Logo
news content
User
Kateqoriyalar

Analitika

Xidmət sektorunda böhran

Ülviyyə Şahin

Koronavirusun bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox zərbə vurduğu sahələr turizm və ümumilikdə xidmət sektorudur. Əgər virusun yayılması dayandırılmasa, 2020-ci ildə bu sahələr sözün əsl mənasında çöküş yaşayacaq və yalnız dövlət dəstəyi ilə ayaqda qala biləcək.

Son günlər xəbər və iddialar yayılmağa başlayıb ki, Azərbaycanın turizm, xidmət sektorunda artıq işdən çıxarmalar, ixtisarlar və işçilərin öz hesabına məzuniyyətə göndərilməsi halları müşahidə olunmağa başlayıb. Belə hallar varsa, bunun nə dərəcədə qanuni olduğu və işçilərin əmək hüquqlarının pozulmasının qarşısını almaq üçün hansı addımların atıldığını araşdırmağa çalışdıq.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirdi ki, agentliyə hələ ki belə problemlərlə bağlı rəsmi müraciətlər daxil olmayıb: “Biz monitorinq aparırıq. Otelçilər, turzim şirkətləri ilə mütəmadi görüşlər keçirilir, dünyada, o cümlədən də Azərbaycanda turizm sahəsində yaranmış vəziyyət barədə məsləhətləşmələr aparırıq.  Bizim məqsədimiz Azərbaycan turizminə dəyəcək ziyanın minimuma endirilməsidir. Ən çox zərbə bu günlərdə turizm sahəsinə dəyir. Bunun üçün də sahibkarlarla, dövlət strukturları ilə birgə mexanizmlər və təklif paketləri işləyib hazırlayırıq ki, sosial-iqtisadi çətinliklər minimuma endirilsin.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd olunan hallarla əlaqədar ona da məlumatlar daxil olduğunu söylədi: “Bəzi özəl qurumlar işçilərini evə buraxaraq, “öz hesabınıza buraxırıq, əməkhaqqı ödənilməyəcək” deyə bildiriblər. Bəli, bu sahədə problemlər başlayır və insanların əmək hüquqları pozulur. Biznes qurumları gərək belə vəziyyətlərdə işçiləri kompensasiya ilə təmin etsinlər. Hazırda özəl sektorda bu cür problemlər yaşanır. Bu, çox ciddi problemdir.”