Azadlıq Radiosu: Həftə ərzində Qarabağa 200 tranzit avtomobili gəlib
21 Oktyabr 2021
Bir həftə ərzində Laçın dəhlizindən Qarabağa və əks istiqamətə 200-dən artıq tranzit nəqliyyat vasitəsinin və minə yaxın adamın təhlükəsiz gəliş-gedişi təmin olunub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, 27 müşahidə postu avtomobil nəqliyyatı və adamların Dağlıq Qarabağa və əks istiqamətə təhlükəsiz gediş-gəlişini sutka boyunca təmin edir.
Qarabağa 10 ton “humanitar yük” gətiriblər
O da qeyd olunur ki, “mümkün provokasiyaların qarşısını almaqdan ötrü” bütün avtonəqliyyat vasitələri yoxlanır. “Müəyyən günlərdə postdan tikinti materialları olan avtomobil karvanları keçir, onları Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələri müşayiət edir”, – kontingentin təmsilçisi Yevgeni Mişin deyib.
Nazirlik postların hamısında video müşahidə kameralarının yerləşdirildiyini qeyd edir. Laçın dəhlizində və Dağlıq Qarabağda ümumilikdə 27 müşahidə postunun qurulduğu vurğulanır.
Nazirliyin oktyabrın 19-da yaydığı məlumatda isə deyilir ki, Rusiya hərbçiləri Yerevandakı Erebuni aerodromundan Xankəndinə Laçın dəhlizi vasitəsilə 10 ton humanitar yük gətiriblər. Bu yükün Dağlıq Qarabağda ehtiyacı olan ailələr üçün nəzərdə tutulduğu bildirilir.
Ayaqqabı, geyim, məktəb ləvazimatı, qaz plitələri və digər əşyaların qaçqınlara, çoxuşaqlı ailələrə, məcburi köçkünlərə paylanacağı deyilir.
Azərbaycan Laçın dəhlizinə nəzarət edirmi
Ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. Tənqidçilər Rusiyanın hərbçilərinin Azərbaycan ərazisinə yerləşdirilməsinə ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib.
Azərbaycan müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.
Ölkə rəhbərliyi indiyədək Rusiya hərbçilərinin işini ümumilikdə müsbət qiymətləndirdiyini bildirib. Ancaq Prezident İlham Əliyev sentyabrın sonunda İran yük maşınlarının Ermənistana, Xankəndinə getməsi ilə bağlı deyirdi ki, müharibə başa çatdıqdan sonra “Laçın dəhlizi bizim gözümüzün önündədir”. Onun sözlərinə görə, Azərbaycan Laçın dəhlizi boyunca, Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikdir, kameralar var.
Artıq İran rəsmi şəkildə öz sürücülərinin və vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ və Laçın rayonlarının ərazisinə daxil olmasının qadağan olunduğunu bildirib. Bundan sonra bir müddət öncə qaçaqmalçılıqda və Azərbaycanın dövlət sərhədini lazımı sənədlər olmadan keçməkdə günahlandırılan İran vətəndaşı sürücülər ölkələrinə təhvil verilib.
Azadlıq Radiosu