Onların kapellanına qarşı bizim mollamız
Ordumuza din xadimi vacibdir, yoxsa psixoloq?
16 Yanvar 2025
Azərbaycan Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2025-ci il üçün Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizəyə yönəlmiş birgə fəaliyyət planı imzalayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.
Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.
Radikal dini ideyaların Azərbaycan ordusunda yayılması hansı təhlükələrə səbəb ola bilər? Müasir şəraitdə hansısa qüvvələrin bu cür fəaliyyətlə məşğul olmaq ehtimalı varmı?
Pressklub.az-ın sualların Azərbaycanın tanınmış hərbi eksperti, Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə cavab verib.
O, ilk olaraq qeyd edib ki, dünyanın bir çox ölkəsində "hərbi kapellan" adlı institut mövcuddur. "Yəni, dini xadimi nəzərdə tutulur. Kapellan daha çox xristian hərbi xadim kimi qəbul edilir.
Amma bu, mütləq deyil. Məsələn, belə bir şey İsrail ordusuna da var. Türkiyə ordusunda belə bir institutun mövcud olub-olmadığını bilmirəm. Çünki Ərdoğan dövründən əvvəl ordu ümumiyyətlə dindən kifayət qədər uzaqlaşdırılmışdı. İndi Ərdoğan dövründə müəyyən dəyişikliklər baş verib. Amma bunun necə təşkil edildiyini dəqiq deyə bilmirəm. Ümumilikdə götürdükdə, söhbət bu barədə deyil.
Kapellanlıq institutu bir çox ordularda mövcuddur və əslində onlar sovet dövründəki "siyasi işçilər" adlanan şəxslərin yerinə yetirdiyi eyni rolu icra edirlər", - deyə hərbi psixoloq bildirib.
O, misal kimi Birinci Dünya Müharibəsini nümunə göstərir. “Məşhur “Vəhşi diviziya”nın tərkibində polklarda hərbi mollalar, yəni müasir terminologiya ilə desək, hərbi kapellanlar var idi. Daha maraqlısı o idi ki, din xadimləri hərbçilərin dini mənsubiyyətinə uyğun təyin olunurdu. Məsələn, bu diviziyanın tərkibində “tatar polku” var idi – bu polk Azərbaycanın ərazisində formalaşmışdı. Yəni orada azərbaycanlılar döyüşürdü - o vaxt onlara Qafqaz tatarları deyirdilər və mollalar şiə idilər. Onlar əsgərlərlə birlikdə hücuma gedirdilər, əlində Quran tutaraq oradan surələr oxuyurdular. Onlar bu şəkildə döyüşçüləri döyüşə ruhlandırırdılar. Şimali Qafqaz polklarında isə təbii ki, sünni mollalar idi. Yəni bu institut Birinci Dünya Müharibəsində də kifayət qədər geniş istifadə olunurdu”, – deyə mütəxəssis bildirib.
Lakin o qeyd edib ki, əgər indi Azərbaycanda belə bir iş aparılarsa, kadrlarla bağlı problem yaranacaq. “Bu işi kim həyata keçirəcək? Bu, o qədər incə və həssas bir mövzudur ki, əgər bu iş sovet ordusunda siyasi dərslər kimi formal şəkildə aparılsa (saat 9-da məcburi “Vremya” proqramına baxmaq, KPSS-nin növbəti qurultay materiallarını dinləmək və sair), tamamilə mənasız olacaq. Sadəcə əlavə yazışmalar, əlavə hesabatlar yaranacaq. Deməli, biz başa düşməliyik ki, burada daha seçici, daha yaradıcı yanaşma lazımdır, çünki əks halda belə bir işin aparılması ümumiyyətlə mənasını itirəcək.
Məsələn, mən öz peşəmə görə, orduda, hərbi hissələrdə hərbi psixoloq institutunun yaradılmasının tərəfdarıyam. Bu psixoloqlar birbaşa bölmələrdə, hərbi hissələrdə psixoloji hazırlıq işlərini həyata keçirərdilər. Burada da çox maraqlı məqamlar var. Döyüşçülərin döyüşə hazırlanması, daha da önəmlisi, döyüşdən sonra reabilitasiya işlərinin aparılması, stressli postravmatik vəziyyətlərin aradan qaldırılması və sair. Lakin burada da kadrlarla, eləcə də texnika, metodiki materiallarla bağlı sual yaranır”, – deyə ekspert bildirib.
O deyir ki, radikal dini ideyalar səbəbindən radikallaşma məsələsinə gəldikdə, bu, bir qədər həssas mövzudur. Çünki radikal dini baxışlarla adi dindarların arasındakı sərhədi müəyyənləşdirmək çətindir.
“Nəzərə almaq lazımdır ki, biz bu məsələlərə çox vaxt avrosentrik baxış bucağından yanaşırıq. Təəssüf ki, bu gün islam ideologiyası tez-tez terrorizmlə əlaqələndirilir. Sadə bir nümunə: Qərb dünyasında və Rusiyada “şəhid” sözünə münasibət mənfidir. Onlar bunu “şəhid kəməri” ilə əlaqələndirirlər. İsraildə də, Çeçenistan müharibəsi zamanı da, Avropa ölkələrindəki terrorçular da özlərini “şəhid” adlandırırlar. Amma şərq ənənəsində “şəhid” – vətən, ideya uğrunda şəhid olan döyüşçüdür. Bizim üçün “şəhid” sözü müqəddəsdir. Amma bu sözü qərb auditoriyası qarşısında istifadə etdikdə, izah etməli oluruq ki, biz tamamilə fərqli bir şeyi nəzərdə tuturuq.
Başqa bir nümunə: İkinci Qarabağ müharibəsinin kadrlarında gördük ki, bizim əsgərlər döyüşə “Allahu Əkbər!” nidaları ilə gedirdi. Amma Qərbdə bu ifadə mənfi qəbul edilir, çünki bundan sonra partlayış, terror hücumu ola biləcəyini düşünürlər. Halbuki bu, sadəcə Allahı ucaldan, onun böyüklüyünü ifadə edən bir ifadədir.
Deməli, eyni terminlər müxtəlif cəmiyyətlərdə fərqli qəbul edilir. Siyasi baxımdan yanaşsaq, Suriyada hakimiyyətə radikal terror təşkilatı kimi qəbul edilən qruplaşma gəlib. İndi isə bu təşkilat üzərindən “terror” damğası götürülür, onlarla əməkdaşlıq edilir, problemlər müzakirə olunur.
Eyni vəziyyət Əfqanıstanda da var – Taliban. Yəni bu gün radikal dini fikir kimi qəbul edilən bir şey, sabah tamamilə fərqli qəbul edilə bilər. Buna görə də bu, çox həssas və incə mövzudur. Amma biz başa düşməliyik ki, orduda dini ideyaların güclü təsiri bəzən mənfi nəticələrə gətirib çıxara bilər. Söhbət yalnız Azərbaycan ordusundan getmir.
Misal üçün, Misir ordusunda “Müsəlman Qardaşları” təşkilatına üzv olan hərbçilər prezident Ənvər Sadatı parad zamanı güllələmişdilər. Yəni ordu dini ideyaların təsiri altında dövlət çevrilişi etmiş və dövlət başçısını aradan götürmüşdü.
Bu səbəbdən yaxşıdır ki, bu işə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəlb olunub. Burada birinci məsələ – formallıqdan qaçmaqdır. İkincisi isə işi çox incə şəkildə aparmaq lazımdır. Yəqin ki, gələcəkdə bu işçiləri necə adlandıracağımızdan asılı olmayaraq, kadr hazırlığına başlamaq lazımdır. Treninqlər keçirmək, psixologiya fakültəsindən və ya digər ixtisaslardan gəncləri cəlb etmək olar.
Çünki belə mütəxəssis yalnız korpus qərargahında oturmaqla kifayətlənə bilməz. Onlar briqadalarda, batalyonlarda və s. yerlərdə lazımdır. Ən azı batalyon səviyyəsindən başlayaraq mütləq olmalıdırlar. Hətta yaxşı olardı ki, rotalarda da olsunlar. Yəni, təxminən 100 nəfərə bir mütəxəssis düşməlidir” – deyə İsazadə təklif edib.
Rauf Orucov