “söz müharibəsi”nin, hərbi təlimlərin daha ciddi nəticələrə səbəb olub-olmayacağı hələ ki, məlum deyil. Amma tərəflərin gərginliyi azaldacaq addımlar atacağını göstərən əlamətlər də azdır.
(İngilis dilindən tərcümə - WorldMedia.Az. Mənbə: Forbes)