Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Azadlıq şəhidi: iki aylıq baş nazir necə ikonaya çevrildi?
Müstəmləkəyə qarşı çıxan qəhrəmanın adını istilaçı rejim əbədiləşdırdı...

İyulun 2-də Patris Lumumbanın anadan olmasının 100 ili tamam oldu. Müstəqil Konqonun ilk baş naziri olan Lumumba dekolonizasiya prosesinin ikonası hesab olunur. Bu, onun nailiyyətlərinə görə deyil: o, çox az ömür sürdü və demək olar ki, heç nə etməyə macal tapmadı. O, şəhiddir: daha çox həyatdakı fəaliyyətinə görə deyil, ölümünün şərtlərinə görə qəhrəman sayılır. Bu status çox vaxt onun real insan və siyasi xadim cəhətlərini kölgədə qoyur. 

Patris Lumumba cəmi 35 il yaşadı. Bu ömrün sadəcə beş ili siyasi fəaliyyətinə təsadüf etdi. Lumumbanın nəzəri irsi 400 səhifəlik bir kitaba sığır; onun da 50 səhifəsi Jan-Pol Sartrın ön sözüdür.

Lumumba “millət atası” deyildi: Konqo müstəqilliyi ideyasını o irəli sürməmişdi, müstəqillik hərəkatını əsasını o qoymamışdı və hərəkatı qələbəyə aparan da o (və ya yalnız o) olmamışdı. Rəsmi olaraq Lumumba Konqonun ilk baş naziri oldu, lakin ölkəni idarə etməyə faktiki macal tapmadı. Onun nə vətəndaş müharibəsinin qarşısını almağa siyasi nüfuzu və bacarığı, nə də həmin müharibədə qalib gəlməyə gücü çatdı. Son nəticədə, onun qurbanına çevrildi.

Lumumbanın əsas siyasi əməli 1960-cı il iyunun 30-da Konqonun müstəqilliyinin elan olunması zamanı Leopoldvil (indiki Kinşasa) şəhərinin Millət sarayında etdiyi qısa çıxış oldu. 

O çıxışda xüsusi nə olduğunu anlamaq üçün konteksti bilmək vacibdir. 1960-cı il “Afrika ili” idi. Bu termini Qərb siyasətçiləri, jurnalistləri və alimləri düşünmüşdülər — onlar qitədə dekolonizasiyanı və bir çox yeni müstəqil dövlətlərin yaranmasını gözləyirdilər. İkinci Dünya müharibəsindən sonrakı on beş il ərzində kolonial imperiyalar dağılmağa başlamışdı: artıq İndoneziya, Filippin, Kamboca, Laos, Hindistan, Pakistan, Birma (Myanma), Liviya müstəqillik qazanmışdı. Növbə Afrikaya çatmışdı.

Britaniyanın baş naziri Harold Makmillan 1960-cı ilin yanvar ayını Afrika koloniyalarında turnedə keçirdi. Fevralın 3-də isə Cənubi Afrika parlamentində etdiyi məşhur çıxışında bəyan etdi: “Qitədə dəyişiklik küləyi əsir. Bizə xoşdur, ya yox, [Afrika ölkələrində] milli özünüdərk səviyyəsinin yüksəlməsi – siyasi faktdır”.

1960-cı il ərzində 17 Afrika ölkəsi, o cümlədən iki ən böyük olanı — Nigeriya (Britaniyadan) və Konqo-Leopoldvil (Belçikadan) müstəqillik qazandı. Avropa dövlətləri üçün əsas məsələ ondan ibarət idi ki, dekolonizasiya üsyanlar fonunda deyil, metropoliya ilə koloniyalar arasında siyasi razılaşmalar nəticəsində baş versin. Bu jest onların qitədəki kolonial siyasətinin müəyyən mənada davamı idi. Qərb ölkələri özlərini “mədəniyyət daşıyıcıları” kimi görürdülər — guya onların sayəsində “geri qalmış” afrikalı xalqlar siyasi və iqtisadi təşkilatlanma əldə etmiş, “böyümüş” və indi müstəqil həyata hazır olmuşdular. 

Konqo-Leopoldvilin müstəqilliyinin elan olunması mərasimi də məhz bu ruhda keçirildi. Tədbirdə Belçika kralı Boduen çıxış etdi. O, Konqoya sivilizasiya gətirmiş bir dahi kimi öz babasının əmisi — II Leopoldu təriflədi. Halbukı Leopold 1885–1908-ci illərdə Konqonu şəxsi kauçuk (rezin) plantasiyası kimi idarə edirdi, orada sərt irqi ayrı-seçkilik və məcburi əmək sistemi tətbiq olunmuşdu — bu isə faktiki olaraq köləlikdən fərqlənmirdi. 

Kauçuk normasını yerinə yetirməyən insanları döyür, əllərini kəsir və ya güllələyirdilər. Konqodakı vəhşiliklər artıq XIX əsrin sonunda transatlantik kölə ticarəti və ABŞ-dakı köləliklə yanaşı “bəşəriyyətə qarşı cinayətlər” adlandırılmağa başlamışdı — bu anlayış sonradan beynəlxalq hüquqa da daxil edildi. 

Boduenin ardınca Konqo prezidenti Jozef Kasavubu çıxış etdi. O, son on il ərzində müstəqillik hərəkatının liderlərindən biri olmuşdu. 

Kasavubu kral Bodueni təşəkkürlə yad etdi və Konqo ilə Belçika arasında gələcəkdə mehriban münasibətlərin olacağına ümid etdiyini bildirdi. Kasavubu, əlbəttə, anlayırdı ki, kralın çıxışı da, onun öz çıxışı da, ümumilikdə bütün bu mərasim – tam bir ikiüzlülük idi. Amma o, praqmatik idi və keçmiş metropoliya ilə münasibətləri korlamaq istəmirdi: çünki Belçika hələ də ölkəsinə və şəxsən ona çox şey verə bilərdi: sərmayə, texnologiya və siyasi dəstək baxımından.

Və bundan sonra söz Patris Lumumbaya verildi. Onun çıxışı ikiüzlülükdən tamamilə uzaq idi. O, “mədəniyyət gətirmə missiyası” kimi təqdim olunan nağılvari mənzərəni qətiyyətlə rədd etdi. O dedi: “Biz qul kimi işlədilmişik. Sadəcə zənci olduğumuza görə səhərdən axşama qədər təhqirlərə, alçaltmalara, döyülmələrə məruz qalmışıq. Kim unuda bilər ki, qaradəriliyə “sən” deyirdilər – dost kimi yox, ona görə ki, nəzakətli “siz” müraciəti yalnız ağlar üçün idi? Biz yaxşı xatırlayırıq: şəhərlərdə ağlar üçün möhtəşəm binalar, qaralar üçün isə uçuq daxmalar vardı; qaraları “Avropasayağı” hesab edilən kinoteatrlara, restoranlara və mağazalara buraxmırdılar. Nəhayət, kim unuda bilər qardaşlarımızın edam və güllələnmələrini, ya da hüquqsuzluq, əsarət və istismar rejiminə daha boyun əymək istəməyənlərin mərhəmətsizcə zindanlara atılmalarını?”

Lumumba israr edirdi ki, belçikalıların çıxıb getməsi sülh yolu ilə baş verməyib. Bu, konqoluların azadlıq uğrunda apardığı uzun və qanlı mübarizənin nəticəsi idi.

Bəlkə bu çıxışı da praqmatik saymaq olar, amma başqa mənada. Lumumba və Kasavubu siyasi rəqiblər hesab olunurdular. Lumumbanın partiyası ölkə parlamentində ən böyük fraksiya idi, Kasavubunun partiyası isə hakim koalisiyada kiçik tərəfdaş rolu ilə qane olmalı idi. Lakin şəxsən Kasavubu Lumumbaya nisbətən daha böyük nüfuza malik idi: o, ondan on yaş böyük və bir o qədər də təcrübəli idi. 

Bundan başqa, Kasavubunun partiyası etnik əsaslı idi: ilk növbədə konqo (bakongo) xalqının maraqlarını müdafiə edirdi. Ölkədə heç vaxt dominant etnik qrup olmayıb, indi də yoxdur: heç biri əhalinin 8 faizindən çoxunu təşkil etmir. Kasavubu federasiya prinsipini müdafiə edirdi. O düşünürdü ki, indiki Konqo — müstəmləkəçilər tərəfindən yaradılmış süni dövlətdir. Bu ölkə əslində dil, mədəniyyət, mənşə və həyat tərzinə görə birləşən tayfa və xalqlardan ibarətdir. Və yalnız bu təbii icmaların ittifaqı kimi ölkə birliyi qoruna bilər.

Lumumba isə etnik millətçiliyi rədd edir, vətəndaş millətçiliyi və panafrikanizmi müdafiə edirdi. Bəli, Konqo müstəmləkəçilər tərəfindən yaradılmış süni dövlətdir. Amma artıq yaradılıb. Lumumbaya görə, 100 illik Avropa müstəmləkəçiliyindən sonra keçmiş etnik fərqlərin mənası qalmayıb. İndi Konqoda və ümumiyyətlə Afrikada “biz” — bir tayfaya və ya xalqa mənsub olanlar yox, əsrlər boyu dərisinin rənginə görə kölə edilmiş, sıxışdırılmış və alçaldılmış insanlardır. İdentiklik “doğma—yad” ayırımı üzərində qurulursa, o zaman qaradərili afrikalıların hamısı bir-birinə doğmadır. 

Bu mövqedən çıxış edən Lumumba prinsipial olaraq nə mənsub olduğu tetela xalqına, nə də digər etnik qruplara arxalanmaq istədi — yalnız siyasi millət kimi konqolulara. Bu səbəbdən də o, Konqonun federallaşdırılmasının prinsipial əleyhdarı idi.

Bu yanaşma 1960-cı ildə Lumumbaya geniş dəstək qazandırdı. Onun müstəqillik mərasimindəki çıxışı da belçikalılara yox, ilk növbədə konqolulara ünvanlanmışdı. Bu çıxış onların müstəmləkəçilərə qarşı formalaşan və əvvəlki identiklikləri özündə həll edən ümumi identikliklərinə çağırış idi. 

Lumumbanın siyasi platformasının ikinci əsas elementi Sovet İttifaqının iqtisadi inkişaf modelinə yönəlmək idi. Xarici siyasətə gəldikdə, Lumumba “qoşulmama” prinsipini bəyan edirdi — yəni Qərb və sovet blokları arasında qarşıdurmada Konqonun bu və ya digər tərəfə qoşulmasını istəmirdi. Lakin daxili iqtisadi siyasətdə o, sosializmə meylli idi. Sovet terminologiyası ilə desək, “milli burjuaziya” Konqoda demək olar yox idi. Sənayeləşməyə investisiya qoyacaq kimsə yox idi, dövlətdən başqa. Üstəlik, SSRİ-də 1950–60-cı illərin keçid dövrü — sürətli iqtisadi artım dövrü idi. O zamanlar hətta bir çox Qərb iqtisadçıları planlı iqtisadiyyatın bazardan daha səmərəli olmasından şübhələnirdilər.

Panafrikanizm, qoşulmama, sosializm, antiqərbçilik — məhz həmin dövrdə “üçüncü dünya” adlandırılmağa başlanan ölkələr üçün standart ideoloji “paket” idi (bəzən panafrikanizm yerinə panərəbizm də ola bilərdi). Lumumbanın qlobal antikolonial hərəkata şəxsi töhfəsi isə bu doktrinanı formalaşdırması və ya onu həyata keçirməkdə hansısa uğurları ilə bağlı deyil. 

Əslində, Lumumba heç bir uğur əldə etmədi. Müstəqillik elan olunar-olunmaz Konqo böhranı başladı — adı ilə desək, vətəndaş müharibəsi idi. baş nazir postunda iki aydan bir az çox qaldı: 1960-cı ilin sentyabrında hakimiyyətdən uzaqlaşdırıldı, 1961-ci ilin yanvarında isə öldürüldü.

Lumumbanın ölümündən dərhal sonra yayılmağa başlayan əfsanələrin əksinə olaraq, onu Belçikanın, ya da ABŞ-ın göstərişi ilə öldürməyiblər. Hər ikisi, əlbəttə, onun aradan götürülməsini istəyirdi: bir tərəfdən onu anlaşmaq mümkünsüz, digər tərəfdən isə sovet təsiri altına düşmüş biri kimi görürdülər. ABŞ prezidenti Duayt Ayzenhauer bağlı qapılar arxasında Lumumbanın “timsahlarla dolu çaya düşməsini” arzuladığını deyirdi.

Lakin Lumumbanı Qərb xüsusi xidmət orqanlarının agentləri yox, vətəndaş müharibəsindəki rəqibləri öldürdülər. Konqoda qalan belçikalı hərbçilər onlara yardım etsələr də, təşəbbüs onlardan qaynaqlanmamışdı və Belçika hökuməti bu qətldə ancaq assosiativ cəhətdən günahkar idi. Artıq 2000-ci illərdə Belçika Lumumbanın qətlində “mənəvi məsuliyyətini” etiraf etdi.

Lumumbanın dekolonizasiya uğrunda mübarizəyə şəxsi töhfəsi — onun müstəqillik mərasimindəki çıxışında nümayiş etdirdiyi ehtiras, barışmazlıq və qəzəb idi. Təcrübəli praqmatiklər adətən praktik nəticələrə nail olur — radikal idealistlər isə çox vaxt ikonaya çevrilirlər. Lumumba dekolonizasiyanın şəhidinə çevrildi, onu öldürən isə — Konqo böhranının çox dolaşıq vəziyyətini bir kənara qoysaq — imperializm oldu. Bu zaman Lumumba özünün doğma Konqosunda ölümündən sonra da birləşdirici bir simvola çevrilmədi.

***

1960-cı ildə — “Afrika ili”ndə — Moskvada Xalqlar Dostluğu Universiteti açıldı. O vaxtlar beynəlxalq siyasətdə “yumşaq güc” termini mövcud olmasa da, məqsəd məhz bu idi. SSRİ yeni yaranmış dövlətlər üçün yeni elita yetişdirməyə başlamışdı: siyasətçilər, alimlər, həkimlər, mühəndislər — ümid edirdilər ki, onlar vətənə qayıtdıqdan sonra öz ölkələrini sosializm yoluna yönəldəcək və bununla da SSRİ-nin müttəfiqlərinə çevriləcəklər.

Artıq 1961-ci ildə universitetə Patris Lumumbanın adı verildi. Bu, acı bir istehza idi: faktiki neokolonializm aləti kimi düşünülmüş qurum dekolonizasiya ikonasının adını daşıdı. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada