Yarımfabrikat qidalar - Siqaretdən daha zərərli
Dondurulmuş qidalar hansı hallarda sağlamlığımıza zərər vurur?
04 Noyabr 2024
Bəziləri bu məhsulları hazır şəkildə mağazalardan alır, bəziləri isə özü hazırlayıb, buzluqda saxlayır. Bu məhsullar daha çox ət və ət məhsullarından, o cümlədən, tərəvəzlərdən və xəmir yeməklərindən ibarət olur. Amma bu qidalar heç də təhlükəsiz deyil. Onların saxlanma şəraitinə və istifadə qaydasına düzgün əməl edilmədikdə ciddi fəsadlar yarada bilər.
Yarımfabrikat qidaların fəsadı ilə üzləşən Bakı sakini A. Quliyeva deyir ki, rahatlıq arxasınca qaçması başına bəla olub: “İşlədiyim üçün yemək bişirməyə hər gün vaxt ayıra bilmirəm. Ona görə də, ərzaq alış-verişi edəndə dondurulmuş qidalardan alıb buzluğa yığır, onları yeyirdim. Amma bir dəfə problem yaşamışam. Hazır “üç bacı” dolması almışdım. Yedikdən sonra halım pisləşdi, zəhərləndim. O vaxtdan bəri daha diqqətli olmağa çalışıram. Həkim də demişdi ki, qida rasionunda üstünlüyü təbii qidalara verməliyəm. Məcburiyyətdən artıq yarımfabrikat qidalardan istifadəni minimuma endirmişəm. Daha özüm bişirib buzluqda ehtiyat üçün saxlayıram. Beləcə, həm büdcəmə qənaət edirəm, həm də sağlamlığımın qeydinə qalıram”.
Amma çoxumuz yarımfabrikat qidaların saxlanma şəraiti və istifadə qaydası ilə tanış deyilik. Bu qidalar insan sağlamlığına hansı fəsadlar törədə bilər?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Pressklub.az-a açıqlamasında bildirib ki, yarımfabrikat qidaların saxlanılmasında və daşınmasında temperatur rejimi dəyişirsə, onun tərkibindəki bakteriyalar çoxala bilir: “Eyni zamanda, mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır ki, bu da həmin qidanı qəbul edən insanlarda daha çox zəhərlənməyə, həzm sisteminin pozulmasına, eləcə də bir çox sağlamlıq probleminə gətirib çıxara bilər. Ona görə, paketlənmiş yarımfabrikat məhsullarının üzərində istehsal və son istifadə tarixi, tərkibi, saxlanılma şəraiti, temperatur rejimi haqda məlumatlar tam göstərilməli və göstərişə uyğun saxlanılmalıdır. Mütləq hər bir məhsulun özünə uyğun qablaşmada və düzgün mal qonşuluğu prinsipinə əməl olunaraq saxlanılmalıdır”.