Böyük terror necə başladı: bir dəli bir güllə atdı... – II YAZI
O qətl olmasaydı, 700 min nəfərin güllələndiyi və milyonların düşərgələrə salındığı o faciə də olmazdı
02 Dekabr 2025
Əvvəli: Burada
SSRİ-də Stalin və rəqibləri arasında hakimiyyət uğrunda siyasi mübarizənin bütün dövrü OQPU və NKVD tərəfindən uydurulmuş cinayət işlərilə müşayiət olunurdu; bunlar formal olaraq partiya zirvəsindəki çəkişmələrlə əlaqəli deyildi. OQPU-nun Stalinin sifarişi ilə partiyasızlara qarşı hazırladığı bu qurama proseslər “tam sülh dövründə” rəhbərlərə gizli polisin mövcudluğunun zərurətini sübut etməli, gizlənmiş sui-qəsdçilər və sinfi düşmən tərəfindən gələn təhlükəni həm vətəndaşlara, həm də hakim elitaya nümayiş etdirməli, cəmiyyəti yeni həbslər, sürgünlər və həblərlə qorxutmalı idi. Çekistlər “sinfi mübarizənin kəskinləşməsi”nə ustalıqla prodüserlik edirdilər.
Məsələn, 1922-ci ildə guya dövlət tərəfindən aclıqla mübarizə məqsədilə müsadirə edilən qiymətli kilsə əşyalarının zorla alınmasına qarşı çıxmaqda günahlandırılan pravoslav kilsə xadimləri üzərində Petroqrad prosesi təşkil edildi. Kilsə, müqəddəs qablar istisna olmaqla, hər şeyi verməyə hazır idi. Kilsə əmlakının ələ keçirilməsi əməliyyatının əsl məqsədləri Leninin Siyasi büro üzvlərinə 19 mart 1922-ci il tarixli gizli məktubunda açıq şəkildə göstərilmişdi. Lenin qarşıya qoyduğu məqsədi aclıq çəkənlər üçün ərzaq alınması ilə əlaqələndirmirdi və bu barədə bir kəlmə də yazmamışdı. Onun göstərişləri belə idi: “Biz mütləq şəkildə qiymətli kilsə əşyalarının müsadirəsini ən qətiyyətli və ən sürətli formada həyata keçirməliyik ki, bir neçə yüz milyon qızıl rubl həcmində fond əldə edək (bəzi monastır və lavraların nəhəng sərvətlərini xatırlamaq lazımdır). Bu fond olmadan ümumiyyətlə nə bir dövlət işi, nə təsərrüfat quruculuğu və nə də Genuyada mövqelərimizin müdafiəsi mümkündür”.
Məqsəd təkcə dövlətin qızıl və gümüş ehtiyatını artırmaq deyil, həm də yaranmış məqamdan istifadə edərək möminləri və ruhani sinfi qorxutmaq idi. Lenin açıq yazırdı: “Məhz indi qara yüzlüyə mənsub ruhanilərə qarşı ən qəti və amansız zərbə endirməli və onların müqavimətini elə bir qəddarlıqla sındırmalıyıq ki, bunu bir neçə onillik ərzində unuda bilməsinlər”.
Petroqrad prosesinə 86 nəfər çıxarıldı, 10 nəfər ölüm cəzasına məhkum edildi. Onlar sovet hakimiyyəti tərəfindən qiymətli əşyalarının müsadirəsinə dair dekreti həyata keçirməyə qarşı yönəlmiş ideyaların yayılması, guya beynəlxalq burjuaziya ilə birlikdə sovet hakimiyyətinə qarşı xalq üsyanlarının təşkili məqsədi ilə fəaliyyət göstərməkdə ittiham olunurdular. Altı nəfər əfv edildi, Petroqrad və Qdov mitropoliti Veniamin, arximandrit Sergi (Şein), vəkil İvan Kovşarov və professor Yuri Novitski isə güllələndi. 26 nəfərə bəraət verildi, qalanları isə 1 aydan 5 ilədək həbs cəzası aldılar. Bolşeviklər öz məqsədlərinə – ruhani sinfi və möminləri ram etmək, qızıl ehtiyatını artırmaq – nail oldular. Kilsəyə qarşı repressiyaların ikinci dalğası isə 1930-cu illərin əvvəlində mitropolit Sergi (Stragorodski) tərəfindən qəbul edilən Bəyannaməni tanımayan və onu kilsənin başçısı kimi yad etməyən pravoslav xadimlərinin kütləvi həbsi ilə baş verdi.
Əhalinin düşünən hissəsini qorxutmaq və susdurmaq vəzifəsi daim OQPU-nun gündəmində idi. İlk saxtalaşdırılmış işlərdən biri 1925-ci ildə baş vermiş “Liseyçilər işi” idi. Bu iş üzrə 150-dən çox adam - İmperator Aleksandr liseyinin məzunu və onların yaxın adamları - həbs edilmişdi. Onlar liseyin əsasının qoyulduğu 19 oktyabr gününü qeyd etməyə, qarşılıqlı yardım kassası yaratmağa və vəfat etmiş liseyçilər üçün anım mərasimləri təşkil etməyə cəsarət etmişdilər; bu mərasimlərin birində çar ailəsinin üzvləri də yad edilmişdi. Ümumilikdə 81 nəfər repressiyaya məruz qaldı. OQPU kollegiyasının qərarı ilə 27 nəfər, o cümlədən çar Rusiyasının sonuncu baş naziri Nikolay Qolitsın güllələndi. 25 nəfər müxtəlif müddətli həbs cəzası aldı, 29 nəfər isə sürgünə göndərildi.
Oxşar xarakter daşıyan “Semyonov işi” 1931-ci ildə keçirildi. Bu dəfə 1905-ci ildə Presnya üsyanını yatıran, 1919-cu ildə isə bir hissəsi ağların tərəfinə keçən Semyonov alayının 21 keçmiş zabit və unter-zabiti həbs olundu. Onlardan 11-i güllələndi.
“Semyonov işi” bu gün OQPU tərəfindən yaradılmış genişmiqyaslı “Bahar” işinin bir hissəsi kimi qiymətləndirilir. Məqsəd Qırmızı ordunu keçmiş çar zabitlərindən təmizləmək idi. Repressiyaların miqyası heyrət doğurmaya bilməz: tarixçilərin minimal hesablamalarına görə, 1930–1931-ci illərdə 3 mindən çox insan həbs edilmiş, min nəfərdən artıq hərbçi, o cümlədən Qırmızı ordunun ali komandir heyətinin nümayəndələri güllələnmişdi. Bu kütləvi aksiyanın qurbanlarının tam siyahısı indiyədək məlum deyil. Proseslər açıq keçirilməsə də, Leninqrad sakinlərinin xatirələrindən görünür ki, onlar haqqında məlumat şəhər əhalisi arasında yayılırdı.
1929–1931-ci illərə aid edilən dəhşətli “Akademik iş” isə ziyalıların itaətə məcbur edilməsi məqsədi daşıyırdı. Leninqradda Elmlər Akademiyasının arxivində və Puşkin Evində guya gizli sənədlərin, o cümlədən II Nikolayın taxtdan imtinasına dair materialların saxlanılması və bir sıra partiya namizədlərinin akademik seçilməməsi səbəb göstərilirdi. Bu illərdə SSRİ EA-da genişmiqyaslı “təmizləmə” aparıldı, minədək əməkdaş işdən çıxarıldı. “Akademik iş” üzrə 100-dən artıq şəxs, əsasən humanitar sahə mütəxəssisləri, akademiklər və müxbir üzvlər Nikolay Lixaçev, Matvey Lyubavski, Sergey Rojdestvenski, Yuri Qotye, Sergey Baxruşin, Dmitri Yeqorov, Vladimir Beneşeviç həbs edildi. Tarixçi akademik Sergey Platonov Kazana sürgün olundu, akademik Yevgeni Tarle isə Leninqraddan Alma-Ataya göndərildi və iki il orada yaşadı. Təkcə OQPU-nun 8 avqust 1931-ci il tarixli bir qərarı ilə 29 tanınmış alim müxtəlif müddətli həbs və sürgün cəzalarına məhkum edildi.
Stalinin rejissorluğu ilə
Stalinin əlində hakimiyyətin cəmlənməsi, sürətləndirilmiş sənayeləşmə və kollektivləşmənin hazırlanması və başlanması sənayenin və kənd təsərrüfatının demək olar ki, bütün sahələrində “ziyanvericilik” və sui-qəsdlərlə bağlı yüzlərlə böyük və kiçik işlə müşayiət olunurdu. Bu işlər istənilən texniki və təsərrüfat çətinliyinin günahını mühəndislərin və mütəxəssislərin üzərinə atmağa imkan verirdi. İlk belə proseslərdən biri kömür sənayesində “mütəxəssislərin ziyanvericiliyi” ilə bağlı 1927–1928-ci illərin “Şaxta işi” oldu. Donbas kömür sənayesinin 53 rəhbər və mütəxəssisi sahənin inkişafını qəsdən sabotaj etməkdə ittiham edildi. Texnoloji problemlər, avadanlıqların köhnəlməsi və qəzalar OQPU və Siyasi büro tərəfindən “xaricdə fəaliyyət göstərən keçmiş sahiblərin iştirakı ilə genişmiqyaslı sui-qəsd” kimi təqdim olunmuşdu. Halbuki tarixçi Sergey Krasilnikovun araşdırdığı təxminən üç yüz arxiv-istintaq işində bu “gizli təşkilatın” uzunmüddətli fəaliyyətini və mühacirlərlə gizli əlaqələrini təsdiqləyə biləcək bircə maddi sübut belə tapılmadı.
Bu, OQPU-ya həbs olunanların şəxsi “etirafları” və özlərini ifşa etmələri əsasında məhkəmə ssenarisi qurmağa mane olmadı. Nəticədə 11 nəfər güllələnməyə məhkum edildi, onlardan beşi edam olundu, 6 nəfərin cəzası 10 il düşərgə həbsi ilə dəyişdirildi. Dörd nəfər (ikisi Almaniya vətəndaşı idi) bəraət aldı, daha dörd nəfər (biri alman idi) şərti cəza aldı. 10 nəfər 1 ildən 3 ilə, 21 nəfər 4 ildən 8 ilə, daha üç nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edildi.
Pariyanın Siyasi bürosu “Şaxta prosesi”ndən köhnə texniki ziyalılarla mübarizədə maksimum istifadə etməyə çalışırdı. Təbliğat onları partiya direktivlərinə qarşı çıxmayan, məsələn, texnoloji qaydaların pozulmasından çəkinməyən “yeni sovet mühəndisləri” ilə üz-üzə qoyurdu. Amma reallıqda təcrübəli mütəxəssislərsiz keçinmək mümkün deyildi. Məsələn, mühəndis Nikolay Çinakal “Şaxta prosesi”ndə 6 il düşərgəyə məhkum edildi. 1930-cu ildə o, “xüsusi büro”ya (yəni “şaraşka”ya) köçürüldü, 1931-ci ildə “Kuzbassugol” kombinatına mühəndis göndərildi, 1933-cü ildə isə azad olundu. 1943-cü ildə Tomskda işləyərkən professor Çinakal Stalin mükafatına layiq görüldü, daha sonra Sosialist Əməyi Qəhrəmanı və SSRİ Elmlər Akademiyasının müxbir üzvü oldu. Lakin bu, daha çox nadir bir hal idi. Bir çox dağ-mədən mühəndisləri həbsdə həlak oldular və ya 1937–1938-ci illərdə güllələndilər.
Guya professor Leonid Ramzinin başçılıq etdiyi mütəxəssislər tərəfindən hakimiyyətin ələ keçirilməsinə hazırlıqla bağlı “Sənaye partiyası (Prompartiya) işi” 1930-cu ildə keçirilmiş daha bir açıq proses idi. Bu prosesə mühəndis-texniki sahənin 8 aparıcı professoru çıxarılmışdı. Onlar guya çevriliş etmək və burjua hökuməti qurmaq istədiklərini “etiraf etdilər”. Bu hökumətin başında isə hələ məhkəmədən əvvəl güllələnmiş mühəndis Palçinski və hələ “Sənaye partiyası”nın yaradıldığı iddia olunan tarixdən əvvəl vəfat etmiş mühacir sənayeçi Ryabuşinski dayanmalı imiş.
Həbs olunanların ən ağlasığmaz “etirafları”, görünür, qaçılmaz idi. Stalin bu iş üzrə istintaqa şəxsən rəhbərlik edirdi. O, OQPU sədri Vatslav Menjinskiyə yazdığı məktubda “xarici müdaxilənin hazırlanması məsələsini qabartmağı” təklif edir və bunu möhkəmləndirmək üçün “Sənaye partiyası”ndan Lariçevin və digərlərinin “ən sərt şəkildə dindirilməsini”, əvvəlcədən isə onlara Ramzinin ifadələrini oxutmağı tələb edirdi. Stalin həmçinin OQPU-nun uydurduğu digər təşkilatların rəhbərlərinə də təzyiq göstərilməsini istəyirdi: mövcud olmayan “Menşeviklərin İttifaq Bürosu”nu “təmsil edən” iqtisadçı Qromanı “ən sərt şəkildə dindirmək”, habelə Lubyankada uydurulmuş “Əməkçi Kəndli Partiyası”nın guya rəhbərləri olan Kondratyev, Yurovski və Çayanovu “sıradan keçirmək”.
“Sənaye partiyası”nın beş “lideri” (Ramzin, Lariçev, Kalinnikov, Çarnovski, Fedotov) əvvəlcə güllələnməyə, üç nəfər (Kupriyanov, Oçkin və Sitnin) isə 10 il həbs müddətinə məhkum edildi. Sonradan hakimiyyət onların genişmiqyaslı özünüifşalarını “mükafatlandıraraq” hamısının həyatını bağışladı: beş nəfərə 10 il, qalan üç nəfərə isə 8 il islah-əmək düşərgəsi cəzası verildi. Ramzin sonradan “şaraşka”da çalışdı, vaxtından əvvəl azad edildi və ordenlə təltif olundu. Lakin 1940-cı illərdə Elmlər Akademiyasına seçkilərdə onun namizədliyi rədd edildi. Bu proses zamanı məhkəmə zalında bir şahid – professor Pyotr Osadçıy da həbs olundu. Sonradan o, güllələnməyə məhkum edildi, lakin cəza 10 il düşərgə ilə əvəz olundu və o, bunun beş ilini çəkdi.
“Sənaye partiyası” aid əsas proseslə yanaşı yalançı üzvlər üzərində qapalı sahəvi və regional proseslər keçirilirdi. Bu işlərdə mütəxəssislər kömür, neft, toxuculuq, meşə, balıq, ərzaq, sement, energetika, elektrotexnika sənayesi, yanacaq təchizatı sahələrində və Dəmiryolları Xalq Komissarlığında “ziyanvericilik”də ittiham olunurdular. Bu cür işlərin hər birində mütləq güllələnmə hökmü də olurdu. “Sənaye partiyası” ilə bağlı saxtalaşdırılmış işlər üzrə ümumilikdə iki mindən çox insan həbs edildi. Təkcə “Uraluqol” işi üzrə istintaq yüzə yaxın mütəxəssisi “ziyanvericilikdə” günahlandırmışdı. “Şaxta prosesi”ndə olduğu kimi, məqsəd köhnə mütəxəssisləri nümayişkaranə şəkildə qorxutmaq idi. Çünki onlar sürətləndirilmiş sənayeləşmənin nə qədər müdhiş qiymətə və nə qədər lazımsız qurban bahasına həyata keçirildiyini çox yaxşı anlayırdılar.
1931-ci ildə keçirilmiş “RSDFP MK-nın Menşeviklər İttifaq Bürosu” ilə bağlı açıq proses də mahiyyətcə buna bənzər idi. Aparat işçiləri sırasından olan təqsirləndirilən şəxslərə belə “etiraf etmələri” tapşırılmışdı ki, guya onlar “xarici müdaxiləyə ümid bağlamış, öz fəaliyyətlərində ziyanvericilik və orduda dezorganizasiya metodlarından istifadə etmiş, Qərbin hakim dairələri ilə əlaqə saxlamış və mühacir “Torqprom” ittifaqından maddi dəstək almışdılar”.
Bu tamaşanın iştirakçıları çoxdan menşeviklər partiyasını tərk etmiş iqtisadçılar və planlaşdırma mütəxəssisləri, Dövlət Bankı və kooperasiya sisteminin əməkdaşları idi. Onların arasında Vladimir Qroman və Nikolay Suxanov kimi tanınmış iqtisadçılar da vardı. Həbs olunanlardan yalnız Vladimir İkov xaricdəki RSDFP(m) xadimləri ilə qeyri-müntəzəm əlaqə saxlayır və menşevik mətbuatını alırdı.
İqtisadçı Mixail Yakuboviçin xatirələrinə görə, istintaq altında olanlara həm cəzanın yüngülləşdiriləcəyi vədləri verilir, həm də işgəncələr tətbiq edilirdi – təkadamlıq kameralarda təcrid, görüş və sovqatların qadağan edilməsi, yuxudan məhrumetmə, isti və ya buz kimi soyuq karserlərə salınma, döymələr, güllələnmə hədələri: “Fiziki təsir metodları ilə “ağıllanmağa gəlməyə məcbur edirdilər” – döyürdülər (üzə, başa, cinsiyyət orqanlarına vurur, yerə yıxıb tapdalayır, boğazdan sıxırdılar və s.), konveyer üsulu ilə yuxusuz saxlayır, karserə salırdılar (yarıçılpaq və yalınayaq şaxtada və ya pəncərəsiz dözülməz dərəcədə isti kameralarda)”.
Mixail Yakuboviç yalnız prokuror Nikolay Krılenkonun birbaşa təklifi ilə prosesdə çıxış etməyə razılaşdı. Krılenko onu “partiyaya kömək etməyə” çağıraraq demişdi: “Şəxsən sizin heç bir günahınızın olmadığına şübhə etmirəm. Biz ikimiz də partiya qarşısında borcumuzu yerinə yetiririk – mən sizi kommunist hesab etmişəm və edirəm. Mən ittihamçı olacağam, siz isə istintaqda verilmiş ifadələri təsdiqləyəcəksiniz. Bu, bizim partiya borcumuzdur”.
İqtisadçı İsaak Rubin isə 1935-ci ildə sürgündə onu ziyarət edən bacısına demişdi ki, döyülmələrdən və psixoloji təzyiqdən sonra xəstələnib, gözləri qarşısında iki dustağın güllələnməsindən sonra isə istənilən ifadəni verməyə razı olub. OQPU tərəfindən həbs edilmiş təxminən 120 nəfərdən yalnız 14 nəfəri özünüifşa ilə “menşevik prosesi”nə çıxarmağa nail oldular; onlardan tələb edildiyi kimi “roman yazmağa” – bunu belə adlandırırdılar – hazır idilər. Proses başlamazdan əvvəl təqsirləndirilənlərlə məhkəmənin “rejissorları” arasında müstəntiq Dmitriyevin kabinetində görüş keçirilmiş, çıxışların məşqi aparılmışdı. Məhkəmədə planlaşdırıldığı kimi bütün təqsirləndirilənlər ziyanvericilikdə, əksinqilabi təşkilatda iştirakda, xarici burjuaziya ilə əlaqədə günahkar elan edildilər və 5 ildən 10 ilə qədər müddətə “siyasi izolyatorlar”a məhkum olundular. Onların əksəriyyəti 1930-cu illərin sonlarında güllələndi.
Stalin “Əməkçi Kəndli Partiyası” işi üzrə açıq proses keçirmədi, yalnız istintaq altındakı şəxslərin ayrı-ayrı ifadələrinin və özünüifşalarının dərc edilməsi ilə kifayətləndi. Bu ifadələr arasında Aleksandr Çayanov kimi tanınmış aqrarların, eləcə də iqtisadçı Nikolay Kondratyevin ifadələri də vardı. Kondratyev isə yeganə şəxs idi ki, onu “RSDFP MK-nın Menşeviklər İttifaq Bürosu” prosesində ittiham tərəfinin şahidi kimi çıxış etməyə məcbur etmişdilər. Görünür, bu, onun beşillik planın real icrasına dair açıq şübhələrinə və ölkədə ərzaq çatışmazlığı ilə bağlı doğrulmuş proqnozlarına görə bir cəza idi.
26 yanvar 1932-ci ildə OQPU kollegiyası professor-aqrarlar Nikolay Kondratyevin, Nikolay Makarovun, Leonid Yurovskinin 8 il müddətinə, Aleksandr Çayanovun, Aleksey Doyarenkonun və Aleksandr Rıbnikovun isə 5 il müddətinə düşərgəyə göndərilməsi barədə qərar qəbul etdi. Digər yeddi alim isə 3 il müddətinə düşərgə cəzası aldı, bu cəza sürgün və ya deportasiya ilə əvəz olundu. Ölkədə kənd təsərrüfatı elmi darmadağın edildi. “Sənaye Partiyası” ilə olduğu kimi, “Əməkçi Kəndli Partiyası”nın “vilayət” təşkilatları haqqında işlər də kütləvi şəkildə saxtalaşdırıldı. Aqronomlar, kooperasiya işçiləri, iqtisadçılar, bioloqlar həbs olunurdu. Natamam məlumatlara görə, “ƏKP” işi ilə bağlı yalnız əyalətlərdə 1300-ə yaxın insan həbs edilmişdi və onların bir çoxu həbsxanalarda və düşərgələrdə həlak olmuşdu.
Texniki mütəxəssislərə qarşı kütləvi repressiyalar Stalin tərəfindən kənd təsərrüfatının kollektivləşdirilməsi prosesi ilə paralel başlandı; bu proses qolçomaqsızlaşdırma — yəni varlı təsərrüfatlarının talan edilməsi, dözülməz vergini ödəmədiklərinə və ya dövlətə taxıl tədarükü üzrə artırılmış planı yerinə yetirmədiklərinə görə onların əmlakının müsadirə olunması — ilə müşayiət olunurdu. Kollektiv təsərrüfatlara “qolçomaq” sayılanlar və onların əlaltıları qəbul edilmirdi. Şəhərə qaçaraq aclıqdan və repressiyalardan xilas olub iş tapanların, tikinti işlərinə düzələnlərin bəxti gətirirdi. Dövlətin “qolçomaq”lara qarşı standart zorakı üsulları: Ailə başçısını meşə kəsməyə göndərmək, bütün ailəni uzaq bölgələrə köçürmək, bəzən isə bütün xutoru, kəndi, stanitsanı, demək olar, açıq sahəyə çıxarmaq idi - kifayət qədər ərzaq verilmədiyindən kəndlilər aclıq və xəstəlikdən ölürdü. Ən ehtiyatlı təxminlərə görə, ölənlərin sayı yüz minlərlədir.
Köçürülmə prosesi rayon və vilayət səviyyəsində ibrətamiz məhkəmələrlə müşayiət olunurdu. Burada yalnız müqavimət göstərməyə cəsarət edənlər deyil, həm də kolxoz layihəsinə etiraz edənlər “sabotajçı” adı altında cəzalandırılırdı. Birinci beşilliyin obyektləri məhbusların məcburi kölə əməyilə tikilirdi; Belomor kanalı və Kuznetskstroy kimi tikintilərdə çalışanların dörddə üçünü məhz onlar təşkil edirdi. Kirov isə SSRİ rəhbərliyinin üzvü kimi bu cür siyasətə birbaşa məsuliyyət daşıyırdı: o, bunu Leninqradın və ona tabe olan Şimal-Qərb ərazisinin başçısı, eləcə də ÜK(b)P Siyasi Bürosunun üzvü kimi həyata keçirirdi.
Şaxta, Sənaye Partiyası, Əməkçi Kəndli Partiyası, Menşeviklər bürosu işləri köhnə kadrları hətta texniki sahədə qərar qəbul etmədən uzaqlaşdırmaq üçün zəmin hazırladı. Eyni zamanda, işçilərin vəziyyəti get-gedə pisləşirdi, qiymətlər artırdı, istehsal normaları yenidən nəzərdən keçirilirdi, müəssisədən müəssisəyə keçidi məhdudlaşdıran qanunlar qəbul olunurdu. 1930-cu illərin sonlarına doğru gecikmə və işə çıxmama üçün cinayət məsuliyyəti tətbiq olundu. Faktiki, işçilərin müəssisələrə təhkim olunması baş verirdi.
Başqa informasiya mənbələrinə çıxışı olmayan əhali bu cür müntəzəm açıq məhkəmə prosesləri təcrübəsi nəticəsində heç vaxt yanılmayan “orqanlar”ın istənilən, hətta ən inanılmaz ifşalarına və indi guya bolşevik partiyasının sıralarında belə fəaliyyət göstərən “xalq düşmənləri”nin qurduqları sui-qəsdlər haqqında xəbərlərə inanmağa alışdı.
“Yoxsa bu, onuncu nəsilə qədər qisasdır?”
Yazıçı Anatoli Levitin-Krasnov Kirovun öldürülməsindən sonra Leninqradda, NKVD binası yaxınlığında 1935-ci ilin əvvəlində yaranmış vəziyyəti belə xatırlayır: “Sürgün edilənlərə baxmaq üçün Şpalernaya küçəsinə getdim. O günü heç vaxt unutmaram. Hələ Şpalernaya küçəsinə çatmamış, təxminən 70 yaşlarında, çox yaxşı cəmiyyətdən olduğu görünən bir qoca xanım gördüm. O, podaqradan əziyyət çəkən ayaqları ilə güclə yeriyirdi; əlində isə yaşıl kağız tutmuşdu. Yolda rast gəldiyi tanışlara ucadan şikayət edirdi ki, ona 24 saat ərzində Başqırdıstana köçməsi təklif olunub. Şpalernaya küçəsinə bitişik bütün küçələr eyni cür yaşlı insanlarla dolu idi. Sifətləri əyilmiş, gözəl ədalı, əşyalarla yüklənmiş halda... Liteynı rayonu aristokrat malikanələrinin yerləşdiyi ərazi idi və bu malikanələrin sağ qalmış sahiblərinin çoxu öz keçmiş evlərinin qulluqçu otaqlarına və zirzəmilərinə sığınmışdı. İndi isə hamısı getməli idi. Hara? Niyə? Məlum deyildi.
Nəhayət, Şpalernaya küçəsinə çatdım, böyük çətinliklə qəbul otağına soxuldum. İlahi! Burada gördüyüm mənzərə... İnsanlarla ağzına qədər dolu böyük zal. Belə dəhşəti, belə ümidsizliyi heç vaxt görməmişdim. Qayda belə idi: adamı həbs edirdilər; iki gündən sonra buraxırdılar, amma pasportla NKVD-yə gəlməsini tapşırırdılar; pasportu alır, əvəzində isə 24 saat ərzində müəyyən olunmuş yerə getmək barədə göstəriş verirdilər (mənim o qoca xanımın əlində gördüyüm yaşıl kağız da məhz bu idi).
Qəbul otağında çoxlu keçmiş zabit var idi. Bu, hərbi duruşlarından və formanın qalıqlarından hiss olunurdu. Onlar özlərini bilərəkdən gümrah aparır, hətta bir-biri ilə zarafat edirdilər, lakin üzlərində qorxu və ümidsizliyi açıq-aydın görürdüm. Yadımdadır, təxminən əlli yaşlarında bir qadın — görünür, vaxtilə çox gözəl olub, hələ də əvvəlki gözəlliyindən izlər qalırdı — belə şikayət edirdi: “Bizi anladıq, bəs uşaqlarımız, nəvələrimiz nəyə görə? Bu nədir, onuncu nəslədək intiqamdır, ya nə?”
Yaxınlıqda tipik mirzə simalı bir qoca dayanmışdı, deyirdi: “Heç ağlıma gəlməzdi ki, mənə də toxunarlar. Məsul vəzifələrdə işləmişəm, rayon təhsil şöbəsinin dəftərxanasına rəhbərlik etmişəm, indi isə...” Bir arıq-sısqa qadın ucadan ərizə oxuyurdu, orada sürgünün təxirə salınmasını xahiş edirdi, çünki vərəm xəstəsi idi. Yaxşı geyinmiş bir adam — yəqin ki, mühəndis — çıxdı dedi ki, onu Həştərxana sürgün edirlər, amma çekist inandırıb ki, orada ona çox yaxşı olacaq, “bu əvvəlki sürgün deyil”. Buna cavab olaraq acı gülüş səsləndi. Doğrudan da, bütün bu bədbəxt insanlar ucqar, kimsəsiz yerlərə bölünmüşdü və iki ildən sonra (1937-ci ildə) onlar ilk həbs edilənlərdən oldular və demək olar ki, hamısı düşərgələrdə həlak oldu”.
Kirovun ölümündən əvvəl və dərhal sonra uydurulmuş siyasi işlər Stalinin repressiyaların növbəti mərhələsi – Böyük terror üçün mənəvi-psixoloji zəmin yaratdı. Stalinin nəzərində potensial narazı sayılan bütün təbəqələr hədəfə çevrilirdi: cəzasını çəkmiş kəndlilər, reemiqrantlar, guya qeyri-loyal millətlərin nümayəndələri (almanlar, polyaklar, latışlar). Lakin Kirovun qətlindən sonra məhv etmək üçün yeni hədəf 1917-ci ildən bəri hakim olan idarəçi, bürokratik bolşevik elitasının da əhəmiyyətli bir hissəsi oldu. Diktatorla “dialoq aparmaq hüququ” olan şəxslərin dairəsi kiçik bir xüsusi yaxınlar qrupu ilə məhdudlaşdı.
Kirovun ölümü Stalinin qarşısında siyasi meydanı “xalq düşmənləri”nə qarşı sinfi sayıqlığın artırılması bəhanəsilə total təmizləmək imkanı açdı. Bu kateqoriyaya artıq təkcə Trotskinin və ya Zinovyevin keçmiş tərəfdarları deyil, onlarla istər-istəməz təmasda olmuş bütün köhnə partiya işçiləri təbəqəsi də daxil edilə bilərdi.
Özünü böyük inqilabi qisasçı hesab edən dəli Leonid Nikolayevin atdığı güllə repressiyalar selini hakimiyyətin zirvəsindən aşağıya doğru buraxdı. Stalinizmin qorxusu, sui-qəsd vahiməsi yejovşina dövrünün dəhşətli dövlət terroruna çevrildi. 1 dekabr 1934-cü ildə Kirovun qətli olmasaydı, ümumiləşdirilmiş şəkildə “otuz yeddinci il” adlandırılan, təkcə 1937–38-ci illərdə 700 min nəfərin güllələndiyi və milyonlarla insanın QULAQ düşərgələrinə salındığı o faciə mümkün olmazdı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada