Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Saxta qəhrəman, nazirlərin qənimi, ölümünə qədər fırıldaqçı
“Venya Jitomirski” yüksək dövlət rəhbərliyini necə aldatmışdı

Dairəvi qaçış

Çətin ki, kimsə sanballı yəhudi ailəsindən çıxmış Veniamin Vaysmanın SSRİ tarixinin ən məşhur dələduzlarından birinə çevriləcəyini təsəvvür edərdi. Gələcək fırıldaqçının valideynləri Boris (Borux) Natanoviç və Polina Markovna elmi sahədə çalışırdılar. Veniaminin böyük bacısı da onların yolu ilə getmişdi. Amma 1914-cü ildə Jitomir şəhərində anadan olmuş balaca Venya tamamilə başqa cür çıxdı.

Hər şey 1923-cü ildə, doqquz yaşlı Veniçkanın atasının qızıl saatını oğurlaması ilə başladı. Oğlunun qurbanı olduğunu ağlına belə gətirməyən ata itki barədə milisə müraciət etdi. Asayiş keşikçiləri işi tez açdılar və azyaşlı oğrunu birbaşa yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsinə göndərdilər. Ancaq Vaysman orada çox qalmadı: cəmi bir ay sonra qaçdı və azadlığa çıxan kimi yenidən oğurluğa başladı. Sadəcə, bu dəfə gənc cinayətkarın qurbanları qohumları deyil, diqqətsiz vətəndaşlar idi: Venya onların cibindən pulqabı oğurlayırdı.  

Lakin o, elə də mahir oğru deyildi və tezliklə yaxalandı, yenidən həbsxanaya düşdü. Bir müddət sonra isə nəzarətçilər gənc məhbusun yoxa çıxdığını gördülər: Vaysman yenə qaçmışdı, amma cəmi bir neçə aydan sonra yenidən milisə düşdü... Bu cinayət “karusel”i Veniamin yetkinlik yaşına çatana qədər davam etdi. Bəzi məlumatlara görə, o, azyaşlılar üçün müəssisələrdə doqquz dəfə olmuşdu!

Əməliyyatçılar Vaysmanı müxtəlif soyadlarla tanıyırdılar: o, kefindən asılı olaraq özünü gah Traxtenberq, gah Zilbenşteyn, gah da Rabinoviç kimi təqdim edirdi. Cinayət aləmində isə ona “Jitomirli Venya” ləqəbi verilmişdi və zaman keçdikcə o, “qanuni oğru” tituluna qədər yüksələ bildi.  

Buz əsirliyində

1934-cü ildə Vaysman xüsusilə “fərqləndi”: bütöv bir qatarı ələ keçirməyi arzulasa da, ən azı mallarla dolu bir vaqonu oğurlamağa nail oldu. Tezliklə dələduz həbs edildi və əvvəlki “xidmətləri” nəzərə alınaraq tam 10 il müddətinə Nijneamur vilayətindəki islah-əmək düşərgəsinə (İƏD) göndərildi. Təxmin etmək çətin deyil ki, tikanlı məftillərin arxasına düşən kimi Vaysman qaçış planları qurmağa başladı.

O, planını 1940-cı il martın 12-də həyata keçirə bildi. Lakin uzağa gedə bilmədi: itlər tezliklə qaçağın izinə düşdülər və onu yenidən düşərgəyə qaytardılar. İki il sonra hadisə təkrarlandı — Vaysman yenidən qaçdı, tutuldu və daha ağır şəraitdə saxlanılmağa başlandı. Bir neçə aydan sonra onu Komi Respublikasına, bədnam Peçora İƏD-nə (Peçorlaq) köçürdülər. Ancaq nəzarətçilər Vaysmanın sakitləşəcəyini düşünməkdə yanılırdılar: nümunəvi davranışı ilə onların sayıqlığını zəiflədən narahat məhbus 1944-cü ilin fevralında yenidən qaçdı.

Həmin vaxt Komidə dəhşətli, 40 dərəcəlik şaxtalar hökm sürürdü. Vaysmanın ardınca göndərilən və soyuqdan donan axtarış dəstələri dəfələrlə əliboş qayıdırdılar. Qaçaq isə meşədə gizlənə bilmişdi. O, müxtəlif nəqliyyat vasitələri ilə Kiyevə çatmağı planlaşdırırdı, lakin dəhşətli bir hadisə baş verdi — Vaysman azdı və buz əsirliyində qaldı.

...Nəhayət, itlər onu tapanda həyatla ölüm arasında idi. Ayaqları donmuş, qanqrena başlamışdı. Düşərgə həkimi xəstənin həyatını yalnız hər iki ayağını dizdən yuxarı amputasiya etməklə xilas edə bildi. Bununla belə, Vaysmanın əllərini qorumaq mümkün oldu —  yalnız sol əlindəki çeçələ barmağını itirdi. Nəticədə məhbus təkcə ətraflarını itirmədi, həm də cəzasına əlavə müddət aldı. Ancaq heç olmasa bir məsələdə bəxti gətirdi: 1945-ci ilin iyulunda əlil kimi amnistiyaya düşdü.

Ayaqsız qisasçı

Azadlığa çıxanda keçmiş məhbusu Moskvaətrafı Orexovo-Zuyevoda cəza çəkdiyi müddətdə hansısa möcüzə nəticəsində qurduğu ailə gözləyirdi: həyat yoldaşı (qızlıq soyadı Şmidt) və iki oğlu. Bəzi məlumatlara görə, onlar əkiz idilər, başqa məlumatlara görə isə yaş fərqləri cəmi bir il idi. Vaxtilə gələcək həyat yoldaşının rəğbətini qazanmaq üçün Vaysman oğurluqdan əldə etdiyi vəsait hesabına onun yaxın qohumlarının hər birinə bir ev almışdı. Yeri gəlmişkən, evləndikdən sonra dələduzun çoxsaylı cinayətkar təxəllüslərinə daha bir soyad — həyat yoldaşının qohumlarından götürdüyü Oslon soyadı da əlavə olundu.

Əlbəttə, aldığı xəsarətlər səbəbindən Vaysman artıq əvvəlki kimi cibgirliklə məşğul ola bilməzdi. Üstəlik, əlilliyini əsas gətirərək “qanuni oğrular” aləmindən özü üçün heç bir mənfi nəticə olmadan ayrıldı: oğru kodeksinə görə, nüfuz sahibi səhhətinə görə “tacdan məhrum edilməsini” xahiş edə bilərdi. İlk vaxtlar üçün onun pulu var idi — həbs olunmazdan əvvəl müəyyən vəsait yığmağa macal tapmışdı. Ancaq yenə də ailəsini necə dolandıracağını düşünməli idi. Hətta bir müddət ailə başçısı zavoda işə düzəlmişdi, baxmayaraq ki, əlilliyi səbəbindən əslində demək olar ki, işləmirdi.

Məhz bu çətin dövrdə Vaysmanın rahatlıq bilməyən beynində yüksək vəzifəli məmurları aldatmaq fikri yarandı. Bu ideyanın dəqiq necə meydana gəldiyi məlum deyil. Bəzi məlumatlara görə, xoşagəlməz bir hadisədən sonra o, hakimiyyət sahiblərinə qarşı dərin nifrət bəsləməyə başlamışdı: əlil Vaysman tanınmış bir məmurdan kömək istəmək üçün ona yaxınlaşmış, lakin həmin məmurun sürücüsü tərəfindən döyülmüşdü. Guya bundan sonra Vaysman qisas alacağına and içdi və sözünün üstündə durdu.

Qisasçı dələduz planını həyata keçirmək üçün saxta sənədlərin — pasportun və orden kitabçasının hazırlanmasına tam 20 min rubl xərcləməkdən çəkinmədi. Vaysman köhnə əlaqələrindən də istifadə etdi: tanış bir saxta pulkəsən tapdı və o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən şəxslərə verilən iki “Qızıl Ulduz” medalını hazırladı. Kapitan poqonlu zabit formasını əldə etməyə isə ona başqa bir cinayətkar dostu kömək etdi. Elə həmin adam Vaysmana obrazın daha inandırıcı görünməsi üçün tapança da tapdı. Bundan sonra Vaysman hər yerdə alman portsiqarı və dodaq qarmonu gəzdirir, onları hərbi qənimət kimi təqdim edirdi.

Qəhrəman maskası altında

Formanı geyinib medalları sinəsinə taxan Vaysman ilk olaraq yaxınlıqdakı meşə sənayesi təsərrüfatına yollandı və orada əlil cəbhəçinin ağır taleyi haqqında kövrək bir hekayə danışdı. Guya müharibəyə könüllü getmiş, tankçı olmuş və kapitan rütbəsinə qədər yüksəlmişdi. Əfsanəyə görə, “qəhrəman”ın komandanlıq etdiyi T-34 tankı Berlin yaxınlığında faşistlərin hücumuna məruz qalmış, Vaysman ekipaj üzvlərini xilas etməyə çalışarkən ağır yaralanmış və hər iki ayağını itirmişdi.

Meşə sənayesi təsərrüfatının rəhbərliyi bu nağıla o qədər inanmışdı ki, “döyüşçü”yə daxmasını qızdırmaq üçün bütöv bir yük maşını odun və bir ton torf ayırdı. Özündən razı qalan Vaysman dərhal növbəti əməliyyata başladı. Bu dəfə dələduzun qurbanı kolxoz sədri oldu. O da “veteran”a bir neçə kisə kartof və un bağışladı.

İki-üç uğurlu, lakin yerli miqyaslı səfərdən sonra Vaysman daha yüksək səviyyəyə adlamağın vaxtının çatdığını anladı. Müharibədən sonrakı illərdə istənilən nazirin qəbuluna düşməyin olduqca asan olması ona kömək etdi. Çay təsərrüfatı naziri Zosima Şaşkov 1946-cı ilin iyulunda dələduzun ilk böyük qurbanı oldu.

Vaysman özünü Amur Çay Gəmiçiliyi İdarəsinin keçmiş motorçusu kimi təqdim edərək, bacardığı qədər kömək etməsini xahiş etdi. Şaşkov isə səxavətini əsirgəmədi: “veteran”a 2300 rubl nağd pul ayrılması barədə göstəriş verdi (başqa məlumatlara görə isə məbləğ xeyli az — cəmi 800 rubl idi), həmçinin bir neçə metr sətin və batist parça verilməsini tapşırdı.

Bundan sonra Vaysman öz uydurduğu hekayələrdə kimlərə çevrilmədi... Onun “hərbi obrazı” həmişə eyni qalırdı — general Katukovun tank korpusunda döyüşmüş kapitan Kuznetsov. Müharibədən əvvəlki peşəsini isə getdiyi yerə uyğun seçirdi. Məsələn, yeyinti sənayesi naziri Vasili Zotovla onun müavini Bıstrovanı inandırmışdı ki, guya sovxozda zootexnik işləyib. Bu “şanlı keçmiş” sayəsində o, 2000 rubl və xeyli sənaye malları əldə etdi.

Meşə sənayesi naziri Mixail Saltıkov isə qarşısında qoltuq ağacları üzərində dayanan adamın meşə təsərrüfatında motorçu olduğuna inanaraq saxta qəhrəmana 2500 rubl və çoxlu qadın geyimi — jaketlər, paltarlar, paltolar və s. verilməsi barədə göstəriş verdi. Lakin bu da fırıldaqçıya az göründü. Saltıkovla sağollaşan kimi Vaysman dərhal onun müavini Fyodor Varaksinin kabinetinə yollandı və həmin məmura da eyni əhvalatı danışdı.

Varaksinlə söhbət dələduza daha 2000 rubl və təxminən 30 metr sətin qazandırdı. Maliyyə naziri Arseni Zverevin yanına etdiyi səfər isə xüsusilə uğurlu oldu — nazir fırıldaqçını ümumi dəyəri 20 min rubl olan ərzaq payı ilə təmin etdi.

Bir müddət sonra Vaysman qərara gəldi ki, Şaşkova yenidən baş çəkməyin vaxtı çatıb. Nəticədə o, növbəti 2000 rublun, keyfiyyətli kişi kostyumunun, ayaqqabıların və hətta alt paltarının sahibi oldu.

Mərhəmət hissi ilə oyun

Bir sıra uğurlardan sonra Vaysman qərara gəldi ki, artıq xarici görünüşü ilə də məşğul olmağın vaxtıdır və SSRİ Elmlər Akademiyasının prezidenti, Sergey Vavilov qəbuluna yollandı. “Yaralanmış tankçı”nın ayaqlarını itirdikdən sonra müharibədən sonrakı ağır həyatı barədə hekayəsindən təsirlənən akademik Vaysmanı protez institutunun direktoru Vasili Çaklinin yanına göndərdi və ona aşağıdakı məzmunlu məktub verdi:

“General-polkovnik Katukovun tank korpusunun zabiti, qvardiya kapitanı V. B. Vaysman, 1913-cü il təvəllüdlü, keçən ilin may ayında Berlinin alınması zamanı hər iki ayağını itirmişdir. Vaysman bir ildən artıq müddətdə hospitallarda, əsasən də Berlindəki Müttəfiq İşğal Qüvvələri Qrupunun hospitalında müalicə olunmuşdur. Hazırda Vaysman Moskvadadır («Moskva» mehmanxanası, 43 nömrəli otaq). Sizdən xahiş edirik ki, onu şəxsi qəbulunuza götürəsiniz, protez institutuna yerləşdirəsiniz və Yefremov modelləri üzrə yüksək keyfiyyətli protezlərlə təmin edəsiniz”.

Beləliklə, Vavilovun köməyi sayəsində dələduz süni ayaqların sahibi oldu. Lakin o, bu rahatlıqdan yalnız gündəlik həyatda istifadə edirdi. Növbəti dəfə hansısa nazirliyə getməyi planlaşdıranda isə protezləri evdə qoyurdu. Çünki ayaqsız əlil insan istər-istəməz daha çox mərhəmət hissi oyadırdı.

Vaysman 1947-ci ildə xarici ticarət naziri Nikolay Patoliçevin qarşısında məhz bu hissdən məharətlə istifadə etdi. Təsirlənən Patoliçev Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin kadrlar şöbəsinin rəhbərliyini də işə cəlb etdi və “cəbhəçiyə” Kiyevin mərkəzində geniş bir mənzil ayrılmasına nail oldu. Həmin ev Xreşşatik küçəsində yerləşirdi.

Vaysman yeni mənzilini Ukrayna SSR Meşə Sənayesi Nazirliyinə etdiyi səfərdən sonra mebellə doldurdu — orada ona divanlar, masalar və stullar ayrıldı. Beləcə, saxta qəhrəman insanların mərhəmət hissindən istifadə etməklə öz rifahını yaxşılaşdırmağa davam edirdi.

Restoranlarda

Vaysman sınaqdan keçmiş hiylə və ssenarilərdən istifadə edərək iyirmidən çox yüksək rütbəli məmurun qəbulunda oldu. Onun toruna düşənlər arasında nəqliyyat maşınqayırması, kömür sənayesi, ət və süd sənayesi, kimya sənayesi, qara metallurgiya və dəniz donanması nazirləri var idi. Fırıldaqçı onların heç birinin yanından əliboş (hədiyyəsiz və pulsuz) çıxmadı. Onun bir neçə il ərzində "alın təri ilə" əldə etdiyi qənimətlərin siyahısı adamı heyrətə gətirirdi. 2017-ci ildə tarixçi Aleksey Kuznetsov bu siyahını belə təsvir edirdi:

"Ümumilikdə 53 100 rubl pul, 301 metr pambıq parça, 156,7 metr yun parça, 66 metr ipək parça, 22 ədəd qadın və kişi paltosu, 18 ədəd qadın və kişi kostyumu, 29 ədəd don və digər geyim əşyaları, 28 ədəd kişi köynəyi və digər geyimlər, 14 cüt qadın və kişi ayaqqabısı, 15 cüt uşaq ayaqqabısı, 21 cüt qaloş və rezin bot, 5 cüt keçə çəkmə (bu töhfəni verməkdə kömür sənayesi naziri İvan Kabanov alicənablıq etmişdi – red.), 44 cüt qadın və kişi alt paltarı, 26 cüt corab, 3 ədəd yorğan, 7 ədəd stul və divan".

Fırıldaqçı müəyyən müddətə hətta sürücülü şəxsi avtomobil də əldə etmişdi və onunla şəhərdə rahatca hərəkət edirdi. Bəzi məlumatlara görə, Vaysman qənimətinin bir hissəsini müharibədən əlil kimi qayıdan əsl əsgərlərə paylayırdı. Sözsüz ki, fırıldaqçı əldə etdiyi pullarla ailəsini də dolandırırdı, lakin buna baxmayaraq, onun arvadı və uşaqları dəbdəbə (şahanə həyat) içində yaşamırdılar. Vaysman "ianələrin" əsas hissəsini sadəcə meyxanalarda, ürəyi istəyən kimi əylənərək göyə sovururdu. Cibləri boşalan kimi növbəti dəfə kimin qapısını döyməli olduğunu yenidən götür-qoy etməyə başlayırdı.

Günlərin bir günü, növbəti içki məclisində fırıldaqçı milis basqınına (oblava) düşdü. Lakin nadir aktyorluq istedadından istifadə edən Vaysman dava-dalaşda ağır yaralanmış müştəri rolunu oynaya bildi, yaranan ümumi qarışıqlıqdan istifadə edərək aradan çıxdı.

Stalində ilişdi 

Venyanın bəxti 1947-ci il iyunun 2-də dəzgahqayırma naziri Aleksandr Yefremovun qəbuluna gələndə üz döndərdi. Vaysman nazirliyin binasında ilk dəfə deyildi: ötən il o, özünü keçmiş elektrik qaynaqçısı kimi təqdim edərək, Yefremovun müavinindən uğurla pul qoparmışdı. Bu dəfə fırıldaqçı xırdalanmamaq qərarına gəldi və birbaşa idarə rəhbərinin hüzuruna çıxdı. Lakin planı baş tutmadı: Efremov digər istedadları ilə yanaşı, nadir bir bəsirətə sahib idi və fırıldaqçılıqdan şübhələndi. 

Bununla belə, Vaysmanın uğursuzluğuna səbəb olan hadisələrin daha bir versiyası var. İddia olunur ki, fırıldaqçı aviasiya sənayesi naziri Mixail Xruniçevlə söhbətində rəğbət qazanmaq üçün özünün "tankçı" hekayəsindən uzaqlaşıb və şəxsən Vasili Stalinlə (yeri gəlmişkən, o, müharibə zamanı təyyarəçi olub) eyni alayda xidmət etdiyini danışıb. Guya Stalin Kuznetsov-Vaysmanla az qala yaxın dost olub, hətta bir dəfə onun həyatını da xilas edib. Belə gətirir ki, bu söhbətdən qısa müddət sonra Xruniçev Vasili ilə qarşılaşır və ona "alay yoldaşından" salam çatdırır. Stalin təəccüblənir və onun kim olduğunu soruşur. Nazir dərhal fırıldaq qurbanı olduğunu anlayır.

Dələduz haqqında məlumatlar milisə daxil olur. Vaysmanın ən əsas əlaməti sinəsindəki döymə hesab olunurdu: "qəbirdən dırçələn zülmət şahzadəsi". Hüquq-mühafizə orqanlarının əməkdaşları ilk növbədə fırıldaqçının Kiyevdəki mənzilində pusqu qurdular. Lakin onların əlinə ev sahiblərinin yoxluğundan istifadə edib mənzili qarət etmək istəyən mənzil oğrusu keçdi. Vaysman isə orada heç görünmədi. Onun yaxalanması isə ölüm-dirim məsələsi idi: təhqiqatın gedişi ilə şəxsən İosif Stalinin özü maraqlanırdı. Fırıldaqçının sorağı və xarici görünüş təsviri bütün idarələrə, o cümlədən dəzgahqayırma nazirliyinə də yayıldı.

Vaysmanı cinayət başında yaxalamaq üçün nazir Yefremov ona iki min rublluq xeyriyyə yardımı sənədi verib kassaya göndərdi, özü isə dərhal lazımi yerə zəng etdi. Fəndgir fırıldaqçını tam xəzinədar ona nağd pulu verdiyi və onun qəbzə imza atdığı anda yaxaladılar. Şöbəyə gətirilən Vaysman dirənmədi və bütün əməllərini etiraf etdi.

Köhnə peşəsinə qayıtdı

Vaysmanın törətdiyi cinayətlərin məcmusu o dövrün qanunlarına görə ona 25 il düşərgə həyatı, hətta ən ağır cəza olan güllələnmə vəd edirdi. Lakin fırıldaqçının gözlənilmədən bəxti gətirdi. 1947-ci ilin mayında SSRİ-də ölüm hökmü ləğv edildi (3 il sonra qaytarıldı). Üstəlik, Vaysmanın işinə məhkəmə deyil, Xüsusi Müşavirə (SSRİ NKVD-si yanında inzibati orqan) baxdı. Müşavirə üzvləri 1947-ci ildə ona kifayət qədər yüngül hökm oxudular: 10 il azadlıqdan məhrumetmə. Yeganə mənfi cəhət o idi ki, Xüsusi Müşavirə tərəfindən məhkum edilənlərin əfv olunmaq (amnistiyaya düşmək) hüququ yox idi. Buna görə də 1953-cü ildən sonra, amnistiya ilə bir çox cinayətkar azadlığa buraxılanda Vaysman "cəza çəkməyə" davam edirdi. Sağlamlıq vəziyyətinə görə o, nə qədər istəsə də düşərgələrdən qaça bilməzdi. Beləliklə, o, doqquz il həbsdə yatdı və müddətindən bir il əvvəl şərti olaraq azadlığa buraxıldı.

Veniamin 1956-cı ildə “təmiz vicdanla” azadlığa çıxdı. Lakin, demək olar, dərhal tutuldu - usanmaz təbiəti fırıldaqçıya rahatlıq vermirdi. Bu dəfə o, Kursk vağzalında etibarını qazandığı iki vətəndaşı soydu. Vaysmanın qurbanları vağzalın restoranına girmək istəyirdilər, lakin bilet olmadan ora heç kimi buraxmırdılar. Hərbi forma geyinmiş "veteran" onları içəri keçirdi.

Üçlük masa arxasında əyləşdi, lakin Vaysman yalnız araq içdiyini bildirərək pivədən imtina etdi. Kişilərdən biri minnətdarlıq əlaməti olaraq yeni tanışına bir şüşə araq üçün pul uzatdı və "döyüşçü" sağollaşarkən onu qucaqladı. Lakin Vaysman məkandan çıxan kimi yeni tanışı cibindən 450 rublun yoxa çıxdığını fərq etdi. Dostlar hay-küy qaldırdılar, vaxtında gələn milis nəfəri oğrunu saxlayaraq bölməyə apardı.

Orada bu fəndgir özünü böhtan qurbanı kimi qələmə verməyə çalışdı. Lakin bu yaxınlarda MUR (Moskva Cinayət Axtarışı İdarəsi) muzeyində olmuş bir milis nəfəri tərəfindən tanındı. Muzeydəki ekspozisiyalardan biri məhz Vaysmanın "şücaətlərinə" həsr olunmuşdu. 

Mayor saxlanılan şəxsin kimliyini həmkarlarına bildirdi, onlar şübhəlini yaxşıca axtardılar və pulları protezlərdən birinin içində tapdılar. 1956-cı ilin noyabrında Moskva-Kursk-Donbas dəmir yolunun Xətt Məhkəməsi müttəhimin əlilliyini və iki azyaşlı övladının olmasını nəzərə alaraq hökm çıxardı: üç il düşərgə həyatı. Bu, yorulmaz fırıldaqçının sonuncu həbsi oldu.

Məzara qədər fırıldaqçı

Vaysman 1959-cu ildə islah müəssisəsinin divarlarını tərk edən kimi birbaşa MUR-a gəldi. Düşərgədə vərəm xəstəliyinə tutulmuş keçmiş oğru əməliyyatçıları inandırdı ki, kriminal həyatla birdəfəlik vidalaşıb. O, ömrünün qalan hissəsini yaşamaq üçün onu hansısa qocalar evinə yerləşdirmələrini xahiş etdi.

Əməliyyatçılar ona kömək etdilər və Vaysmanı Orenburq vilayətindəki ixtisaslaşmış bir müəssisəyə göndərdilər. Lakin fırıldaqçı orada da vaxtını hədər keçirmədi. Yox, o, oğurluq və ya fırıldaqçılıq etmədi — Venya Jitomirski asayiş keşikçilərinə verdiyi sözü, nəhayət ki, tutdu. Əksinə, keçmiş oğru əlillər evinin direktorunun maliyyə fırıldaqları ilə məşğul olduğunu ifşa etdi və onu milisə təslim edərək rüsvay etdi.

Böyük kombinator 1969-cu ildə, 55 yaşında vəfat etdi. Kiyev qəbiristanlıqlarının birində Vaysmanın xatirə lövhəsi olan məzarı yerləşir. Lakin fırıldaqçı ölümdən sonra da öz xasiyyətinə sadiq qaldı — gələn xəbərsiz ziyarətçilərin ağlına da gəlmir ki, bu qəbir əslində boşdur. Hekayə isə sadədir: Vaysmanın yaxınları onu Kiyevdə, valideynlərinin məzarının yanında dəfn etmək istəyirdilər, lakin Orenburqa çatmaqda gecikdilər. Nəticədə, fırıldaqçı adsız bir qəbirdə torpağa tapşırıldı. Vaysmanın yaşlı qohumunu məyus etmək istəməyən yaxınları dəfn mərasimini imitasiya etmək və xatirə lövhəsi quraşdırmaq qərarına gəldilər.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada