Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Canavar dövrü”: vəhşi nasizm hara qeyb olmuşdu?
Qaniçən yırtıcılar əvəzinə indi yol kənarında sadə adamlar dururdu, onlara şokolad verən işğalçılara əl edirdilər

Rusiyanın “İndividum” nəşriyyatında alman publisist Harald Yenerin “Canavar dövrü. Almaniya və almanlar. 1945-1955” kitabı çapdan çıxıb. Bu, İkinci dünya müharibəsi dövrünün Almaniyası haqqında daha bir önəmli mətndir: kitabda ölkənin fəlakətə doğru necə getməsi və nəticələrin öhdəsindən necə gəlməsi təsvir olunur. “Canavar dövrü” savaşdan sonrakı ilk onilliyi əhatə edir: ölkə işğal zonalarına bölünmüşdü, şəhərlər dağılmışdı, almanlar isə nasist cinayətlərini etiraf etməyə tələsmirdilər. “Meduza” kitabdan bir fraqmenti dərc edib. 

Almaniya metr-metr işğal olundu. Birinci qərbdə Axen tutuldu, 1944-cü ilin oktyabrında. ABŞ ordusu altı ay ərzində Reyni keçdi, Maqdeburq və Leypsiqə qədər irəlilədi. Şərqdə Oder-Neyse xəttini keçən Qırmızı orduya Berlinə çatmaq üçün üç ay lazım gəldi. Zeelov təpələrində onlara qarşı inadla döyüşən 120 min alman əsgəri vardı, amma xeyri olmadı. 

Ən təəccüblüsü odur ki, müharibə bitəndə atışma dərhal dayandı. Müttəfiqlərin getdikləri hər yerdə tam sakitlik hökm sürürdü. Əsgərlər heyrət edirdilər: hələ dünən, vəziyyətin bütün ümidsizliyinə baxmayaraq, ölümünə döyüşən almanlar təslim olan kimi dərhal fağır quzuya dönmüşdülər. Fanatizmləri qabıq kimi töküldü. Nə bir müqavimət, nə bir pusqu, nə bir fədailər dəstəsi. İrəliləyən müttəfiqləri hərdən təkəmseyrək partizanlar atəşə tuturdular. Amma onlar istisna idilər. Müttəfiqlər beləsini gözləmirdilər. Almanlara nə oldu? İllərlə sürən bombardmanlar onları sındırmadı. Lap yaxınlarda, müharibənin son həftələrində geri çəkilərkən yüzminlərlə məhbusu və məcburi işçini amansızlıqla qətlə yetirirdilər. Sanki kapitulyasiyadan sonra da insan həyatına eyni etinasızlıq göstərib, ilk imkanda bütün canlıları məhv etməli idilər. Qaliblər xüsusilə gənclərdən ehtiyat edirdilər.

Müttəfiqləri yolüstü vəhşi yırtıcılarla rastlaşacaqlarına nasistlər özləri inandırmışdılar. SS reyxsfüreri Henrix Himmler 1944-cü il ilin oktyabrında elan etdi ki, “Vervolf” döyüş qüvvələrinin partizan reydləri hazırlanır. Göbbels savaşın bitməsinə iki ay qalmış almanları vətən uğrunda ölümü müqəddəs borc saymağa çağırırdı. “Vervolf” döyüşçüləri üçün “alman torpağındakı hər bir bolşevik, hər bir britaniyalı və amerikalı qanuni hədəfdir. Onların öldürmək imkanı harada yaransa, biz bunu məmnuniyyətlə və öz həyatımız haqqında düşünmədən edəcəyik. Nifrət - ibadətimiz, qisas - döyüş harayımızdır. “Vervolf” özü mühakimə qurur, ölüm və həyat haqda qərar verir”

Amma heç belə şeylər olmadı. “Vervolf”un azsaylı aksiyaları, demək olar, tamamilə müharibədən yorulmuş almanlara qarşı yönəldi. Bu aksiyalardan ən amansızı 1945-ci il aprelin 28-də Bavariyanın Pensberq kəndində 16 kişi və qadına divan tutulması oldu. Onların günahı nasist burqomistri devirməkdən və kəndi amerikalılara döyüşsüz təslim etmək cəhdindən ibarət idi. “Vervolf Oberbayern” dəstəsinin əməliyyatına yazıçı, SA briqadefüreri Hans Tseberlayn rəhbərlik edirdi. 

Öz xalqına qarşı terrorun daha bir nümunəsi amerikalıların Axen burqomistri təyin etdikləri Frans Oppenhoffun 1945-ci il martın 25-də öldürülməsidir. Onu düşmənin arxasına enən SS paraşütçüləri güllələdi. 

Kapitulyasiyadan sonra belə qisas və qorxutma aktları, demək olar, tam kəsildi, elə digər partizan aksiyaları da. Elə bil, almanların ürəyindəki faşizm iz qoymadan havaya buxarlandı. Qaniçən yırtıcılar əvəzinə indi yol kənarında sadə adamlar dururdu, ötüb keçən və onlara şokolad yedirdən işğalçılara əl edirdilər. Bunu necə izah etməli? Axı onları mübarizənin son günlərində hətta məktəbliləri qurban verməyə sövq edən nifrət heç də qarabasma, qısamüddətli dəlilik tutması deyildi. 

Yadelli ağalığın istənilən forması ilə barışmaqdansa ölümün yaxşı olduğunu söyləyən məğrur fövqəlinsanlar hara yox oldular? Təkcə işğalçılar deyil, almanların özləri də bu sualı verirdilər. Onların çoxu fürerə sədaqəti dərhal yaddan çıxardı. Özlərinin dəmir etiqadlarını, çırtma çalırmış kimi söndürdülər. Eyni zamanda keçmişi də söndürdülər. Başqa cür necə izah etmək olar ki, heç iki il keçməmiş bəziləri təəccüblənirdilər: nəyə görə almanları bütün dünyada belə sevmirlər?  “Niyə almanları heç yerdə sevmirlər?” - “Der Standpunkt” jurnalı sanki heç müharibə olmamış kimi 1947-ci ildə soruşurdu. Məqalənin müəllifi özü “sərt cavab” verir: “Almaniya Avropanın şuluq uşağıdır, bütün dünya üçün günah keçisidir. Xalqlar ailəsində də hər şey insan ailəsində olan kimidir: sevimlilər var, məsələn, bəxtəvər İsveçrə kimi, bir də enfant terrible var - bu rol Almaniyaya ayrılıb. Təsadüf? Fələk? Bunu təbiətlə, tarixlə, milli inkişafın xüsusiyyətləri ilə izah edə bilməzsən”. 

Bunu izah etmək həqiqətən də çətindir. 60 milyon həyata son qoymuş işğalçı müharibənin bitməsindən dərhal sonra təcavüzkarı “şuluq uşaq” adlandıran, fağır “günah keçisi” kimi təqdim edən şəxsin şüurunda baş verənləri yalnız insan psixikasının möcüzələrinə aid etmək olar. Axı müəllifi pis niyyətdə və ya sadəlövhlükdə günahlandıra bilməzsən. Öz məqaləsində, əlbəttə, Hitlerdən də danışır, Tomas Mannın “Almaniya və almanlar” nitqinə, Maks Pikarın “Hitler bizim özümüzdədir” kitabına iqtibas edir. Onun niyyəti yaxşıdır, amma o qədər çaş-başdır ki, fikirləri bu gün bizə, yumşaq desək, absurd görünür. 

Bilavasitə yaşanmış keçmişə belə münasibət sonralar “sıxışdırma” adlandırıldı. Bu, qeyri-dəqiq, amma çox bəlağətli anlayışdır. “Standpunkt”dakı məqalədə hətta paradoksal sıxışdırma prosesini müşahidə etmək olar ki, izahatla üst-üstə düşür. Zira müəllif alman xalqının lənətini vicdanla araşdırmaq niyyətindədir. Lənətin səbəbi haqda düşünərkən o, bizim bu gün “sivilizasiya qırğını” adlandırdığımızı yumşaldaraq, ailə mübahisəsi səviyyəsinə endirir. \

[…]

Şəhərlərin bərpası hansı işgüzarlıqla başlamışdısa, eyni işgüzarlıqla da keçmişin interpretasiyası, yenidən dərki prosesi baş verdi. Adətən insanlar sıxışdırmanı müəyyən səssiz hal kimi təsəvvür edirlər. Müharibədən sonrakı sakitlik, susmuş toplar və nitqlər haqqında çox yazılırdı. Müharibədən sonrakı almanlar xatirələrində özlərini böyük susqunlar kimi görürlər, onlara baş verənləri dinməzcə həzm etmək lazımdı. Amma hər şey tamamilə tərsinə idi.

Ola bilər, çoxları şəxsi kapitulyasiya imzalayıb, susurdular. Amma danışmaq arzusu və amadəliyi heç yerə yox olmamışdı. Əksinə, almanlar tez-tez danışırdılar. Nitq söyləmək üçün ən əhəmiyyətsiz səbəblər - məsələn, məktəb açılışı və ya atçılıq klubunun yubileyi - “alman xalqının, başqalarının yuxusuna da girməyən müsibətləri” mövzusuna toxunmağa imkan verirdi. Pedaqoqun xüsusi vəzifələri barədə bir məqalə belə başlanırdı: “Hakimiyyəti ələ keçirən məxluqların vəhşi terroru, yalanla qarışan divanəlik sayəsində alman xalqının yuvarlandığı huşsuzluğun ardınca almanlara heç bir xalqın başına gəlməyən dəhşətli fiziki və mənəvi iztirablara səbəb olan labüd fəlakət baş verdi. Qəlbi bu qədər tez-tez və bu qədər dərin qazınan başqa bir xalq yoxdur”. 

Alman xalqını dünyanın digər xalqlarının fövqünə qaldıran iztirablarla bağlı yüksək dərəcəli sifətlər mətbuatda və publisistikada aşıb-daşırdı. Bu, hərfi mənada sıxışdırma kəlmələri idi: müəlliflər iztirablar haqda o qədər həmrəy və coşqun danışırdılar ki, həqiqi qurbanlara nə yer, nə söz qalırdı.

Bir çoxları hələ o zaman, məğlub rolunda, yenidən dünya ruhunun zirvəsinə dırmandılar və özlərinin gerçəkdən unikal rüsvayçılığından intellektual liderliyə iddia quraşdırdılar. Avropa gəncliyi arasında ümumi dəyərləri dəstəkləyən bir müəllif 1947-ci ildə yazırdı: “Biz, almanlar, dövrün tragizmini, ola bilər, başqa xalqlardan daha yaxşı anlayırıq. Çünki uçuruma hamıdan yaxın dayanmışdıq və buna görə də sərt həqiqətə hamıdan çox yaxınlaşmışıq”.

Almanlar, heç şübhəsiz, dərindən sarsılmışdılar. Onlar təkcə odun axtarmırdılar. Onlar məna axtarırdılar. Dağılmış landşaftda təkcə quldurlar və kömür axtaranlar deyil, baş verənlərə tərif axtaran çoxsaylı analitiklər də məskunlaşmışdı. 

Qəddar dövlət quruluşunun çöküşündən sonra xeyli almanda coşqun təfəkkür fəallığı püskürtüsü müşahidə olunur. Çörək çatışmırdı, amma qurtuluş ideyalarında çatışmazlıq yox idi. Hamı ruhi rahatlıq vəd edən sözlər axtarırdı. İnsanlar hər yerdə diskussiyaya baş vururdular - 1949-cu ildə mühacirətdən qayıdan Teodor B. Adorno da elə görünürdü. O, müharibədən sonrakı Almaniyanın mənəvi həyatı barədə təəssüratlarını heyrətlə bölüşürdü. Vətəndən uzaqda olarkən əmin idi ki, nasist rejimi özündən sonra barbarlıqdan başqa bir şey buraxmayıb və “kütlükdən, cahillikdən və istənilən mənəviyyata sinik etimadsızlıqdan” başqa bir şey görməyə hazırlaşmırdı. Əvəzində hətta Veymar respublikasında olmayan “intellektual ehtiras”la qarşılaşdı. “Xüsusi çevrələrdə ədəbi yeniliklər müzakirə olunarkən nümayiş etdirilən ciddiliyi 20 il əvvəl heç təsəvvür etmək olmazdı”.

Doğrudur, bu idilliya bizim filosof və sosioloqun ürəyincə olmadı. Amerikanın əyləncə sənayesi dünyasından yenicə qayıdan Adorno hipertrofik ümumi  təfəkkür fəallığında özünəvurğun meşşanlıq gördü və bu, onda məşum təəssürat yaratdı. 

Almaniya və qalan dünya haqqında bütün bu diskussiyalarda israrla yan keçilən bir mərkəzi mövzu vardı: Avropa yəhudilərinin kütləvi qətli. Müharibə və “rift çatları” haqda bu bolsulu nitq axınında Holokost barədə, demək olar, bircə kəlmə deyilmədi. Yəhudi mövzusu tabu idi... 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/03/13/chto-sluchilos-s-nemtsami