Logo
news content
User
Kateqoriyalar

Analitika

Zəngəzur üçün Suriya sürprizi
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı?

Cəmi 4 ay əvvəl Zəngəzur dəhlizini özünün qırmızı xətti elan edən və bu dəhlizin açılmasına qarşı çıxan İran artıq mövqeyini dəyişib. Bu məsələdə sistemli olaraq Ermənistanın mövqeyindən çıxış edən və yolun açılmasını özünün suverenliyinə təhdid kimi qiymətləndirən rəsmi Tehran indi daha yumşaq mövqe sərgiləmək fikrinə düşüb. Yumşaq desək, mövqeyində “taktiki dəyişiklik” etmək qərarına gəlib.

Əvvəlcə Tehranın yeni mövqeyinə nəzər salaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxın günlərdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək. O, Zəngəzur dəhlizinin “siyasi məsələ olmadığını” deyib, onu “iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələ” adlandırıb: “İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.

Əcəba, niyə? Məsələnin həlli bu qədər asan idisə, isterik etirazlar nə üçün idi? Bəlkə Suriyada Bəşər Əsəd rejminin devrilməsindən sonra bölgədə ciddi nüfuz itkisi yaşayan İran artıq region dövlətlərinin mövqeyini nəzərə almağa çalışır? Yoxsa bu xoş məram nümayişinin arxasında hansısa başqa niyyət dayanır?

Politoloq Xaqani Cəfərli Pressklub.az-a açıqlamasında deyir ki, Bəqayinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasının Tehranın bu günə qədərki mövqeyindən fərqlənməsinin iki səbəbi var: "İranın xarici siyasəti çox böyük məğlubiyyətlə üzləşib. Bir neçə on il ərzində yüzlərə milyard dollar xərclənərək həyata keçirilən siyasətdə əldə edilən “nəticə” bir neçə ayın içərisində İsrail tərəfindən məhv edilib. İran belə ağır məğlubiyyətin altında əzilir və zamanla bu, daha ciddi xarakter alacaq. İranın Zəngəzur dəhlizinə etiraz etmək və ya onun reallaşmasının qarşısını almaq üçün yetərli gücü qalmayıb. İranın hərbi-siyasi rəhbərliyində bu gerçəkliklə barışmaq istəməyənlər olsa da, bunu artıq dərk edənlər də var".  

Politoloq deyir ki, hazırda İranın siyasi elitasında ikitirəlik yaranıb. Ali rəhbərə bağlı qurum və şəxslər əvvəlki kursu davam etdirməyə çalışırlar. Prezident Məsud Pezeşkianın komandasında yer alan şəxslər isə reallıqlara uyğun siyasətin tərəfdarıdırlar. Lakin bunu həyata keçirəcək yetərli gücləri yoxdur. Ona görə də İsmayıl Bəqayinin fikirlərini nəzərə almaqla, digər tərəfin mövqeyinin nədən ibarət olacağını izləmək lazımdır. Yəni, Tehranın siyasətində ciddi dəyişiklik baş verdiyini düşünmək doğru olmaz. İranda ciddi siyasi dəyişikliklər baş verənə kimi ikitirəlik qalacaq. 

"Bütövlükdə isə Rusiya və İranın zəifləməsi Azərbaycanın hədəflərini, o cümlədən Zəngəzur dəhlizi layihəsini həyata keçirmək üçün münbit zəmin yaradıb. Belə demək olar ki, Azərbaycan Zəngəzur dəhlizi kimi layihələrini həyata keçirmək üçün İranın və yaxud Rusiyanın nə deyəcəyini artıq gözləməməlidir. Əksinə, Rusiya və İranın bundan sonra da zəifləməkdə davam edəcəyini nəzərə alaraq, siyasətini buna uyğun yeniləməlidir", - X.Cəfərli vurğulayıb.

Hərbi-siyasi ekspert Azad İsazadə də hesab edir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Söhbət zamandan gedir: "İran da özünü ortaya atır ki, regional dövlət kimi Cənubi Qafqazda gedən proseslərdə o da nəzərə alınsın. İran ona görə narahatdır ki, dəhliz açılsa, İran-Ermənistan yolu ilə kəsişmə yaranır və nəzarətsiz bölgədəki qaçaqmalçılıq, narkotik və silah tranziti nəzarət altına düşəcək. Ən azı Azərbaycanın və Türkiyənin nəzarəti altına".

Müsahibimiz deyir ki, Suriyadakı rejim dəyişikliyi İranın Yaxın Şərqdəki mövqelərinə təsir edib. İran çalışır ki, Türkiyə ilə istər Suriya, istərsə də Cənubi Qafqaz məsələsində hansısa razılığa gəlsin: "İranın mövqeyi yumşaldığı kimi, Ermənistanın da mövqeyi zəifləyir. Hələ Ermənistan bunu büruzə vermir, çünki Fransanın mövqeyini nəzərə alır. O istəmir ki, Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqəsi daha da genişlənsin. Bir də, Tehran anlayır ki, Trampın hakimiyyətə gəlməsi ona yaxşı heç nə vəd etmir. Ona görə də çalışır ki, regionda daha sabit mövqedən çıxış etsin, həmsərhəd ölkələrlə əlaqələri yaxşılaşdırsın”.

Burla