Logo
news content
User
Kateqoriyalar

Analitika

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?
Ekspert: Azərbaycan “real-politik” çərçivəsində ölkənin necə davranmalı olduğunu nümayiş etdirir

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 25-də gözlənilmədən Azərbaycana səfər edib. İlham Əliyevlə görüş Qəbələ şəhərində baş tutub.

Ukrayna prezidentini geniş tərkibli nümayəndə heyəti, o cümlədən xarici işlər naziri müşayiət edib. Səfərin yekunlarına əsasən iki ölkə arasında altı sənəd imzalanıb. Azərbaycan tərəfi Ukraynaya humanitar yardım kimi beş elektrobus təqdim edib. Eyni zamanda dron əleyhinə texnologiyalar və müdafiə sənayesi məhsullarının birgə istehsalı sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Danışıqların gündəliyində təhlükəsizlik, energetika və humanitar əməkdaşlıq məsələləri əsas yer tutub.

Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib, Əliyev isə Kiyevlə əməkdaşlığın “çox möhkəm siyasi əsaslara” malik olduğunu vurğulayıb.

Rəsmi Bakı və Kiyev son illər enerji və humanitar yardım, eləcə də ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası kimi sahələrdə davamlı əlaqələr saxlayır.

Rəsmi mənbələr imzalanan sənədlərin tam siyahısını dərhal açıqlamasa da, Zelenski və İlham Əliyevin bəyanatlarından aydın olub ki, prioritet istiqamətlər müdafiə sənayesi, təhlükəsizlik, birgə istehsal, energetika və digər ikitərəfli sahələrdir.

Zelenski qeyd edib ki, “bu gün bir nömrəli istiqamət təhlükəsizlikdir”, Əliyev isə hər iki ölkədə hərbi-sənaye kompleksinin inkişafını vurğulayıb.

İki ölkənin danışıqlarının gündəliyinin əsas elementlərindən biri Ukraynanın Azərbaycana öz hərbi təcrübəsini ötürməsi olub.

Zelenskinin ofisi bildirib ki, o, artıq Azərbaycanda fəaliyyət göstərən ukraynalı ekspertlər qrupu ilə görüşüb. Məlumata görə, bu qrup hava məkanının və kritik infrastrukturun qorunması, mülki obyektlərin hava hücumlarından müdafiəsi, mövcud imkanların qiymətləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin hazırlanması ilə məşğuldur.

Siyasi baxımdan ən diqqətçəkən bəyanat Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına aid olub. Zelenski bildirib ki, Ukrayna Rusiya ilə üçtərəfli danışıqlara hazırdır və “əgər Rusiya diplomatiyaya hazırdırsa”, belə görüşlər yaxın gələcəkdə Azərbaycanda da keçirilə bilər.

Maraqlıdır, əldə olunmuş razılaşmalar və imzalanan sənədlər Kiyev üçün nə dərəcədə əhəmiyyətlidir? Bəs, Bakı üçün hansı əhəmiyyət daşıyır? Səfərin əsas məqsədi və nailiyyəti nə idi – hərbi-sənaye əməkdaşlığı ilə bağlı razılaşma? Eyni zamanda, səfərin əvvəlcədən elan olunmaması nə ilə bağlı ola bilər? Təhlükəsizlik tədbirləri ilə? Prezidentlərin görüşünün Bakıda deyil, Qəbələ kimi dağlıq şəhərdə keçirilməsi də sual doğurur.

Və bu səfər hansı səbəbdən Bakı ilə Moskva arasında siyasi dialoqun yenicə bərpa olunmağa başladığı bir vaxtda baş tutub? Yəni Rusiya rəhbərliyinin dolayısı ilə öz günahını etiraf edib vurulan mülki təyyarədə həlak olanların ailələrinə kompensasiya ödəməyə razılaşmasından dərhal sonra. Ona görə dolayısı ilə ki, Rusiya tərəfi hələ də sərnişin təyyarəsinə atəş açılmasında iştirak edən heç bir hərbçini cəzalandırımayıb.

Bu, Azərbaycan rəhbərliyinin Rusiyanın son addımların baxmayaraq tam müstəqil siyasət yürüdəcəyi və şimal qonşusunun mövqeyini nəzərə almayacağı ilə bağlı hansısa mesajı kimi qiymətləndirilə bilərmi? Xatırladaq ki, Rusiyanın 2022-ci ildə təcavüzündən sonra Ukraynanın şərqində yerləşən postsovet ölkələrindən heç biri Zelenskini qəbul etməyə cəsarət etməyib. Ukrayna lideri isə Azərbaycana bundan əvvəl sonuncu dəfə 2019-cu ilin dekabrında səfər etmişdi.

Zelenskinin Ukrayna ilə Rusiya arasında danışıqların Azərbaycanda təşkil olunması ilə bağlı bəyanatı nə ilə əlaqədardır? Ümumiyyətlə, yuxarıda qeyd olunan bütün amilləri nəzərə alsaq, belə vasitəçilik nə dərəcədə realdır?

Pressklub.az-a suallarını cavablandıran Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, Azadlıq Radiosunun jurnalisti Vadim Dubnovun (Praqa) fikrincə, Azərbaycan sanki yeni neytrallıq formulunu göstərmək qərarına gəlib və “real-politik” çərçivəsində ölkənin necə davranmalı olduğunu nümayiş etdirir. 

Azərbaycan bir tərəfdən, ona zaman və şəraitin açdığı imkanları inkişaf etdirir. Belə görünür ki, bu günlərdə Zelenskiyə açıq şəkildə mehriban münasibət göstərmək, xüsusilə də Moskva ilə müəyyən barışıqdan sonra onu Qəbələdə qəbul etmək mümkündür.

Məncə, burada coğrafiya və ya toponimikanı dramatikləşdirməyə dəyməz. Bu, bəlkə də, keçmiş radiolokasiya bazasına işarədir, amma bunun əhəmiyyətini şişirtməzdim. Əsas məqam odur ki, eyni zamanda Zelenski ilə (faktiki olaraq Moskvanın düşməni ilə) qardaş kimi görüşmək və bununla belə Moskvanın qəzəbinə gəlməkdən qorxmamaq mümkündür. Məncə, Azərbaycan burada mövcud situasiyanın verdiyi imkanlardan çıxış edir”, – ekspert bildirib.

O hesab edir ki, burada Əliyevin Tbilisiyə səfərini və Moskva ilə münasibətlərin yumşalmasını da nəzərə almaq lazımdır, çünki bunlar eyni formulun tərkib hissələridir. “Ehtimal ki, buraya Qazaxıstan neftinin “Drujba” kəməri ilə Avropaya nəqlinin dayandırılması ətrafındakı intriqa da daxildir. Maraqlı proseslər gedir: bir tərəfdən, Avropa müharibədən yorulduğu və enerji problemlərinin uzunmüddətli olduğunu anladığı üçün mövqeyini dəyişir. Digər tərəfdən, Moskva da mövqeyini dəyişir və hələ dünən rəqib saydığı oyunlarda iştirak etməyə hazırdır.

Məsələn, mən ehtimal edirəm ki, Əliyevin Tbilisiyə səfərinin mövzusu Rusiya ilə bağlı layihələrdə iştirak kimi həssas məsələ ola bilər. Düşünürəm ki, bunu Əliyevlə yalnız İvanişvili müzakirə edə bilərdi.

Zəngəzur (və ya Sünik) dəhlizinin yaxın zamanda açılmayacağı üçün tamamilə mümkündür ki, Moskva Bakı–Tbilisi–Qars dəmir yolundan və Bakı–Tbilisi–Ceyhan neft kəmərindən istifadə etməyə hazırdır. Bu, Azərbaycan üçün də sərfəlidir, çünki hazırda üçdə biri boş qalan boru xəttini doldurmağa imkan verəcək. Şübhəsiz ki, bu layihələr Moskva üçün rəqib layihələrdir, amma müvəqqəti həll kimi buna razı ola bilər.

Beləliklə, Azərbaycan hazırda bütün bu faktorlardan istifadə edir və mövcud vəziyyətin ona açdığı imkanları genişləndirir”, – Dubnov qeyd edib.

Rauf Orucov