Logo
news content
User
Kateqoriyalar

Analitika

“Xarici agent”in yeni missiyası: “Hər şey dağıla bilər...”
Kreml Veneditkovu Ermənistana nəyə göndərmişdi?

Ötən həftə Ermənistanın bütün mənalarda fərqli bir qonağı vardı - rusiyalı məşhur jurnalist, keçmiş “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov. Gələn ay 70 illik yubileyini qeyd edəcək jurnalist saç düzümü, ictimai mövqeyi ilə hazırki Rusiya siyasi elitasında nadir şəxslərdəndir. Onu fərqləndirən bir cəhət də Kreml tərəfindən rejimdən fərqli düşüncə sahiblərinə qarşı geniş istifadə olunan “xarici agent” yarğısı ilə damğalanmasına rəğmən, Moskvada rahat yaşamasıdır. İndi belələri ya Rusiyada həbsxanadadırlar, ya da Qərb ölkələrində mühacir həyatı yaşayırlar. Aleksey Navalnı kimi liderlər isə aradan götürülüb...

Aleksey Venediktov 2022-ci ildən – “Qazprom”un maliyyə dəstəyi ilə ayaqda duran “Exo Moskvı” radiosu bağlandıqdan sonra rəsmən işsizdir. Bu, Rusiyada bir mərhələnin bitdiyi dövrə təsadüf edir – artıq 3 ildir, Rusiyada informasiya resurslarında fərqli fikir səsləndirməyə, Ukraynaya qarşı müharibə ilə bağlı rəsmi propaqanda tezislərindən kənara çıxmağa icazə verilmir. Məşhur jurnalist üçün həyat darıxdırıcı olsa da, onun bəxti gətirdi, Kremldəki əlaqələri (Putinin köməkçisi Peskovla, “Qazprom” rəhbərləri ilə yaxın münasibətlərə malikdir) köməyə gəldi. Görünür, Veneditkov üçün Ukraynaya qarşı müharibə mövzusu bağlı olsa da, imperiyanın regiondakı digər maraqlarının təbliği üçün ona “iş tapılıb”. Axı o, yaxın keçmişi və düşüncələri ilə hələ də postsovet cəmiyyətləri üçün maraqlı fiqurdur, o Rusiya imperiya isteblişmentinin təmsilçiləri kimi hədə-qorxu dilində danışmır, Qərbi düşmən hesab eləmir, seçim etməyə çağırmır. Belə “vacib persona” gələn ilin iyununda Ermənistanda keçiriləcək taleyüklü parlament seçkiləri ərəfəsində Rusiya üçün çox əhəmiyyətlidir. Bəlkə ermənilər onun dediklərini diqqətə aldılar, yenidən düşünüb-daşındılar...

Onu İrəvanda pis qarşılamadılar, media hədsiz maraq göstərdi, Veneditkov isə fərqli üslubda Moskvanın tezislərini hələ də qeyri-müəyyənlik içində çırpınan erməni cəmiyyətinə ötürməyə başladı. Onun müsahibələri xüsusilə ABŞ-yə bağlı CivilNet platformasında yayımlanıb və geniş rezonans doğurub.

Venediktov müsahibələrində vurğulayıb ki, “Qarabağ problemi hələ bitməyib” və regiondakı proseslərdə İran, Rusiya və digər güc mərkəzlərinin təsiri hələ də əhəmiyyətlidir. O, həmçinin bölgədəki yeni reallıqlar fonunda Azərbaycan və Ermənistanın qarşılıqlı münasibətlərində diqqətli balansın vacibliyini qeyd edib.

Ermənistan mediası və analitik dairələr Venediktovun açıqlamalarını “köhnə imperiya düşüncəsi”, “nostalji” və “xalqlararası münasibətlərdə zərərli manipulyasiyalar” kimi dəyərləndiriblər. Analitiklər hesab edirlər ki, bu tip açıqlamalar regionda sülh prosesinə mane ola bilər və gərginliyi artırmaq potensialına malikdir.

Azərbaycan və beynəlxalq media isə Veneditkovun dediklərini Rusiyanın bölgədəki maraqlarını müdafiə cəhdi kimi şərh edib. Bununla belə, onun fikirlərinə rəsmi İrəvandan açıq cavab verilməyib. Bu isə göstərir ki, müsahibələr əsasən media müzakirələri və informasiya sahəsində rezonans doğurub, diplomatik müstəvidə hələlik reaksiyaya səbəb olmayıb. Erməni ekspertlər bildirirlər ki, belə açıqlamalar regionda fikir mübadiləsi yaratsa da, real siyasi qərar və sülh prosesinə təsiri hələ ki məhduddur.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, Veneditkov İrəvanda az qala bütün mediaya  - revanşitlərə, keçmiş siyasi elitaya yaxın KİV-lərə, ABŞ-yə yaxın mediaya müsahibələr verdi. “Amma fikir verin, Ermənistanda heç bir rəsmi şəxs ona müsahibə vermədi”, - ekspert bu məqama diqqət çəkir. 

Politoloq vurğulayır ki, Venediktov Rusiyada çox az sayda “xarici agent” damğası almış şəxslərdən biridir ki, hazırda Moskvada yaşayır: “Düşünürəm ki, o, seçkiqabağı dövrdə müəyyən sifarişləri həyata keçirir. Onun “Rusiya qayıdacaq”, “regiona nəzər yetirəcək” və s. kəlmələri ciddiyə alınmalıdır. Amma resurs baxımdan bu, Rusiya üçün çox çətin məsələdir. Bu gün hətta Ukrayna ilə müharibədə atəşkəs əldə olunsa belə Rusiya uzun müddət Qərb istiqamətində 600-800 minlik ordu saxlamalıdır. Çünki Finlandiya, İsveç də NATO üzvü olub, üstəlik, Ukrayna ilə təmas xətti çox böyükdür. Rusiyanın nə qədər ordusu olacaq ki, həm burada o qədər ordu saxlayıb, üstəlik Cənubi Qafqazda, Orta Asiyada fəallıq göstərsin? Yaxın 3-5 il ərzində bunun olacağına inanmıram”.

F.Məmmədov şübhə eləmir ki, Veneditkovun səfəri Ermənistanda seçkiqabağı dövrdə Paşinyan hakimiyyətinə qarşı olan qüvvələrin dəstəklənməsi məqsədi ilə təşkil olunub: “Ermənistan müxalifəti deyir ki, biz ABŞ ilə, Türkiyə və Azərbaycanla proseslərin hazırkı istiqamətdə getməsinə qarşıyıq. Rusiyada potensial hələ var, Qarabağ erməniləri mövzusunu yenidən qaldıra bilər. Beləliklə, Veneditkovun dedikləri onların dedikləri ilə üst-üstə düşür. Paşinyan nə deyir, bu da onun əskini deyir. Baş nazir deyir, münaqişə bitib, birgə bəyannamə imzalanıb, biz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıyıq, ABŞ-nin diqqətini öz üzərimizə çəkmişik, onlardan resurs alırıq, öz gələcəyimizi bu regionda müstəqil dövlət kimi davam etdirmək istəyirik. İndi bunu əksi nədir? Münaqişə bitməyib, Azərbaycan və Türkiyə ilə münasibətlərimizi heç bir formada düzəldə bilmərik, identikliyimizi dəyişə bilmərik... Sanki bizə və Türkiyəyə nifrət bunların identikliyinin kodudur. İndi qarşıdan gələn seçkilərdə biləcəyik ki, əslində bunların identikliyinin kodu nədir, Türkiyə və Azərbaycana qarşı baxışları nədən ibarətdir, bunları seçkidə görəcəyik. İndi bu tezisləri Rusiya propaqandistləri bir cür, Veneditkov isə fərqli dildə deyir. Deyir, nə danışırsınız, münaqişə bitməyib... Qarabağın səhra komandirləri Bakıda əsirlikdə ola-ola nə sülh... Sabah başqa məqamları da tapıb istifadə edə bilərlər. Məsələn, nə danışırsınız, sizin 200 kvadrat kilometr ərazinizi Azərbaycan işğal edib, belə sülh olar? Beləliklə, Veneditkov sülhə qarşı bu və ya digər bütün kontenti erməni cəmiyyətinə translyasiya edir”.

Fərhad Məmmədov Ermənistanda seçkiqabağı proseslərə diqqət çəkir. Bildirir ki, Rusiya Federasiyası Ermənistanda seçkilərə hazırlaşır, hazırda 3 qrup üzərində iş gedir: “Birinci Robert Köçəryan-daşnaklar, ikincisi Sarkisyan-Vanetsyan qruplarıdır. İkinci qrup çox zəifləyib, ola bilər Rusiya onların üzərindən xətt çəksin. Bir faktı xatırladım: 2021-ci ildə milyarder Qagik Sarukyan seçkidə iştirak edirdi. Ona Rusiyadan siqnal gəlmişdi ki, öz seçicilərini Serj Sarkisyana dəstəyə yönəltsin... İndi düşünürəm ki, Sarkisyanın partiyası çox zəifləyib, əsas birinci qrup - Köçəryan-daşnaklar ittifaqıdır. İndi Qagik yenidən ortaya düşüb və bir də həbsdə olan oliqarx Samvel Karapetyanı qoşublar. Çalışırlar, Gümrüdə ötən il uğurla baş tutmuş ssenarini təkrarlasınlar: 3 siyasi partiyanı parlamentə salıb, Paşinyanın partiyasını azlığa çevirsinlər. Görünür, Paşinyan da heç nədən çəkinmir, kimi lazımdır tutur, əmlakını alır. Onun hakimiyyətdə qalması siyasi rəqabət deyil, mövcudiyyət məsələsidir. Köçəryan da anlayır ki, məğlub olsalar, ona daha stavka olmayacaq. Son vaxtlar Rusiyada Köçəryan tərəfdarlarına yaxın biznesləri sıxışdırmağa başlayıblar ki, pulu az xərcləyirsiniz Ermənistanda... İndi baxıram, onlar elə həftə yoxdur ki, regionlarda humanitar yardımlar paylamasınlar. Bu addımlar seçkiyə hazırlıqdır, siyahıların indidən tərtib edilməsidir. Onlara mesaj verilib ki, ölüm-dirim mübarizəsidir”. 

Politoloq qeyd edir ki, regiona baxsaq, Gürcüstanda və Azərbaycanda ən vacib seçkilər arxada qalıb, iyundakı seçkidən sonra Ermənistanda da 5 il ərzində taleyüklü seçkilər olmayacaq: “Bu dövr ərzində regional konfiqurasiya tam olaraq dəyişə bilər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanar, Türkiyə ilə sərhədlər açılar, nəqliyyat-kommunikasiyaların tikilib istifadəyə verilməsi və regionun tam şəkildə transformasiyası baş verə bilər. Bu prosesdə hamı öz yerini və rolunu müəyyən etmək istəyir. ABŞ TRİP-dədir və öz rolunu artırır, Mərkəzi Asiyaya və istiqamət götürüb. Rusiya isə qalıb belə... Düzdür, Ermənistanda resursları var, onu seçkilər vasitəsi ilə artırmaq istəyir, İran isə bilmir neyləsin, nə oralıqdır, nə buralıq... Türkiyə isə artıq Azərbaycanın fəallığı hesabına regionda güclüdür. Onun perspektivi ona görə yaxşıdır ki, transformasiyalar türklərin maraqlarına uyğundur. Belə bir şəraitdə seçkilərə sərf olunan güc, resurs hədsiz çox olacaq. Bu, sülh prosesinə birbaşa təsir edən seçkidir”. 

F.Məmmədov vurğulayıb ki, Ermənistan müxalifəti seçkidə qalib gəlsə, hər şey mənfiyə doğru dəyişəcək. Sülh quruculuğu istiqamətində əldə olunan nəticələr dağılacaq və mövqelər tamamilə fərqli olacaq. 

Turqut