Logo
news content
User
Kateqoriyalar

Araşdırma

İkinci oktyabr inqilabı: rəhbərə qarşı sui-qəsd planı
Sovet tarixinin gizli məqamlarından biri – Xruşşovun istefaya məcbur edilməsi necə baş verdi?

60 il əvvəl, 1964-cü il oktyabrın 14-də SSRİ-də bənzəri nə əvvəl olmuş, nə sonra olacaq hadisə baş verdi: Kommunist Partiyasının rəhbəri səsvermə yolu ilə vəzifəsindən uzaqlaşdırıldı. Nikita Xruşşovun sələfi Stalin də, sonrakı xələfləri də vəzifələrindən yalnız təbii yolla - ölümlə ayrıldılar. Sovet tarixinin bu önəmli hadisəsi haqqında “Radio Svoboda”nın hazırladığı məqaləni ixtisarla təqdim edirik.

 

***

 

1964-cü il üçün sovet aparatçılarının yüksək eşalonu daxilində bir neçə nüfuz qrupu formalaşmışdı. Partiyada ikinci fiqur və Nikita Xruşşovun özünün varisi gördüyü şəxs Frol Kozlov idi. Xruşşovun Leninqraddan irəli çəkdiyi Kozlov 60-cı illərin əvvəllərində Sov.İKP Mərkəzi Komitəsinin (MK) ikinci katibi səlahiyyətlərini icra etməyə başladı. Amma varisin taleyi 1963-cü il aprelin 11-də həll olundu. Həmin gün Kozlov ağır insult keçirdi və həkimlərin rəyinə görə, daha işə qayıda bilməzdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnevi 1963-cü ilin iyununda əvvəlcə yenidən MK katibi seçdilər və müdafiə sənayesinin kurasiyasını ona tapşırdılar. 

1964-cü ilin əvvəllərində Xruşşov bəzi təcili, özü üçün məşum olacaq kadr dəyişiklikləri etməli oldu. Xeyli düşüncələrdən sonra Leonid Brejnevə fəaliyyətini MK katibi işində cəmləməyi təklif etdi. Brejnevin boşaltdığı formal “SSRİ prezidenti” postuna partiya veteranı Anastas Mikoyan irəli sürüldü. Tədqiqatçılar deyirlər ki, fəxri vəzifə Brejnevin çox xoşuna gəlirdi və yerdəyişməsindən məmnun deyildi. Kozlovun səlahiyyətlərinin bir hissəsini alan digər MK katibi Ukrayna kompartiyasının keçmiş rəhbəri Nikolay Podqornı oldu. 

Xruşşov bu adamlara siyasi opponent kimi baxmırdı, onların şəxsi loyallığına əmin idi, öz iradəsinin müti icraçısı hesab edirdi. Bu, səhv idi. Həmin vaxt Podqornının daha fəal olduğu tandem karyeristləri və narazı aparatçıları ətrafına topladı. 

Aleksandr Şelepin, MK katibi, KQB-nin keçmiş rəhbəri öz həmfikirlərini, komsomol MK-dən çıxmış gənc partiya xadimlərini irəli çəkirdi. KQB sədri vəzifəsində varisin yaxın adamı, 1964-cü il oktyabr hadisələrində önəmli rol oynayacaq Vladimir Semiçastnı idi. Moskva şəhər partiya komitəsi kimi mühüm yerdə Şelepinə loyal Nikolay Yeqorıçev qərar tutmuşdu. Rusiya DİN-ə (ittifaq üzrə nazirlik ləğv olunub) “komsomolçu” Vadim Tikunov rəhbərlik edirdi. Şelepinin irəli çəkdiyi kadrlar MK aparatında da mühüm mövqelər tuturdu. 

Brejnev, Podqornı və Şelepinin ov edərkən qeyri-formal ünsiyyətləri zamanı tədricən Xruşşovun istefasının zəruriliyi mövzusu ortaya çıxdı. Rusiya Nazirlər Sovetinin sədri olan Gennadi Voronovun xatirələrinə görə, “bütün bağlar Zavidovoya, Brejnevin ov yerinə aparırdı. Brejnev özü MK üzvlərinin adının qarşısında plyus (razılığı alınanlar) və minus qoyurdu. Hər kəsi fərdi tovlayırdılar”

Nəzərdə tutulan qəsdə KQB sədri Vladimir Semiçastnı cəlb edilmişdi. Brejnev Xruşşovun istefasına planlaşdırılan kimi qanuni yolla, MK plenumu vasitəsilə nail olacaqlarına inanmırdı. O, Xruşşovdan hətta fiziki cəhətdən qurtulmağı düşünürdü. KQB rəhbərinə Xruşşov Misirdən qayıdarkən təyyarə qəzası, ya da avtomobil qəzası təşkil etməyi təklif etdi, zəhərlənmədən də danışdı. Variantlardan biri də Xruşşovun həbsi idi. Ukrayna rəhbəri Pyotr Şelestin memuarlarına görə, Nikolay Podqornının da bu planlardan xəbəri vardı. Amma Semiçastnı Brejnevin bütün bu riskli ideyalarını rədd etdi. O, yalnız “qanuni” yolun tərəfdarı idi. Podqornı və Brejnev də bu yolla gedərək, həmkarlarına eyham edirdilər ki, kollektiv rəhbərlik bərpa olunmalıdır. 

Öz bildiyini yeridən Xruşşov, əleyhinə geniş koalisiyanın yaranmasına xeyli əsas verirdi. Məsələn, 1964-cü il avqustun 19-da gözlənilmədən Aleksey Kosıgin və Dmitri Polyanskini kəskin tənqid etdi. Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro 1952-1966-cı illərdə Rəyasət Heyəti adlanırdı) 1964-cü il 17 sentyabr iclasında Xruşşov, Brejnev, Voronov, Mikoyan, Polyanski və Suslov iştirak edirdi. Xruşşov dedi ki, “rəhbərlikdə üç mərtəbə var: gənclər, orta yaşlılar və qocalar”. Partiyanın Rəyasət Heyətinin cari tərkibi Xruşşovu qane etmirdi, onun fikrincə, yuxarı eşalonda kadrların rotasiyası lazım idi. Əlbəttə, belə təhlükəli mövzunun müzakirəsi və fərdi hücumlar partiya rəhbərliyindəkiləri əndişələndirir və birinci katibə qarşı fəal hərəkətə keçməyə sövq edirdi. 

Qəsdçilər 1957-ci ildəki “antipartiya qrupu”nun təcrübəsini xatırlayırdılar. Rəyasət Heyətində çox olmaq lideri dəyişmək üçün hələ bəs deyildi, MK-da təmsil olunan regional rəhbərlərin, vilayət liderlərinin dəstəyini qazanmaq lazım idi. Partiya aparatı, xüsusən də MK inzibati orqanlar şöbəsinin rəisi Nikolay Mironov mühüm təşkilati işləri üzərinə götürdü. O, Dnepropetrovskda bir yerdə işlədiyi Brejnevlə də, KQB sədri kimi kurasiyasında olmuş Şelepin və Semiçastnı ilə də yaxşı münasibətlərə malik idi. MK-nın keçmiş əməkdaşı Nikolay Mesyatsev deyirdi: “O, mənə çox səliqə ilə və uzun müddət yanaşdı. MK bağlarında qonşuluqda yaşayırdıq, ailəvi ünsiyyətdə olurduq. Gəzinti zamanı tələsmədən mənim Xruşşova, ölkədəki vəziyyətə münasibətimi öyrəndi. Dəyərləndirməmiz uyğun idi. Elə bilirəm, başqa adamları da bu cür seçirdi. Mənim tanıdığım, demək olar, bütün adamları o cəlb etmişdi”

Partiya-dövlət işçisi Nikolay İqnatovun intriqa təcrübəsi də işə yaradı. 1957-ci ildə Molotov, Malenkov, Kaqanoviç qrupu ilə mübarizə zamanı MK plenumunun çağırılmasının təşkilatçılarından biri o olmuşdu, təşəbbüs qrupunun - “İyirmiliyin” faktiki rəhbəri idi. 60-cı illərin əvvəllərində İqnatov MK RH-nin üzvü, MK katibi, Nazirlər Soveti sədrinin müavini oldu. Amma 1963-cü ildə bu vəzifələri itirdi, yalnız RSFSR Ali Soveti Rəyasət Heyətinin sədri idi və özünü haqsızlığa uğramış sayırdı. Brejnev və Podqornı vilayət partiya komitəsi sədrlərinin əhvalını öyrənməyi, Xruşşovun vəzifədən çıxarılması lehinə təbliğat aparmağı İqnatova tapşırdılar. Nəticələrə baxsaq, bu işin öhdəsindən pis gəlmədi. 

Tarixçi Roy Medvedev yazır ki, “Xruşşovun çıxarılması haqda məsələ sentyabrda, bəzi MK və RH üzvləri məzuniyyətlərini cənubda keçirəndə detallı müzakirə olundu. Guya ov etmək üçün Stavropol vilayət komitəsinin birinci katibi Fyodr Kulakov tərəfindən Manıç gölü ətrafına dəvət edilən həmin qrup ovçuluq və balıqçılıqdan çox siyasi müzakirələrlə məşğul olurdu”

Nikolay İqnatovun çekist köməkçisi Vasili Qalyukov Xruşşovun oğlu Sergey vasitəsilə Xruşşov və Mikoyanı şefinin şübhəli fəallığı barədə xəbərdar etdi. “Nikolay Qriqoryeviç tez-tez sanki təsadüfən söyləyir, “Nikolaygildə bu gün xeyli oturduq” (Podqornı nəzərdə tutulur) və mənalı-mənalı susur. Arada deyir: “Bü gun Brejnevlə idim. Faydalı söhbətimiz oldu. Məni əmin etdi ki, hər şey yaxşı olacaq”... Son vaxtlar əsəbi görünür... Nikita Sergeyeviçin məzuniyyətə getməməsi onu xüsusilə narahat edir”. Qalyukov xəbər verirdi ki, qəsddə İqnatov, Podqornı, Brejnev, Şelepin iştirak edir. 

Xruşşov və Mikoyan aldıqları informasiyaya sona qədər inanmadılar. Danışıqların iştirakçısı kimi çağırdıqları Georgi Vorobyov (Krasnodar vilayətinin birinci katibi) hər şeyi inkar etdi. Xruşşov da, Mikoyan da Pitsundada istirahət edirdilər və Moskvada baş verənlərə nəzarət etmirdilər. Oktyabrın əvvəllərində isə orada MK RH-nin iclasının və MK plenumunun çağırılmasına hazırlıq gedirdi. 

Şelepin sentyabrın sonlarında Semiçastnını Moskvaya çağırdı və bildirdi ki, Xruşşovun istefasını daha ləngitməyəcəklər. Hadisələrə bir həftə qalmış SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Aleksey Kosıgini agah etdilər. Semiçastnı yazır ki, Kosıgin ilk növbədə KQB-nin kimin tərəfində olması ilə maraqlanıb. Hər şeyin nəzarətdə olduğunu bildikdə razılaşıb. Xruşşovu devirmək aksiyasına iki gün qalmış müdafiə naziri Rodion Malinovskini də işə qatıblar. Ancaq hələ buna qədər Semiçastnı KQB xətti ilə ordu xüsusi şöbələrinə göstəriş vermişdi: sayıqlığı artırın. 

Oktyabrın əvvəllərində Brejnev Şərqi Almaniyaya səfər etdi, Podqornı da Moldaviyaya getdi. “İş başında” qalan Polyanski xatırlayır ki, oktyabrın 11-də ona Xruşşov zəng edir və hədələyir ki, əleyhinə qurulan oyunlardan xəbərdardır və üç-dörd günə paytaxta qayıdıb, hamının dərsini verəcək. Polyanski başılovlu MK RH üzvlərinə zəng etməyə başlayır. Brejnev və Podqornı təcili Moskvaya qayıtdılar, ikinci yolüstü Kiyevdə oldu, burada Ukrayna Kommunist Partiyası MK-nin birinci katibi Şelestlə görüşdü və Moskvaya uçmağa hazır olmağı xahiş etdi. 

1964-cü il oktyabrın 12-də saziş iştirakçıları Leonid Brejnevin yanında toplaşdılar. Faktiki MK RH-nin iclası idi bu. Qərarı təsbit edən sənəd tapılıb: “Ortaya çıxan prinsipial xarakterli qeyri-müəyyənliklər üzündən növbəti iclas oktyabrın 13-də yol. Xruşşovun iştirakı ilə keçirilsin. Brejnev, Kosıgin, Suslov və Podqornı yoldaşlara onunla telefon əlaqəsi yaratmaq tapşırılsın”. İştirakçılar həm də “vaxtı Xruşşovun iştirakı ilə müəyyənləşdiriləcək plenumda iştirak etmək üçün MK və Mərkəzi Təftiş Komissiyasının (MTK) üzvlərini Moskvaya çağırmağı” qərara aldılar.

Həyəcanlanmış Brejnevin tapşırığı ilə Xruşşova MK katibi Mixail Suslov günün sonunda zəng etdi. O, Xruşşovun istefası planı ilə yenicə tanış olmuşdu və vahimə içində vətəndaş müharibəsi təhlükəsindən danışırdı. Suslov birinci katibi israrla Moskvaya dəvət etdi: guya MK RH kənd təsərrüfatı üzrə plenuma hazırlıq işlərini müzakirə etmək istəyir. Xruşşov anladı ki, taleyi bu iclasda həll olunacaq. Anastas Mikoyana söylədi: “Bilirsənmi, Anastas, onların heç bir təxirəsalınmaz kənd təsərrüfatı problemləri yoxdur. Düşünürəm, bu zəng Sergeyin dedikləri ilə bağlıdır”. Görünür, Xruşşov partiya rəhbərliyində müttəfiqinin qalmadığını artıq anlamışdı.

 

(Davamı olacaq)

 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/vtoraya-oktyabrjskaya-revolyutsiya-konets-epohi-nikity-hruscheva/33069008.html