Cəngəllikdə yaşayan möcüzə: yaşları bilinmir, ölümə yumorla yanaşırlar...
Amazoniyanın bu sakinləri dünyada ən sağlam ürəyə və beyinə sahibdirlər – sirr nədədir?
24 Sentyabr 2024
84 yaşlı Martina Kançi Neyt Boliviya cəngəlliklərində kolluqların arasından asanlıqla addımlayır - bizim komandamız ona yetişmir və ondan arada dayanmağı xahiş edirik.
O, 10 dəqiqə ərzində sürətlə üç maniok kolu qazıb çıxarır və bıçağı iki dəfə vurmaqla yerli banan növünün meyvələrini kəsir. Daha sonra ağır yükünü belinə atır və öz əkin sahəsindən evinə tərəf gedir.
Martina Boliviyanın paytaxtı La Pasdan 600 km uzaqda, Amazon çayının sahilində izolyasiyada yaşayan yerli tsimane xalqının nümayəndəsidir.
Onun qıvraqlığı yaşlı tsimanelər üçün adi haldır. Alimlərin gəldiyi qənaətə görə, dünyada ən sağlam ürək-damar sistemi bu tayfadadır, beyinləri isə Şimali Amerika və Avropa sakinləri ilə müqayisədə daha gec qocalır.
Tayfada 16 minə yaxın adam var. Əcdadları kimi onlar da ov, balıqçılıq, yığıcılıq və yeməli bitkilərin becərilməsi ilə yaşayırlar.
Alimlər bu xalqı çoxdan öyrənirlər və xeyli gözlənilməz kəşflər ediblər.
Tsimanelər fəal həyat tərzi keçirirlər - ov edirlər, kənd təsərrüfatı ilə məşğul olurlar, evlərinin damını hörürlər.
Onlar günün 10 faizindən azını oturaq vəziyyətdə keçirirlər, inkişaf etmiş şəhərlərin sakinlərində isə bu, təxminən 54 faizdir.
Ov 8 saatdan çox çəkir, bu zaman onlar orta hesabla 18 km addımlayırlar.
Onların yaşadığı yerdən ən yaxın şəhərə qayıqla 100 kilometrdir. Emal edilən qida məhsullarına, alkoqola və siqaretə çıxışları məhduddur.
Tədqiqatçılar aşkar ediblər ki, tsimanelərin gündəlik qida rasionunda triqliseridlər 14% təşkil edir, Birləşmiş Ştatlarda isə bu, 34 faizdir. Xeyli qida lifləri yeyirlər, istehlak etdikləri kalorinin 72 faizi karbohidratlardan gəlir.
Tsimane dietasının zülal hissəsini ovladıqları heyvanların (əsasən, quşlar və meymunlar) əti və balıq təşkil edir. Yeməyi adətən qızartmırlar, qaynadır, ya da hisə verirlər.
Yaşlı tsimanelərin qocalıq xəstəliklərinə - hipertoniya, şəkər diabeti və ya ürək xəstəliklərinə tutulmadığını görən Kaliforniya universitetinin alimləri Amazoniyanın yerli sakinlərinə diqqət ayırdılar.
Orqanizmdə triqliseridlərin və digər maddələrin illərlə toplanması adətən qan damarlarında xolesterin lövhələrinin yaranmasına səbəb olur, bu da ateroskleroz yaradır.
Alimlər tsimane xalqının yaşı 40-dan çox 705 nümayəndəsinin kompüter tomoqrafiyasını keçiriblər və elmə məlum olan populyasiyalar arasında ən aşağı ateroskleroz səviyyəsi müəyyənləşdiriblər. Ürək xəstəliklərinin də səviyyəsi çox aşağıdır.
“Proceedings of the National Academy of Science” jurnalında 2023-cü ildə çap edilən yeni tədqiqat göstərir ki, yaşlı tsimanelərdə beyin atrofiyası ABŞ, Böyük Britaniya və Yaponiyanın həmin yaşda sakinlərilə müqayisədə 70% azdır.
“Biz tayfanın bütün yaşlı əhalisi arasında bircə dənə də olsun Altsheymer xəstəliyi halı qeydə almadıq”, - boliviyalı həkim Daniel Eyd Rodriqes deyir.
Amma bu insanların dəqiq yaşını müəyyənləşdirmək heç də həmişə müyəssər olmur, çünki təhsil çatışmazlığı üzündən onlarda hesabla bağlı problem var.
Özləri deyirlər ki, doğum tarixləri müxtəlif vaxtlarda regionda olmuş xristian missiyalarının qeydləri, ya da bir-birlərini nə qədər uzun müddət tanımaqları ilə müəyyənləşir.
Digər tərəfdən, alimlər yetkin tsimanelərin yaşını onların uşaqlarının yaşına əsasən hesablayırlar.
Yerli qadınlardan Hildanın yazılara görə 81 yaşı var, amma o, bizə deyir ki, bu yaxınlarda ailəsi onun “100 illiyini və ya təxminən o qədərini” qeyd etmək üçün donuz kəsib.
78 yaşı olduğunu iddia edən Xuan bizi özü ilə ova aparır. Diri gözləri, güclü qolları var və ağ saçı heç yoxdur. Kiçik tayasunu (çöl donuzu növü) necə cəld təqib etdiyini izləyirik.
Amma etiraf edir ki, yaş öz sözünü deyir: “Bədən sözümə qulaq asmır. Daha uzun müddətli ova çıxmıram, maksimum iki gün”.
Martina onunla razılaşır. Tsimane qadınları cəngəlliklərin dərinliyində bitən catat bitkisindən evləri üçün dam hörürlər. Martina catat üçün üç saat cəngəlliklərə və üç saat geriyə sərf edir. “Bunu ayda bir-iki dəfə edirəm və görürəm ki, hər dəfə daha çətin başa gəlir”.
Amma Amazoniyanın yerli sakinlərinin bir çoxu qocalığa qədər yaşamır. Tayfanın tədqiqinə başlayanda orta ömür uzunluğu 45 il idi, indi 50-yə çatıb.
Tədqiqatçılar qadınlara ailələri haqda sual veriblər. Biri deyib ki, 6 uşağı olub, beşi ölüb. Digəri 12 uşaq doğub, dördü ölüb. Daha biri deyir ki, üç uşağını basdırıb, amma doqquzu sağdır.
“80 yaşına çatanlar uşaqlıqda xeyli xəstəlik və infeksiya keçiriblər”, - həkim Eyd deyir.
Tədqiqatçılar hesab edirlər ki, bütün tsimanelər həyatları boyu helmintlər və bu kimi parazitlərə yoluxublar. Onlar tayfa üzvlərində həm də patogenlərin və iltihabın yüksək səviyyəsini aşkar ediblər. Bu, tsimane orqanizminin daim infeksiyalarla mübarizə apardığını təxmin etməyə imkan verir.
Bununla əlaqədar alimləri daha bir sual düşündürür: qida və fiziki işlərdən əlavə, erkən infeksiyalar da tayfanın sağlamlığına müsbət təsir edən daha bir amil ola bilərmi?
Ancaq tsimanelərin də həyat tərzi tədricən dəyişir.
Xuan deyir ki, bir neçə ay ərzində iri heyvan ovlaya bilməyib. 2023-cü ilin sonlarındakı meşə yanğınları təxminən 2 milyon hektar cəngəlliyi məhv etdi.
O, iribuynuzlu mal-qara saxlamağa başlayıb və ailəsini ətlə təmin edəcəklərinə ümid bəslədiyi dörd öküzü bizə göstərir.
Dəyişikliklər yolunda daha bir addım tsimanelərin motorlu qayıqlar əldə etməsi oldu: indi onlar üçün bazarlar və şəkər, un, yağ kimi məhsullar daha əlçatandır.
Bu, həm də o deməkdir ki, onlar əvvəlkindən daha az avar çəkirlər, avarçəkmə isə ən çətin fiziki təmrinlərdən biridir.
İyirmi il əvvəl tsimanelər arasında diabet, demək olar, yox idi, indi peyda olmağa başlayır və tədqiqatçılar deyirlər ki, gənc nəsildə xolesterin səviyyəsi də artıb.
“Vərdişlərdəki istənilən kiçik dəyişiklik sağlamlıq göstəricilərinə təsir edir”, - Eyd deyir.
Son 20 ildə tədqiqatçıların varlığı da tayfanın həyatına təsir göstərib. İndi onların tibbi xidmətə çıxışları var - kataraktanın təmizlənməsindən sınıqların və ilan sancmasının müalicəsinə qədər.
Tsimanelər qocalığa yumorla yanaşırlar.
“Ölümdən qorxmuram, - Hilda gülərək deyir. - Onlar məni basdırmağa hazırlaşırlar, mən də sadəcə tərpənmədən uzanacağam”.
Hazırladı: Yadigar Sadıqlı