Logo
news content
User
Kateqoriyalar

Analitika

Yoluxmada yeni rekord

 Bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 058, ötən müddət ərzində isə ümumilikdə 4 003 650 test aparılıb.

Bu gün açıqlanan yoluxma sayı narahatlığı artırıb. Yoluxmada yenidən 1000 rəqəminə yaxınlaşırıq. Nə baş verir? Bundan sonra proses necə cərəyan edəcək? Əgər yoluxanların sayı artan temp üzrə davam edərsə, yenidən qapanmalara gedilə bilərmi?

Tanınmış uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl “Press Klub”a açıqlamasında yoluxma sayının birdən-birə bu qədər artmasının səbəbini epidemiyanın qaydası ilə əlaqələndirdi:

“Çünki epidemiyanın qaydası budur. Bu, dalğalar şəklində gəlir. Ona görə də yoluxma sayının artacağı gözlənilirdi. Mən elə əvvəldən yoluxma sayının avqustun ortasından başlayaraq artacağını demişdim. Düzdür, yoluxma sayının artması bir qədər tez baş verdi, proqnozum tam olaraq tutmadı. Amma tendensiyanı bilirik. Gözləyirdik ki, Azərbaycanda da yeni dalğa başlayacaq, yoluxmaların sayı arta-arta gedəcək...”

Həkim bildirdi ki, əsas məsələ aktiv yoluxmuş insan sayının nə qədər olmasıdır:

“Aktiv yoluxmuş insan sayına görə müəyyən məhdudiyyətlər gətirilə bilər. Amma hansı məhdudiyyətin olacağı barədə dəqiq proqnoz verə bilmərəm”.

V. İsmayıl bundan sonra yoluxanların sayının artacağını söylədii:

“Amma vaksinasiyanın sürəti ümidvericidir. Ölkəmizdə vaksinasiya tempi aşağı olsaydı, vəziyyət qonşularımızdakı kimi acınacaqlı olardı. Gürcüstan, Ermənistan və Rusiyada vəziyyət daha pisdir. İranda xəstəlikdən ölənlərin sayı səksən mini keçdi. Rusiyada gündəlik minimal ölüm sayı 800-900-dür. Məncə, o qədər də ciddi və sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur”. 

Həkim-radioloq Aydın Əliyev “Press Klub”a şərhində budəfəki vəziyyətin fərqli olduğunu qeyd etdi:

“Hazırda yoluxma sayının önəmi yoxdur. Önəmli olan yoluxanların içərisində neçə faiz insanın xəstəliyi ağır keçirməsidir. Əgər xəstəliyi ağır keçirənlərin sayı beş faizdirsə, o zaman heç bir narahatlığa əsas yoxdur. Yox, əgər xəstəliyi ağır keçirənlərin sayı çoxdursa, o zaman təlaşlanmaq lazımdır. Rəsmi qurumlar həmin faizi açıqlamalıdır. Təəssüf ki, rəsmi qurumlar bu barədə məlumat vermir”.

Həkimin sözlərinə görə, əsas məsələ yoluxanların sayı deyil, onların içərisində ağırlaşanların sayıdır:

“Çünki əvvəlki vaxtlarda biz xəstəliyi tanımırdıq və əvvəlki ştamların ağırlaşması indikindən çox idi. Virusun yoluxuculuğu artdıqca, öldürücülüyü azalır. Ona görə də, çox da təlaşlanmağa əsas yoxdur. Amma rəsmi qurumar ağırlaşanların sayını açıqlamalıdır”.

A.Əliyev vaksinasiyanın yoluxmanın deyil, ölümün qarşısını aldığını vurğuladı: 

“Populizmə getməməliyik. Dediyim kimi, biz həqiqətlə hesablaşmalıyıq. Əgər yoluxanlar arasında ağırlaşanların faizi azdırsa, heç bir qapanmaya, sərt tədbirlərə ehtiyac yoxdur”.

Ülviyyə Şahin