Logo
news content
User
Kateqoriyalar

İcmal

Bizə deyil, onlara qulluq edən “Twitter”...
Mask imkan verir ki, Kreml Ukraynada apardığı işğalçı müharibə haqqında uydurmalar, çaşdırıcı məlumatlar yaysın

Mənbə: Associated Press

Tərcümə: Novator

ABŞ-ın “Associated Press” agentliyi “Tvitter” şəbəkəsindəki son dəyişikliklə əlaqədar şərh yayıb. Həmin şərhin tərcüməsini təqdim edirik.

“Tvitter” şəbəkəsindəki son dəyişiklik Rusiya, Çin və İranın avtoritar hakimiyyətlərinin işinə yarayır. Tədqiqatçılar belə qənaətə gəlib ki, bu ölkələrin hökumətləri şəbəkədəki dəyişiklikdən fayda götürür, öz nəzarətlərində olan “Tvitter” hesablarına yeni izləyicilər cəlb edir, həm təbliğat, həm də dezinformasiya dairəsini genişləndirirlər.

Əvvəllər “Tvitter” dövlət nəzarətində olan media qurumlarını, informasiya agentliklərini xüsusi işarə ilə seçdirir, yəni istifadəçiyə işarə verirdi ki, burada dövlət təbliğatı var. Üstəlik, “Tvitter” belə qurumların, agentliklərin yerləşdirdiyi materialların istifadəçilərə avtomatik ötürülməsinə məhdudiyyət qoyur, yəni şəbəkədə dövlət təbliğatına mümkün qədər mane olurdu. Artıq “Tvitter” bunların heç birini etmir.

“Tvitter” ABŞ-da yaradılmış şəbəkədir. Amma şəbəkədə bu yaz həyata keçirilən dəyişiklik Kremlə imkan verir ki, Ukraynada apardığı işğalçı müharibə, Vaşinqtonun siyasəti haqqında və digər oxşar mövzularda uydurmalar, çaşdırıcı məlumatlar yaymaq üçün… Amerika platformasından sui-istifadə etsin.

Baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən və avtoritar hökumətlərin sosial mediadan təbliğat məqsədilə necə yararlandığını izləyən “Reset” qeyri-kommersiya təşkilatı “Tvitter”dəki dəyişikliyin təsir dairəsi ilə bağlı apardığı araşdırmanın nəticələrini “Associated Press” agentliyinə təqdim edib.

“Reset” şəbəkədəki dəyişiklikdən sonra bəzi materiallara təxminən 125 min baxış sayının əlavə olunduğunu aşkarlayıb. Bəs həmin materiallarda nədən bəhs edilir? Guya 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda törədilən terror aktlarında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əli var. Guya Ukrayna liderləri xarici yardımı mənimsəməklə məşğuldur. Guya Rusiya ABŞ-ın Ukraynada bioloji laboratoriyalar vasitəsilə apardığı gizli müharibəyə cavab olaraq Kiyevlə döyüşə girmək məcburiyyətində qalıb.

İran və Çinin dövlət mediaları da “Tvitter”in ilk baxışdan o qədər də nəzərə çarpmayan dəyişikliyindən sonra bu sosial şəbəkə platformasında fəallığını artırıb.

“Tvitter”i ötən il milyarder İlon Mask satın alıb və şəbəkənin iş prinsipləri də bundan sonra dəyişməyə başlayıb. İlon Mask dərhal platformada anlaşılmaz yoxlama sistemi tətbiq edib, şirkətin bir çox əməkdaşını, o cümlədən dezinformasiya ilə mübarizəyə məsul şəxsləri işdən çıxarıb, əvvəllər şəbəkəyə girişinə qadağa qoyulmuş neonasistlərə və digər dəstələrə yaşıl işıq yandırıb, koronavirus infeksiyası mövzusunda həyati təhlükə doğuran saxta məlumatların yayılmasını yasaqlayan qaydaları ləğv edib. Bu səbəbdən platformada kin-küdurət, nifrət və dezinformasiya aşıb-daşmağa başlayıb.

Ən son dəyişikliyə qədər “Tvitter”də istifadəçilərə materialın mənbəyini anladan işarələr sırasında “Rusiya dövlət mediası” sözləri yazılmış işarəyə də rast gəlmək olurdu. Platforma başqa dövlət mediaları kimi Rusiya dövlət mediasına məxsus hesabların da geniş auditoriya qazanmasına məhdudiyyət qoyur, beləliklə, Kremlin sosial mediada meydanını daraldırdı.

İlon Mask “Tvitter”ə yiyələnəndən sonra ABŞ Milli İctimai Radiosunun və bəzi başqa media qurumlarının da hesablarını dövlətə bağlı media kimi işarələməyə başladı. Milli İctimai Radio və digər media qurumları öz redaksiyalarının müstəqil olduğunu vurğulayaraq Maskın yanaşmasını etirazla qarşıladı. Axırda Milli İctimai Radio bəyan etdi ki, İlon Mask ictimai rəyi yanıltmaq, dinləyicilərin onlara olan inamını sarsıtmaq xəttini seçib, buna görə də radionun redaksiyası daha “Tvitter”dən istifadə etməmək qərarına gəlib. Radionun bəyanatından sonra “Tvitter”də ümumiyyətlə dövlət mediasını işarələmə sistemi ləğv olundu.

Bu dəyişikliyin Rusiya, Çin və İran hakimiyyətlərinin işinə yaradığı barədə “Reset”in gəldiyi qənaəti ABŞ Atlantik Şurasının Rəqəmsal Cinayətlər üzrə Tədqiqat Laboratoriyası da təsdiqləyir. Laboratoriyanın mütəxəssisləri “Tvitter”in dəyişikliyi tədricən, mart ayının sonundan tətbiq etməyə başladığını söyləyirlər. Onlar bildirirlər ki, işarələmə sisteminin qüvvədə olduğu dövrdə bir çox “Tvitter” hesabı davamlı olaraq izləyicisini itirib. İşarələmə sisteminin ləğvindən sonra isə həmin hesabların əksərində izləyici sayı yenidən artıb.

Rusiyanın “Tvitter”də ən populyar təşviqat hesablarından biri “RT Arabic” kanalına məxsusdur. Rəqəmsal Cinayətlər üzrə Tədqiqat Laboratoriyası vurğulayır ki, işarələmə sistemi bu hesabda izləyici sayının azalması ilə nəticələnmiş, 2023-cü il yanvarın 1-nə 5 milyon 230 minə düşmüşdü. İşarələmə sisteminin ləğvindən sonra bir neçə həftənin içində “RT Arabic”in “Tvitter” hesabını izləyənlərin sayı 5 milyon 240 mini ötüb.

Laboratoriya xatırladır ki, dəyişikliyə qədər Kremlin təbliğat materialları istifadəçilərin qarşısına avtomatik çıxmırdı, həmin materialları görmək istəyən konkret hesablara daxil olmalı, ayrıca axtarış verməli idi: “İndi isə bu tip təbliğat xarakterli materiallar digər adi materiallar kimi hər istifadəçinin qarşısına çıxa, şəbəkənin istifadəçilərə təklif və tövsiyə etdiyi materiallar cərgəsinə salına bilər. Artıq hökumətin maliyyələşdirdiyi media strukturunu tapmaq istəyən adamın əziyyət çəkib “Tvitter”də axtarışa çıxmasına ehtiyac yoxdur. Çünki belə resurslar hazırda “Tvitter”də gözə girir”.

“Tvitter” şirkəti “Associated Press” agentliyinin platformadakı dəyişiklik, onun səbəbləri ilə bağlı sorğusunu cavablandırmayıb.

İlon Mask əvvəlki açıqlamalarında avtoritar liderlərin idarə etdiyi dövlətlərin maliyyələşdirdiyi təbliğat agentlikləri ilə Qərbdəki müstəqil xəbər agentlikləri arasında elə böyük fərq görmədiyini söyləyib. O, 2022-ci ildə öz “Tvitter” hesabında belə yazmışdı: “Onsuz da bütün xəbər mənbələri qismən təbliğat aparır. Sadəcə, bəziləri təbliğatla daha çox məşğul olur”.