Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Güllələnən komandirlər, “ölüm vadisi”, dünyanı mat qoyan müqavimət... – I HİSSƏ
“Qış müharibəsi” sovetlərə nəyin bahasına başa gəldi?

85 il əvvəl, 1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya qarşı hərbi təcavüzə başladı. Üç həftəyə yekunlaşması nəzərdə tutulan savaş üç aydan çox çəkdi. Finlər inanılmaz müqavimət göstərərək, bütün dünyanı mat qoydular. SSRİ sonda qalib gəlsə də, bu qələbə ağlasığmaz itkilər bahasına əldə olundu. 

“Radio Svoboda”nın sovet-fin müharibəsi haqda məqaləsini ixtisarla təqdim edirik. 

Səhnələşdirilmiş zərbə

1939-cu il noyabrın 26-da təxminən saat 16:45-də sovet-fin sərhədində yerləşən Maynila kəndi yaxınlığında bir neçə mərmi partlayışı baş verdi. Sovet tərəfinin rəsmən bildirdiyinə görə, Finlandiya ərazisindən açılan atəş nəticəsində dörd sovet hərbçisi ölüb, doqquzu yaralanıb. Zərərçəkənlərin nə adı, nə hərbi hissələrinin nömrələri deyilirdi, bu səbəbdən onların gerçək mövcudluğuna şübhə yarandı. Xarici İşlər Xalq Komissarlığının həmin gün verilən notasında SSRİ insidenti hücum adlandırdı, etirazını bildirdi və fin qoşunlarını sərhəddən 20-25 km uzaqlaşdırmağı tələb etdi. 

Finlandiya öz araşdırmasını apardı. Fin sərhədçilərinin müşahidə jurnalında sovet ərazisində beş top və iki qumbaraatan atəşi qeydə alınmışdı. Marşal Karl Mannerheym bildirdi ki, həmin rayonda fin artilleriyası yoxdur, o, sərhəddən 20 km aralıda yerləşir. Finlandiya hökuməti 27 noyabr tarixli cavab notasında xəbər verirdi ki, fin tərəfi göstərilən ərazini atəşə tuta biləcək toplara malik deyil. Helsinki iki tərəfin də qoşunlarının sərhəddən uzalaşdırılmasının müzakirəsinə və insidentin birgə araşdırılmasına hazır olduğunu bildirdi. 

Moskvanın reaksiyası kəskin oldu: noyabrın 28-də SSRİ birtərəfli qaydada bildirdi ki, Finlandiya ilə 1932-ci ildə imzalanmış “Hücum etməmək haqqında” pakt qüvvədən düşür; Kreml bu qərarını fin hökumətinin guya paktı sistematik pozması ilə əsaslandırdı və Finlandiyadan öz nümayəndələrini geri çağırdı. Helsinki noyabrın 29-da qoşunlarını sərhəddən çəkməyə razı olduğunu bildirdi, amma 30 noyabr səhəri Qırmızı ordu savaş elan edilmədən hərbi əməliyyatlara başladı.

Maynila insidentinin necə baş verməsi haqda tarixçilər indiyəcən mübahisə edirlər. Bunun NKVD-nin (Daxili İşlər Xalq Komissarlığı) işi olması versiyası mövcuddur. Noyabrın 26-da Stalinlə birlikdə nahar edən Nikita Xruşşovun şahidliyinə görə, diktator deyirmiş: “Finlandiyaya ərazi xarakterli ultimatum tələblər verəndə, əgər rədd edərsə, hərbi əməliyyatlara başlamaq lazım gələcək”. Xruşşov özü də əmin imiş ki: “Bir dəfə topdan atəş açan kimi finlər əllərini qaldıracaqlar, tələblərlə razılaşacaqlar”. Sərhədə göndərilən 1-ci dərəcəli ordu komandiri, artilleriyaçı Qriqori Kulikin də adı çəkilirdi...

Hücuma məruz qalan Finlandiya təslim olmaq istəmirdi, baxmayaraq ki, başlamış İkinci dünya müharibəsi şəraitində vəziyyəti ağır idi. İsveç bitərəfliyini elan etdi, Böyük Britaniya və Fransanın qayğısı Qərb cəbhəsi ilə bağlı idi, Almaniya da SSRİ ilə imzaladığı “Hücum etməmək haqqında” pakta istinad edərək, yardımdan boyun qaçırdı. Molotov-Ribbentrop paktının gizli protokoluna görə Finlandiya SSRİ-nin nüfuz dairəsinə aid idi, buna görə də Berlin Helsinkiyə nə diplomatik, nə hərbi yardım göstərdi. 

***

Stalin hələ 1938-ci ildə Finlandiyadan siyasi və ərazi güzəştləri qoparmağa çalışırdı. Diplomat və çekist Boris Yartsevin (Rıbkin) Helsinkiyə səfəri zamanı SSRİ, Almaniyanın hücumu zamanı fin sahil zolağının birgə müdafiəsi haqda məxfi razılaşma, Aland adalarında istehkamların tikintisini və Hoqland adasında sovet donanması və aviasiyası üçün baza tələb edirdi. 1938-ci ilin avqustunda danışıqlar kəsildi. Amma 1939-cu ilin mart-aprel aylarında Moskva tələblərini böyütdü: Haqland, Lavansaari, Seyskari və Tütyarsaari adalarının 30 illik icarəsini istədi. Helsinki ciddi neytralitet siyasətinə istinadən imtina etdi. Qeyri-rəsmi şəkildə təminat verildi ki, Finlandiya istənilən təcavüzə müqavimət göstərəcək. 

İkinci dünya müharibəsinin başlaması ilə vəziyyət dəyişdi. Almaniya ilə imzalanan və Şərqi Avropanın nüfuz dairələrinə bölünməsini nəzərdə tutan paktdan istifadə edən SSRİ 1939-cu il 28 sentyabr - 10 oktyabr tarixlərində Estoniya, Latviya və Litvaya “Qarşılıqlı yardım haqqında” müqavilələr sırıdı: bu ölkələr ərazilərində 20-25 min nəfərlik Qırmızı ordu hissələrinin yerləşdirilməsinə razılıq verməyə məcbur oldular. Oktyabrın 5-də SSRİ Finlandiyaya da analoji müqavilə imzalamağı israrla təklif etdi. Fin hökuməti bildirdi ki, təklif onların tutduğu mütləq bitərəflik mövqeyinə ziddir. 

1939-cu ilin payızında Finlandiya tam təcrid olunmuşdu. Onun öz resurslarından və istehkamlarından başqa dayağı qalmamışdı. Oktyabrın 10-da təlim keçmək adı ilə orduya çağırış aparıldı: bu, əslində səfərbərlik idi. Ölkənin sərhədyanı ərazilərindən 150 mindən çox adam köçürüldü. Finlandiya vətəndaşlarının qorxmaq üçün əsasları vardı: mətbuat sovet Kareliyasındakı fin əhaliyə qarşı repressiyalardan tez-tez yazırdı. 

İosif Stalin Moskva danışıqlarında Finlandiyanı təmsil edən Yuho Paasikiviyə dedi: “Bir halda ki, Leninqradı tərpətmək olmaz, sərhədi ondan uzağa aparmaq lazımdır”. Sovet rəhbəri Finlandiyaya SSRİ ilə birlikdə düşmən qruplaşmalara və dövlətlər koalisiyasına qoşulmamaq öhdəliyi götürməyi təklif edirdi. Eləcə də Kareliya bərzəxində sərhədi Leninqraddan 90 km uzaqlaşdırmaq, hərbi-dəniz bazası və 4 minlik qarnizon yerləşdirməkdən ötrü Hanko yarımadasını və limanını SSRİ-yə 30 illik icarəyə vermək, Haqland, Lavansaari, Seyskari və Tütyarsaari adalarını SSRİ-yə həmişəlik vermək təklif olunurdu. Stalinin “sülh” təklifi - hər iki ölkə Kareliya bərzəxindəki istehkamlarını silahsızlaşdırsınlar - xüsusilə riyakar idi. Əvəzində SSRİ Finlandiyaya sovet Kareliyasında iki dəfə böyük ərazi verəcəkdi: Rebola meşə ərazisinin 5 min kv kilometri. Doğrudur, bu ərazinin strateji əhəmiyyəti yox idi. 

Finlandiyanın Dövlət şurası adaları və  “Mannerheym xətti”nə qədər sərhədyanı Terioki və Kuokkala ərazilərini, həmçinin silahsızlaşdırılmış İno fortu rayonunu verməyə razı idi. Fin körfəzindəki adalarla bağlı danışıqlar da mümkün idi, amma SSRİ Hankoda baza da tələb edirdi. Noyabrın 3-4-də danışıqlar dalana dirəndi. Vyaçeslav Molotov fin nümayəndələrinə dedi: “Biz, mülki şəxslər irəliləyişə nail olmadıq. İndi söz əsgərlərə veriləcək”. Amma bundan sonra Stalin öz tələblərini bir qədər azaltdı, bununla belə, əsas ideyalarından əl çəkmədi: Sursaari adasının və Kareliya bərzəxində möhkəmləndirilmiş fin ərazisinin bir hissəsinin verilməsi, Hankoda hərbi bazanın icarəsi. Finlər İno rayonunu və Sursaari adasını verməyə razı idilər, amma Hanko ilə bağlı güzəşt səlahiyyətləri yox idi. Yuho Paaskivi hesab edirdi ki, kompromis - Hanko əvəzinə SSRİ-yə digər sahilyanı adaların (Yussare və ya Ere) təklifi - mümkündür. Fin nümayəndə heyəti danışıqların davam edəcəyinə ümidini bildirdi və noyabrın 13-də Helsinkiyə qayıtdı. Bu zaman onların heç biri hesab etmirdi ki, Kremlin tələblərinin rədd edilməsi müharibəyə səbəb olacaq. Stalin tərəfindən açıq ultimatum səslənmədi, Molotovun kobud bəyanatları isə təzyiq vasitəsi kimi dəyərləndirildi. Hitlerlə sövdələşməsindən qısa müddətdə təkcə təzyiqlə deyil, lap hərbi yolla mənfəət qazanmaq istəyən Stalinin hövsələsizliyini Finlandiya siyasətçiləri yetərincə qiymətləndirmədilər. 

Stalin, adəti üzrə, öz əməllərini doğru sayırdı: “Madam ki, Finlandiya ilə dinc danışıqlar nəticə vermədi, müharibə elan etmək lazımdır ki, hərbi qüvvənin köməyi ilə Leninqradın təhlükəsizliyi və deməli, ölkəmizin təhlükəsizliyi təşkil, təsdiq və təsbit olunsun...Qərbdə üç ən böyük dövlət bir-birlərinin boğazından yapışıb, əgər indiki şəraitdə olmayacaqsa, bəs nə vaxt Leninqrad məsələsini həll etməli? Əlləri məşğuldur və belə məqamda onları vurmaqdan ötrü əlverişli şərait mövcuddur. Birdən, sabah barışdılar, bu da istisna deyil.  O zaman Leninqradın müdafiəsi barədə məsələni qaldırmaq üçün əlverişli şərait əldən çıxacaqdı”, - Stalin müharibədən sonra öz silahdaşlarına deyirdi. 

Hər şeydən göründüyü kimi, Stalin müharibə başlayana qədər Qırmızı ordunun sərhəddə cəmlənməsi üçün iki həftəni yetərli saydı. Noyabr ərzində ali hərbi komandanlıqla bir neçə müşavirə keçirdi. Maynila təxribatından Leninqrad hərbi dairəsinin qüvvələri ilə hücumun başlanmasına qədər dörd gündən çox keçmədi. Finlandiya ilə müharibədə iştirak etmək üçün Qırmızı ordunun və Baltik donanmasının 450 mindən artıq döyüşçüsü hazır idi. Sovet liderləri asan qələbəyə köklənmişdilər. Vyaçeslav Molotov hələ oktyabrda İsveçdəki sovet səfiri Aleksandra Kollontaya deyirdi: “Bizim qoşunlarımız üç gündən sonra Helsinkidə olacaqlar və tərs finlər Moskvada imtina etdikləri müqaviləni orada imzalamalı olacaqlar”

Üç həftəyə Helsinkiyə?

Qış müharibəsi - sonralar onu belə adlandırdılar - noyabrın 30-da səhər 8:30-da Qırmızı ordunun hücumu və sərhədyanı Teriyoki və Kuokkala məntəqələrini tutması ilə başladı. Daha sonra sovet qüvvələri fin istehkamlarının birinci xəttinin uğurlu müdafiəsi ilə rastlaşdılar və üzbəüz hücumlarda ağır itkilər verdilər. Verilən məlumatlara görə, onların 1938-1939-cu illərdə tikilən istehkamlardan xəbərləri yox idi.

Qırmızı ordu canlı qüvvədə və texnikada böyük üstünlüyə malik idi. Məsələn, finlərin 26 saz tankına qarşı sovetlərin 1400 tankı, 250 təyyarəsinə qarşı 1000 təyyarəsi vardı. Belə hal hücuma komandanlıq edən Kirill Meretskovun düşməni qiymətləndirməməsinə səbəb oldu. Plana görə, Helsinki üç həftəyə tutulmalı idi. Qoşunları Stalinin doğum gününə, 21 dekabra qədər Finlandiya paytaxtını tutmağa kökləyirdilər. Dekabrın 6-7-də Vuoksa çayını keçmək üçün uğursuz cəhd göstərilərkən ağır döyüşlər getdi. Dekabrın 12-də 7-ci ordunun hissələri Mannerheym xəttinin sadəcə təchizat zolağını keçdilər və müdafiənin əsas zolağının ön hissəsinə çıxdılar. Dekabrın 15-17-də burada durduruldular. 

Döyüşlər uzunsürən xarakter aldı. Qırmızı ordu Fin körfəzindən Ladoqa gölünə qədər uzanan 140 km ərazidə tikilmiş təxminən 130 uzunmüddətli atəş nöqtəsi ilə qarşılaşdı. Komandirlər düşmənin snayperləri ilə yanaşı minalarının da piyadalara böyük tələfat yaşatdığını məruzə edirdilər. Finlər tanklara qarşı sonralar “Molotov kokteyli” adını alacaq vasitədən - içinə yandırıcı qatışıq doldurulmuş butulkalardan istifadə edirdilər. Mənfi 20-25 dərəcəyə çatan şaxtalardan hər iki ordu əziyyət çəkirdi. Dərin qar hələ yox idi. Kareliya bərzəxində mənfi 40 dərəcə şaxtalar yanvarda, müvəqqəti sakitlik zamanı düşdü. 

Qırmızı ordunun Ladoga gölündən şərqdəki hücumu da alınmadı. Finlər hücumu əks-zərbə ilə qarşıladılar və dayandırdılar. Onlar “Motti” taktikasından istifadə edirdilər. Bu taktika düşmənin sayca üstün qüvvələrini ayrıca əlahiddə qruplara bölərək, bir-birindən ayırmaqdan və sistematik məhvindən ibarət idi. 168-ci atıcı diviziya mühasirəyə düşdü və savaşın sonuna qədər Ladoqa sahilində böyük itkilərlə duruş gətirdi. Yaxınlıqda, dekabrın sonu - yanvarın əvvəlində general Kondraşovun 18-ci atıcı diviziyası 34-cü tank briqadası ilə birlikdə mühasirəyə alındı. Onlar fevralın 28-də mühasirədən çıxmağa çalışdılar və Pitkyarantı yaxınlığında “ölüm vadisi”ndə darmadağın edildilər: çıxmağa çalışan iki kolondan biri tam həlak oldu. 15 min nəfərdən 1237 nəfər sağ çıxdı.

Kareliyadan zərbə ilə Finlandiya ərazisini ikiyə bölmək, Suomussalmi rayonundan irəliləyərək Botniya körfəzi sahilindəki Oulu şəhərinə çıxmaq kimi cəsarətli Voroşilov planı da real deyildi. Finlər iki diviziyanı mühasirəyə alıb məhv etməklə sovetin Suomussalmi rayonundakı hücumunu dar meşə yollarında durdurdular. “Suomi” avtomatları ilə silahlanmış xizəkçi dəstələri dar qış cığırları ilə irəliləyən qoşunlara uğurla hücum edirdilər. Sovetin 10 min itkisi müqabilində finlər 2 min itki verdilər. 37 tank, 20 zirehli maşın, 350 pulemyot, 97 top, minlərlə tüfəng, 160 avtomobil ələ keçirildi.  Qüvvələrin bir hissəsi ilə geri qayıda bilən 44-cü diviziyanın komandiri Vinoqradov, qərargah rəisi Volkov, komissar Paxomenko hərbi tribunalın qərarı ilə yanvarın 11-də hərbçi düzülüş qarşısında güllələndilər. 

Şimalda Petsamo regionunu tutaraq Finlandiyanın Barens dənizinə çıxışını bağlamaq nəzərdə tutulurdu. Bu plan tez reallaşdı, çünki şimalda komdiv Frolovun üç diviziyadan ibarət 14-cü ordusunun qarşısında finlərin cəmi bir neçə bölüyü vardı. Petsamo limanı dekabrın 2-də tutuldu.

Finlandiyanın baş komandanı Karl Mannerheym hesab edirdi ki, əsas qüvvələr başlıca istiqamətlərdə düşmənin qarşısını istehkamlar sayəsində yarım il, Qərb ölkələrindən yardım gələnə qədər dayandıra bilər. 

Finlandiya əsasən köhnə rus ordusunun ehtiyatlarından özünə çatan silahlara malik idi. 1930-cu illərin əvvəllərində hərbi xərclər büdcənin 20 faizini təşkil edirdi və tədricən artırdı. Dövlətə məxsus barıt və patron zavodları ilə yanaşı, silah və aviasiya zavodu tikildi. Müharibəyə qədər İtaliyadan təyyarələr və tüfənglər, Macarıstan və İsveçdən zenit topları alındı. Almaniyaya sifariş verilən 134 zenit topundan da 60-ı alındı. 

1939-cu ildə qismən səfərbər edilən ordunun tərkibində ümumən 337 min nəfər xidmət edirdi, onlardan da 250 mini quru qoşunlarında. Amma yaxşı silahlanmamışdılar. 1939-cu ilin payızında üç diviziyada yalnız tüfənglər vardı, beşində də artilleriya yoxdu. Savaş başlayanda Britaniya, Fransa və Belçika finlərə pulemyot, Fransa üstəlik minaatanlar üçün 100 min mina almağa imkan verdi. Bütün silah növləri ilə bölüşən İsveç 100-dən çox səhra topu verdi. Atıcı silah patronu üçün yerli istehsal bəs edirdi. Hərbi əməliyyatların sonuna yaxın artilleriya sursatlarının çatışmazlığı hiss olunurdu, 1940-cı ilin martında cəmi iki həftəlik ehtiyat qalmışdı. 

Savaşın əvvəlində Finlandiyanın 114 saz təyyarəsi vardı, daha 31-i təmirdə idi. İtaliya, ABŞ, Fransa və Britaniyadan tədarük sayəsində itkilərə və qəzalara baxmayaraq, savaşın sonunda 117 təyyarə döyüşə hazır vəziyyətdə idi. Müasir xarici təyyarələr 1940-cı ilin yanvarında yığılmamış vəziyyətdə gətirildilər. Onlar yalnız fevralda döyüşlərdə iştirak etdilər. Bu alışların əsas kreditorları ABŞ və Britaniya idi.  

Ölkəyə 11,5 min əcnəbi könüllü gəldi. Savaşın sonunda döyüşlərdə 8 minlik İsveç briqadası iştirak edirdi. Sonrakı yerləri Danimarka (944) və Norveç könüllüləri (693) tuturdular.

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/zimnyaya-voyna-s-finlyandiey-kak-stalin-nazhil-vraga-sovetskomu-soyuzu/33096908.html