Logo
news content
User
Kateqoriyalar

Analitika

Yaxın Şərq partlayış həddində: “Epik Qəzəb” yenidən alovlana bilər
İsrailli professor: Hadisələr çox sürətlə dəyişə bilər

ABŞ və İsrailin İrana qarşı tammiqyaslı müharibəni yenidən başlatmaq ehtimalı kəskin diplomatik mərhələyə daxil olub. 2026-cı il fevralın 28-də aktiv hərbi əməliyyatların başlanmasından və sonrakı operativ fasilədən sonra ABŞ prezidenti Donald Tramp yeni saziş mətnini Tehrana təqdim edib və ultimatum irəli sürərək eskalasiyanın qarşısını almaq üçün İran tərəfdən “düzgün cavablar” gözlədiyini bildirib.

Tramp bəyan edib ki, ABŞ mümkün qədər qısa müddətdə sülh yolu ilə nizamlanmaya hazırdır, lakin yekun sənəd imzalanana qədər İrana qarşı sanksiyaların yumşaldılmayacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı nizamlanma şərtləri və gələcək birgə addımlar barədə ABŞ-la birbaşa və gərgin məsləhətləşmələr aparır.

İran tərəfi Vaşinqtonun təqdim etdiyi saziş mətnini qəbul edib, lakin İslam İnqilabı Keşikçiləri Korpusu hücumların davam edəcəyi təqdirdə Yaxın Şərqdəki münaqişənin region hüdudlarından kənara çıxacağı ilə hədələyib.

Hazırda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq ehtimalı yüksək qiymətləndirilir (50 faizdən çox). Tərəflər vasitəçilər üzərindən gərgin diplomatik danışıqlar aparmaqla yanaşı, kövrək atəşkəs vəziyyətindədirlər. Vaşinqtonun sərt ultimatumları və İsrailin kompromissiz mövqeyi səbəbindən vəziyyət “Epik Qəzəb” (Epic Fury) əməliyyatının yenidən başlanması həddindədir.

Prezident Donald Tramp Pakistan vasitəsilə təqdim etdiyi yeni saziş layihəsində İrandan 400 kiloqram zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını, bir obyekt istisna olmaqla bütün nüvə müəssisələrinin bağlanmasını və Tehranın hərbi reparasiyalardan imtina etməsini tələb edir. Bunun müqabilində Vaşinqton İran aktivlərinin yalnız 25 faizinin dondurulmasını aradan qaldırmağa hazır olduğunu bildirir.

Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin diplomatiyaya şans verilməsi çağırışından sonra İrana bu həftə planlaşdırılan təkrar zərbəni müvəqqəti olaraq təxirə salıb.

ABŞ rəhbərliyi bəyan edib ki, Tehrandan “düzgün cavablar” almaq üçün cəmi bir neçə gün gözləməyə hazırdır. Bundan sonra hərbi əməliyyat dərhal bərpa oluna bilər.

Baş nazir Benyamin Netanyahu isə diplomatiyaya skeptik yanaşır və qapalı müzakirələrdə İranın nüvə infrastrukturunun tam məhv edilməsi üçün güc variantında israr edir.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edib. Müdafiə qurumunun açıqlamalarına görə, Ağ Evdən “yaşıl işıq” alan kimi İsrail aviazərbələri dərhal bərpa etməyə hazırdır.

İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xəbərdarlıq ediblər ki, zərbələr yenidən başlanacağı təqdirdə İran “proqnozlaşdırılması mümkün olmayan sürprizlərlə” cavab verəcək və döyüş əməliyyatlarının coğrafiyası Yaxın Şərqin hüdudlarından xeyli kənara çıxacaq.

Danışıqlar müddətində Hörmüz boğazının qarşılıqlı blokadası davam edir ki, bu da artıq dünya neft daşımalarının təxminən 20 faizini iflic edib və qlobal enerji böhranına səbəb olub. Bununla yanaşı, ABŞ diplomatların fəaliyyəti dövrü üçün İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti zəiflədib.

Əgər İran ABŞ-ın ultimatumunu rədd edərsə, Pentaqon və İsrail Müdafiə Qüvvələri hücumların yeni mərhələsini planlaşdırır. Bombardmanlarla yanaşı, yeraltı uran anbarlarının ələ keçirilməsi üçün xüsusi təyinatlı qüvvələrin cəlb olunması da nəzərdə tutulur.

Əgər Tehran nüvə proqramı ilə bağlı qismən güzəştlərə getsə, İsrail hökumətinin müqavimətinə baxmayaraq, atəşkəs rejimi uzadıla bilər.

Hazırda qismən “dondurulmuş müharibə” ətrafında hadisələrin ən real inkişaf ssenarisi necə görünür? Müharibə yenidən alovlana bilərmi? Hansı səbəbdən? Əgər ayətullah rejimi özünü “küncə sıxışdırılmış siçovul” vəziyyətində hiss etsə, bu müharibə İran ətrafındakı daha çox ölkəni də əhatə edə bilərmi?

Pressklub.az-ın suallarını cavablandıran tanınmış israilli politoloq, Bar-İlan Universitetinin professoru Zeev Haninin sözlərinə görə, əslində heç kim hərbi əməliyyatların yenidən başlayıb-başlamayacağını dəqiq bilmir.

Məncə, ümumilikdə nə Vaşinqtonda, nə də Yerusəlimdə hadisələrin yaxın günlərdə necə inkişaf edəcəyini tam şəkildə deyə bilmirlər.

Hazırda aydın görünən odur ki (əlbəttə, bu mənim subyektiv fikrimdir), Donald Tramp bu mərhələdə hərbi əməliyyatların yenidən başlanmasında maraqlı deyil. Bu, həm noyabrda keçiriləcək Konqres seçkiləri ilə, həm də neft qiymətlərinin artımı ilə bağlıdır. Neftin bahalaşmasının başlanğıcda gözlənildiyi qədər dramatik olmamasına baxmayaraq, bunu da nəzərdən qaçırmaq olmaz. Ağ Ev komandası üçün vacibdir ki, noyabra qədər İran mövzusu bu və ya digər şəkildə bağlansın.

Tehranda da bu mövqeyi qiymətləndirir, ABŞ-ın maraqlarını hesablayır və müxtəlif hədələyici bəyanatlar səsləndirirlər. Açığını desəm, həmin bəyanatların arxasında ciddi heç nə dayanmır. Onlar çox yaxşı anlayırlar ki, əgər yaxın günlərdə olmasa da, ən azı yaxın perspektivdə “Mossad” və ABŞ xüsusi xidmət orqanları onların hər birini aradan götürə bilər. İran rəhbərlərini guya ən əlçatmaz yerlərdə gizlətməyə çalışırdılar, amma bu da kömək etmədi. Buna görə də hazırkı mərhələdə gördüyümüz mənzərə real niyyətlərin göstəricisindən daha çox, bəyanatlar və təhdidlər mübadiləsidir.

Qeyd etmək istədiyim ikinci məqam odur ki, amerikalılar artıq mümkün və qeyri-mümkün olan bütün güzəştlərə gediblər. Yəni faktiki olaraq İranla bağlı tələblərdən ballistik raket proqramı, Tehranın öz proksi qüvvələrinə – “Hizbullah”, HƏMAS, Suriya və İraqdakı şiə qruplaşmalarına, Yəmən husilərinə və digərlərinə dəstəkdən imtina etməsi kimi məsələlər çıxarılıb. Əslində, ABŞ artıq bunları tələb etmir.

Üstəlik, amerikalılar İranın dollar aktivlərinin dörddə birinin dondurulmasını aradan qaldırmağa da hazırdırlar və bunu faktiki olaraq avans kimi edirlər. Mən deyərdim ki, bu, doğrudan da avansdır. Çünki əsas məsələ zənginləşdirilmiş urandır və bu, indiki İran rəhbərliyinin identikliyinin bir hissəsidir.

Əsas müzakirə də məhz bunun ətrafında gedir”, – professor bildirib.

Onun sözlərinə görə, nəzərə alınmalı olan üçüncü məqam İsrailin və körfəzdəki ərəb ölkələrinin səbrinin tükənmək üzrə olmasıdır.

Və aydındır ki, tədricən Yaxın Şərqdə ABŞ-ın himayəsi altında yeni kollektiv təhlükəsizlik modelinin formalaşdırılması prosesi gedir. Əvvəllər söhbət ABŞ–İsrail–Səudiyyə blokuna daxil olan ölkələr üçbucağından gedirdisə, indi gördüyümüz kimi, müəyyən ikitərəfli proseslər baş verir. Əvvəlki illərdə bunun ən parlaq nümunəsi İsrail–Ellin ittifaqı (İsrail, Kipr və Yunanıstan) idi. Amma indi məlum olduğu kimi, İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə münasibətlərinin mərhələli şəkildə gücləndirilməsi prosesi gedir. Halbuki Yaxın Şərq ölkələri arasında İranın təcavüzündən ən çox zərər çəkən məhz BƏƏ olub.

İsrail rəhbərliyi həm təhlükəsizlik baxımından, həm də siyasi maraqlara görə hərbi əməliyyatların yenidən başlanmasında maraqlıdır. Heç olmasa ona görə ki, İsrail cəmiyyətində bu müharibənin İran rejimi devrilmədən başa çatması ilə bağlı ciddi məyusluq var. Yəni orada siyasi elitalar arxa plana keçib və hakimiyyət hərbi-dini elitanın – İslam İnqilabı Keşikçiləri Korpusunun əlinə keçib. Ağ Evin hazırkı rejimlə dialoqa hazır olması, onun dəyişdirilməsini nəzərdə tutmaması və bəlkə də bunun hərbi əməliyyatlardan bir neçə ay sonra öz-özünə baş verəcəyini gözləməsi israilliləri az qane edir.

Üstəlik, əslində müharibə bitsə də, döyüşlər davam edir. Livanda müharibə hələ də gedir və bu, kifayət qədər iri miqyaslı xarakter daşıyır. O mənada iri miqyaslıdır ki, “Hizbullah” kifayət qədər geniş fəaliyyət göstərir. Donald Trampın 45 gün uzatdığı atəşkəs razılaşması mövcuddur. Amma beynəlxalq səviyyədə tanınmış İsrail-Livan sərhədi ilə Litani çayı arasındakı təhlükəsizlik zonasında İsrail ordusunun  hərbçilərinə qarşı atəşlər dayanmır. Bu mənada İsrail ordusunun əlləri bağlıdır.

Əslində söhbət Livan şiə terrorçularının əsas bazalarının yerləşdiyi ərazilərə müdaxilədən getməli idi. Bu baxımdan demək olar ki, oyun müəyyən mənada bir qapıya gedir. Amma aydındır ki, şimal istiqamətində – sərhədlərimizin təhlükəsizliyi baxımından problemin tam həlli Tehrana münasibətdə hansı siyasətin yürüdüləcəyindən və ABŞ-ın hücuma qərar verib-verməyəcəyindən asılıdır.

Təbii ki, əgər iranlılar təşəbbüsü ələ alıb İsraili atəşə tutmağa başlamasalar. Belə olarsa, əlbəttə, cavab vermək lazım gələcək və amerikalılar da bu cavaba qoşulacaqlar. Bu, üçüncü məqamdır.

Amma mənə elə gəlir ki, ən azı yaxın bir neçə gündə müharibənin yenidən başlanması ehtimalı azdır. Mən deyərdim ki, “bəli”dən daha çox “xeyr” ehtimalı var. Amma bir daha vurğulayıram ki, hadisələr çox sürətlə dəyişə bilər”, – Hanin yekunlaşdırıb.

Rauf Orucov