Logo
news content
User
Kateqoriyalar

Analitika

Yoluxma artır, karantin uzadılır…

Azərbaycanda koronavirusa yoluxmada yuxarıya doğru trend davam edir. Əgər avqustun əvvəli gündəlik yoluxma 600-700 nəfər arasında idirsə, indi bu rəqəm dəfələrlə artıb. Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirdi ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.

Hazırda Azərbaycanda vurulan peyvəndlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.

Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Kluba”a şərhində qeyd etdi ki, avqust ayında epidemioloji vəziyyətin bu cür pisləşməsi barədə heç kim proqnoz vermirdi:

“Bu cür hal hamı üçün gözlənilməz oldu. Hamı sentyabrın ilk həftəsindən başlayaraq yoluxanların sayının artmasını və pik nöqtənin senytabrın sonu və oktyabrın əvvəli olacağını düşünürdü. Amma gözlənilənin tam əksi oldu”. 

Həkim ölkəmizdə yoluxanların sayının bu templə artmasının bir çox səbəbləri olduğunu söylədi:

“Ən böyük səbəblərdən bir odur ki, Delta ştammına yoluxanların sayı 94 faizdir. Delta ştammı yeni modifikasiyalı virusdur. Çin dövlət səviyyəsində elan etdi ki, “Sinovac” peyvəndi Delta ştammına heç bir təsir göstərmir. Bizdə isə vurulan peyvəndlərin böyük əksəriyyəti “Sinovac”dır. Səbəblərdən biri də budur. “Sinovac” insanları Delta ştammından qorumur, amma ölüm faizinin kifayət qədər aşağı düşməsinə yardımçı olur. Bu da onu göstəririk ki, heç nəyə baxmayaraq, peyvəndlənmə sürətlə davam etməlidir”.

M.Hüseynov Operativ Qərargahın hələlik təmkinli davrandığını vurğuladı:

“Bunun doğru olduğunu düşünürəm. Bundan sonra hər hansı qapanma, sərt tədbirlərin həyata keçirilməsi tərəfdarı deyiləm. Həmin tədbirlərin heç bir effekti olmayacaq. Çünki yoluxma sayının yaxın zamanlarda yenidən azalacağını proqnoz edirəm. Hər kəs özünü qorumalıdır. İnsanlar hökumətin sərt tədbirlər tətbiq etməsini gözləməməlidir. Açıq havada, idman edərkən, insanların sıx olmadığı yerlərdə tibbi maskadan istifadə etmək məcburi deyil. Biz demirik ki, həmin yerlərdə mütləq maskadan istifadə edilməlidir. Qapalı məkanlarda, əhalinin çox sıx olduğu yerlərdə imkan daxilində tibbi maskadan istifadə etmək lazımdır. Yas və qonaqlıq mərasimləri kimi tədbirlərdən mümkün qədər uzaq olmaq lazımdır. Qidalanmamıza diqqət yetirsək, təxminin iki-üç həftə sonra yoluxmada masimum artımı görüb, daha sonra azalmanı müşahidə edəcəyik. Bir sözlə, insanlar yalnız və yalnız özlərini qorusun! Hər kəs özünü qorusun ki, sentyabrın 15-də stabil vəziyyətlə qarşılaşa bilək”.

Həkimin sözlərinə görə, daha sonra mövsümi respirator xəstəliklərin artması ilə əlaqədar yenidən yoluxmaların sayı arta bilər:

“Bu isə artıq proqnozlaşıdırılan vəziyyətdir. Əsas məsələ indiki proqnozlaşdırılmayan vəziyyəti təhlil etməkdir. Bu saatdan sonra heç bir tədbirin xeyri olmayacaq, yalnızca özümüzü qorumalıyıq”.

Həkim-radioloq Aydın Əliyev isə “Press Kluba”a açıqlamasında verdiyi təkliflərin nəzərə alınmadığını bildirdi:

“Təəssüf ki, verdiyimiz təklifləri nəzərə almırlar. Yoluxma sayından daha vacib olan ağır xəstələrin sayıdır. Bunun faiz nisbətini çıxarmaq lazımdır ki, vəziyyətin hansı həddə olduğunu bilək. Ola bilər ki, yoluxma sayı on min olsun, ağırlaşan və ölənlərin sayı 0,4- 0,5 faizdirsə, o zaman heç bir panikaya əsas yoxdur. Çünki xəstələnənlərin az faizi dünyasını dəyişir. Keçən il yoluxanların sayı ilə bu gün yoluxanların sayına nəzər salsaq, ölənlərin sayına baxsaq, təlaşlanmağa gərək qalmır. Məsələn, bir neçə gün əvvəl yoluxma sayı dörd mini keçmişdi, amma ölənlərin sayı iyirimi nəfər idi. Əvvəlki alovlanmada isə dörd min civarında olan yoluxanların arasında təxminən qırx nəfər ölüm halları var idi”.

Həkimin qənaətinə görə, vəziyyəti çətinləşdirən məqamlardan biri də saxta peyvənd pasportlarının olmasıdır:

“Açıqlanan beş milyon peyvənd olunmuş insanların içərisində təxminən qırx faizi saxta peyvənd pasportu alanlardır. Statistika verilir ki, bu qədər insan peyvənd olunub, amma reallıqdakı rəqəmlər isə fərqlidir. Xəstələrim olub ki, pnevmoniya keçirib, COVİD-19 pasportları da var idi. Həmin xəstələrdən soruşmuşam ki, “siz həqiqətənmi peyvənd olunmusunuz”, onların mənə cavabı “xeyr, pasportu pulla almışıq” oldu. Belə hallar yolverilməzdir”.

Ülviyyə Şahin